20 noyabr 2021 12:21
1058

Cəlilabadda YAP-ın yaranmasının 29-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib

Noyabrın 20-də Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatı Kövüzbulaq kənd, Zopun kənd, Peşə Litseyi və Mədəniyyət şöbəsi Ərazi İlk Partiya Təşkilatlarında (ƏİPT) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirlərdə YAP Cəlilabad RT idarə heyətinin üzvü Etibar Sadığov, Kövüzbulaq kənd ƏİPT-nın sədri Cahangir Əliyev, Zopun kənd ƏİPT-nın sədri Mais Məmmədov, Peşə Litseyi ƏİPT-nın sədri Mirhəşim Quliyev və Mədəniyyət şöbəsi ƏİPT-nın sədri Ramil İbrahimov çıxış edərək 29 ildə şərəfli yol keçən Yeni Azərbaycan Partiyasının möhtəşəm siyasi, iqtisadi uğurlarından söz açdılar. Onlar qeyd etdilər ki, YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradıldı. 1993-cü il oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. 1995-ci ilin noyabr ayının 12-də keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrildi, ona olan ümumxalq inamı bir daha təsdiq edildi.2005-ci ildə YAP sədrinin birinci müavini İlham Əliyev partiyanın sədri seçildi və partiyanın həyatında yeni mərhələ başlandı. Prezident, YAP sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən işlər, xüsusilə son parlament seçkilərində yenidən YAP-ın inamlı qələbəsi bu partiyanın dünənin, bu günün və gələcəyin partiyası olaraq xalqın böyük inamı ilə respublikamızın ərazi bütövlüyünün bərpasında, xalqımızın mənafeyinin qorunmasında, hüquqi dövlət və azərbaycançılıq ideyasını tərənnüm edən milli birliyin yaranmasında nə qədər böyük rol oynadığını bir daha göstərdi.

ƏİPT sədrləri bildirmişlər ki, 21 noyabr 1992-ci il tarixi ictimai-siyasi fikir, yeni, müasir dövlətçilik tariximizin ən əlamətdar və unudulmaz günlərindən biri kimi milli təqvimimizdə daim yaşayacaq. Bu gün öz ətrafında yarım milyondan çox insanı birləşdirməklə YAP nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Heç şübhəsiz ki, bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın sədri İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olmuşdur. Bu gün ölkəmizdə bütün uğurlar, insan azadlığı, hüquqi dövlət quruculuğu və düşmənlə döyüşdə qazanılan böyük tarixi Qələbə, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı, görkəmli dövlət xadimi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz Prezident İlham Əliyevin sədri olduğu YAP da ölkəmizin dünya miqyasında tutduğu mövqeyə paralel olaraq gündən-günə daha da mükəmməlləşir, təkmilləşir və öz sıralarını könüllü olaraq genişləndirərək inkişaf edir və möhkəmlənir.

Daha sonra çıxış edənlər son bir ildə xalqımızın yaşadığı şərəfli, qürurlu hadisələrdən, Qələbəmizin təmin edilməsinə gedən yoldan, illərdən bəri YAP-ın xalqımızın rifahı naminə apardığı düzgün, məntiqli siyasi proseslərdən söz açıblar. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən düzgün siyasi kursun nəticəsi olaraq, bu gün xalqımızın nəhayət ki, böyük arzusunun gerçəkləşdiyi, müqəddəs Qarabağ torpağının və işğal altında olan bütün ərazilərimizin öz sahibinə qaytarıldığı, bu torpaqlarda abadlıq və quruculuq işlərinin sürətlə aparılması da sevinc hissi ilə vurğulanıb.