20 mart 2022 19:09
626

FHN Siyəzəndə azan 4 nəfəri xilas edib

Siyəzən rayonu, Zarat kəndi istiqamətində dağlıq ərazidə qarlı və dumanlı hava şəraitində yollarını azaraq 4 nəfər köməksiz vəziyyətdə qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidməti Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən vətəndaşlar operativ olaraq dağdan təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək havaların qeyri-sabit və yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması, o cümlədən dağlıq ərazilərdə güclü qar yağması ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.