14 fevral 2022 19:27
2762

Hərbi Hava Qüvvələrinin 5 zabiti Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb FOTO

Fevralın 14-də Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Azərbaycan Hərbi Hava Qüvvələrinin peşə bayramına həsr olunmuş “Hava şahinlərimizin Vətən müharibəsinin qazanılmasında rolu” adlı tədbir keçirilib. 

“İki sahil” xəbər verir ki,  tədbirdə Hərbi Hava Qüvvələrinin və Azərbaycan Ali Hərbi Məktəbinin zabit heyəti, Müdafiə Nazirliyinin idarə və müəssisələrinin nümayəndələri, Birinci Qarabağ müharibəsində iştirak etmiş veteran helikopterçilər və Vətən müharibəsi zamanı döyüşlərdə qəhrəmancasına şəhid olmuş aviasiya zabitlərimizin ailə üzvləri iştirak ediblər.

Mərasimdə Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor, Vətən Müharibəsi Qəhrəmanı Namiq İslamzadə, muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Rəşad Nadirov, Birinci Qarabağ müharibəsinin iştirakçıları, helikopterçi Hüseyncan Əzimov, ehtiyatda olan mayor Sahib Əsgərov çıxış ediblər. Qeyd olunub ki, bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri günüdür. Azərbaycanın Hərbi Hava Qüvvələrinin formalaşdığı dövr ötən əsrin əvvəllərinə təsadüf edir. Hərb tariximizdən bizə məlumdur ki, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edərək qəhrəmanlıq nümunələri göstərib.

Birinci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı apardığımız hərbi əməliyyatlarda da helikopterçilərimiz 1993-cü ilin oktyabrında Kəlbəcərin işğalı zamanı 5 min nəfərin mühasirədən çıxarılmasında misilsiz qəhrəmanlıqlar göstəriblər. Bu fakt da Hərbi Hava Qüvvələrimizin tarixinə qızıl hərflərlə yazılası qəhrəmanlıq səhifələrindəndir. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi müstəqil respublikamızın milli hərbi təyyarəçilərinin ilk buraxılışını edib. Həmin buraxılışda çıxış edən ümummilli lider Heydər Əliyev demişdi: “Çox sevinirəm ki, indi milli şahinlərimiz var və sevinirəm ki, bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər. Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərən Hərbi Hava Qüvvələrinin 5 zabiti – Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Daha sonra Hərbi Hava Qüvvələrinə həsr edilmiş slayd şou nümayiş olunub.

Tədbirin bədii hissəsi Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin orkestrinin ifasında hərbi vətənpərvərlik mahnılarının səsləndirilməsi ilə davam etdirilib.