Prezident İlham Əliyev: Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır
Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin tətbiq etdiyi hərbi taktikalar, müxtəlif qoşun növləri arasında əlaqələndirilmənin lazımi şəkildə qurulması, təminat və təchizat məsələlərinin peşəkarlıqla həlli, xüsusilə də yeni dövrün tələbinə uyğun ən müasir silah növlərindən, döyüş əməliyyatlarında pilotsuz uçuş aparatlarından yüksək səviyyədə istifadə edilməsi beynəlxalq səviyyədə ordumuzla bağlı müsbət rəyin yaranmasına səbəb oldu. Təsadüfi deyil ki, bu gün Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq reytinq agentliklərinin hesabatlarında da dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır.
Xüsusilə təqdirəlayiq haldır ki, bu gün ordumuzun maddi-texniki bazası ən müasir tələblər səviyyəsində inkişaf etdirilir, silah arsenalı daim təkmilləşdirilir, hərbi təhsil və hərb elmi yeni mərhələyə qədəm qoyur. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin, bununla da NATO-nun standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatlar davam etdirilir. Ordunun modernizasiyası istiqamətində görülən işlərin və Türkiyə ilə yüksək səviyyəli hərbi əməkdaşlığın nəticəsi olaraq, Azərbaycanda ilk dəfə Komando hərbi hissələri yaradılır...
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Xocavənd rayonunun Hadrut qəsəbəsində açılışını etdiyi hərbi hissədə də məhz Komando birləşmələri yerləşir və Komando Briqadasının yaradılması ordu quruculuğunda yeni mərhələdir. Hərbi hissəyə döyüş bayrağını təqdim edən dövlətimizin başçısı çıxışında bildirdi ki, ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycan Ordusu dünyada müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır. Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə böyük əksəriyyəti yeni inşa edilmiş, bir hissəsi isə əsaslı təmir olunmuş hərbi hissələrin, hərbi şəhərciklərin salınması da məhz bu qayğı və diqqətin nəticəsidir. Prezident İlham Əliyev bildirdi ki, biz bu sahəyə çox böyük diqqət yetirirdik, çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun: “Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tuturdu və deyə bilərəm ki, bu gün Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr bizim standartlarımıza cavab verir.”
Müzəffər Ali Baş Komandan yeni hərbi hissənin Hadrutda açılmasının çox əlamətdar hadisə olduğunu da diqqətə çatdırdı. Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır və Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq. Digər tərəfdən isə bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir. Ordu quruculuğunun yeni mərhələsi haqqında danışan dövlətimizin başçısı bildirdi ki, müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb və orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb, müharibədən sonra imzalanmış yeni müqavilələr icra edilir və bu müqavilələr əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir: “Biz bunu heç vaxt gizlətmirdik və işğal dövründə hərbi paradlarda dəfələrlə nümayiş etdirmişdik. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması, – bütün bunlar göz qabağındadır, - onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Əksinə, müharibə təcrübəsi bizə göstərdi ki, güclü yerlərimiz haradadır və qüsurlarımız haradadır. Müharibə dövründə qüsurlarımız çox deyildi, amma olub. Ona görə müharibə bizim üçün əvəzolunmaz təcrübə idi. Müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır.”
Ali Baş Komandan Komando Briqadasının yaradılmasının ordu quruculuğunda yenilik olduğunu bildirdi və bəyan etdi ki, artıq Azərbaycanda bir yox, iki yox, bir çox Komando briqadaları yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar: “Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.”
Güclü, dayanıqlı iqtisadiyyatın yaratdığı imkanlar ordu quruculuğunda yeni mərhələyə keçidə geniş imkanlar açır. Üstəlik, dövlətimizin, Müzəffər Ali Baş Komandanımızın xüsusi diqqəti və qayğısı Azərbaycan Ordusunun daha peşəkar, müasir və qüdrətli orduya çevrilməsini birbaşa şərtləndirir. Qürur yerimiz olan ordumuzun daha da güclənməsi isə Vətənimizin, torpağımızın təhlükəsizliyinin birbaşa təminatıdır!
Mahir Rəsuloğlu, “İki sahil”