Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur. Bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən daha bir küçə əsaslı şəkildə təmir edilib. Söhbət Əlicabbar Orucəliyev küçəsindən gedir.
AAYDA-dan “İki sahil”ə verilən məlumata görə, Əlicabbar Orucəliyev küçəsinin əsaslı şəkildə təmir olunmuş hissəsinin uzunluğu 534 metr təşkil edir.
Bəzi hissələrdə genişləndirmə aparılmaqla icra olunan təmir işləri zamanı mövcud piyada səkiləri 960 kv. metr sahədə bərpa olunub, küçə boyu hər bir tərəfdə 1 040 p/m yeni səki daşı düzülüb.
Küçənin hərəkət hissəsinə 4 500 kv. metr sahədə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, 23 yeni yağış barmaqlığı quraşdırılıb, kommunikasiya xətlərinin 13 baxış qapağı yenisi ilə əvəz olunub.
Son mərhələdə isə küçə zəruri yol nişanları, nişanlanma xətləri, piyada zolaqları və parklanma yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Ümumilikdə, 2021-ci il ərzində Nərimanov rayonunda ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə və yolun təmiri aparılıb.
Xatırladaq ki, dövlət başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.
Nazir Rəşad Nəbiyev Çinin Dövlət İnternet İnformasiya Ofisinin naziri ilə görüşüb
Neft Fondu birinci rübdə neft-qaz sazişlərindən 1,8 milyard manat gəlir əldə edib