10 fevral 2022 13:33
526

AÇG-dən ötən il 23 milyon ton neft hasil edilib

Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda 23 mln. ton neft hasil edilib ki, bu da illik müqayisədə 2,54% azdır.

"İki sahil"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövrünün sonunda AÇG-də ümumilikdə 135 neft hasilat quyusu, 29 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

Hesabata görə, ötən il AÇG üzrə fəaliyyətlərə təqribən 533 mln. dollar əməliyyat məsrəfləri və 1 mlrd. 660 mln. dollar əsaslı məsrəflər xərclənib.

"2021-ci ildə AÇG-də 10 neft hasilatı və 4 injektor quyusu qazılıb", - hesabatda qeyd edilir.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-cü ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.