Tarixi Zəfərin qələbələrlə dolu hər anı
2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
“İki sahil” 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.
Vətən müharibəsinin otuz səkkizinci günü
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Xankəndi yaxınlığında düşmənin iki sursat anbarı, Zəngilan istiqamətində isə kəşfiyyat-diversiya qrupu məhv edilib.
Digər məlumatda Ermənistan silahlı qüvvələrinin Füzuli şəhərini və ətraf kəndlərini “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutduğu bildirilib.