Azərbaycan ərazisində havanın qarlı-şaxtalı keçməsinə baxmayaraq "Azərişıq" ASC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışaraq baş verən qəzaları aradan qaldırır.
ASC-dən "İki sahil"ə verilən məlumata görə, sosial şəbəkələrdə bayram günlərində qurum əməkdaşlarının fəaliyyətini əks etdirən videogörüntülər yayılıb.
Kadrların Yardımlı və Lerik rayonları ərazisində çəkildiyi görünür.
Yardımlıda "Azərişıq" əməkdaşları 1 metrdən çox hündürlüyü olan qarın içində rayonun Dağ üzü kəndinə gedən yüksəkgərginlikli xətdə baş verən qəzanı aradan qaldırmağa çalışırlar. Hansı ki, məlum hava şəraiti səbəbindən həmin ərazidə avtomobillərin hərəkəti məhdudlaşıb.
Lerikdə isə 35/10 kV-luq Lerik yarımstansiyasından çıxan eyniadlı xətdə baş verən kəsinti ilə bağlı qurum əməkdaşları səfərbər edilib və qəzanın nəticələrini aradan qaldırır.
XXX
"Azərişıq" ASC-nin əməkdaşları qeyri-sabit hava şəraitində fəaliyyətlərini davam etdirir.
"İki sahil"ə ASC-dən verilən məlumata görə, qarlı, şaxtalı havada elektrik enerjisinin verilişində yaranan qəzalar aradan qaldırılır. Xüsusilə ucqar dağ kəndlərində işlərin çətinliyinə baxmayaraq, qarşıya qoyulan tapşırıqlar uğurla icra edilir.
Onu da qeyd edək ki, öncədən bütün ərazilərə əlavə mal-material göndərilib və maşın-mexanizmləri cəlb edilib.