Tarixi Zəfərin qələbələrlə dolu hər anı
2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
“İki sahil” 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.
Şanlı ordumuz tarix yazmaqda davam edirdi. Azərbaycan əsgəri dünyaya bir qəhrəmanlıq nümunəsi göstərirdi. Bütün dünya mediyası ordumuzun Qarabağdakı hərbi əməliyyatlarda istifadə etdiyi yeniliklərdən, hərbi taktikalardan, strategiyalardan bəhs edirdi. Qəhrəman ordumuz işğal altında olan torpaqlarımızı qarış-qarış, kənd-kənd azad edirdi. Əsgər və zabitlərimizin rəşadəti qarşısında müqavimət göstərə bilməyən düşmən döyüşə-döyüşə geri çəkilirdi. Azərbaycan Ordusu döyüşə-döyüşə qələbələr qazanır, qələbələr qazana-qazana döyüşürdü.