28 dekabr 2021 22:17
1060

Komando briqadaları ordumuzun gücünü daha da artıracaq

Ekspert: Hadrut qəsəbəsində belə hərbi hissənin açılması həm düşmənə, həm də onun havadarlarına mesajdır

Məlum olduğu kimi, dekabrın 24-də Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, orada yaradılan Komando Briqadasının açılışında iştirak ediblər.

Hərbçilər qarşısında çıxış edən Prezident İlham Əliyev yaratdığı qüdrətli, müzəffər ordunun gücündən və Vətən müharibəsində ortaya qoyulan qətiyyətdən söz açaraq bildirib ki, Azərbaycan get-gedə daha da güclənir və bu proses davam etdikcə silahlı qüvvələrimiz də modernləşir. Yeni açılan hərbi hissə isə torpaqlarımızın müdafiə və mühafizəsində çox mühüm tapşırıqları yerinə yetirəcək. Qalib komandan hər zamankı kimi, bir daha işğalçı Ermənistana mesajlar ünvanlayıb və bu dəfə sərt xəbərdarlıq edib: “44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxardı. Bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər, heç kim bizi dayandıra bilmədi”.

Prezident, həmçinin yeni yaradılan Komando Briqadası haqqında da fikirlərini bölüşərək bildirib ki, müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Hadrutda bu hərbi hissədə isə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşəcək. Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar.

Hərbi ekspert Emin Həsənli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, müasir döyüş, müasir müharibə üçün vacib olan bir neçə xüsusiyyətlər var: “İlk növbədə dövlətin iqtisadi cəhətdən güclü olması, xalq-hakimiyyət birliyi çox vacib şərtdir. Sözsüz ki, güclü Liderin olması, ordunun, xalqın Ali Baş Komandana inanması kimi vacib amillər qələbəni təmin edir. Müharibəni bütünlükdə xalq, dövlət aparır.  Ordu isə onun döyüş hissəsini  aparır. Orduda bir neçə element var ki, bunlar da çox vacibdir. Bu da ordunun peşəkarlığı, əsgər və zabitlər arasında vətənpərvərlik ruhunun yüksək olmasıdır”.

Ekspert onu da qeyd edib ki, müasir müharibədə Xüsusi Təyinatlı Qüvvələrin çoxluğu ondan irəli gəlir ki, onlar həm fiziki cəhətdən hazırlıqlı olurlar, həm də ən çətin şəraitdə belə qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirə bilirlər. Bununla da onlar tibbi biliklərdən tutmuş qidalanmaya qədər ən çətin şəraitdə dözümlü olmağı, ağır vəziyyətdə belə qərarlar qəbul etməyi bacarırlar: “Ona görə də müasir orduda Xüsusi Təyinatlı Qüvvələrin komandonunun olmasının çox böyük əhəmiyyəti var. Yeri gəlmişkən onu da qeyd edim ki, 44 günlük Vətən müharibəsində də Xüsusi Təyinatlı Qüvvələrin rolu həddindən artıq böyükdür. Hər kəs yaxşı bilir ki, onlar Şuşada yüngül silahlardan istifadə edərək ən ağır sıldırımlı qayaları çıxıb, keçilməz sədləri aşıblar”.

E. Həsənli onu da diqqətə çatdırıb ki, torpaqlarımız erməni işğalından azad edildikdən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev vurğulayıb ki, Azərbaycan Ordusu Türkiyə Ordusunun təcrübəsindən istifadə etməklə daha da təkmilləşdiriləcək: “Biz artıq bu istiqamətdə atılmış real addımları görürük. Komando hərbi hissələrində xidmət aparan hər bir əsgər Türkiyədə təlim keçib. Bu, hərbçilərdən ibarət briqadaların təşkil olunmasını, Azərbaycan Ordusunun daha dinamik, düşmənə daha çevik cavab verə biləcək qabiliyyətdə olmasını təmin edəcək. Xüsusilə də Hadrut qəsəbəsində belə hərbi hissənin açılması həm düşmənə, həm də onun havadarlarına mesajdır. Yəni, gözünüzü Hadrutdan və Qarabağdan çəkin. Məhz belə bir coğrafi yerdə Komando hərbi hissəsinin açılması o deməkdir ki, bundan sonrada da Silahlı Qüvvələrimiz ərazilərimizin təhlükəsizliyinin təmin olunması üçün daha da təkmilləşdiriləcək”.

Mənsumə Babayeva, “İki sahil”