01 noyabr 2021 17:23
1614

Döyüş tapşırığımız Laçın dəhlizini qorumaq idi ki, ermənilər Şuşaya tərəf gəlməsinlər- Müharibə iştirakçısı

Tural Ağayev: Niyyət etmişdim ki, Allah mənə Şuşaya girməyi nəsib etsə, Yuxarı Gövhər ağa məscidində azan oxuyub, namaz qılacağam. Allah mənə o  günü qismət etdi

44 gün davam edən Vətən müharibəsində qəhrəmanlarımız “İrəli!” əmri ilə addımlayıb, soyuq, yağış demədən döyüş meydanında düşmənə qan uddurub əsrlərlə danışılacaq tarix yazdılar. Müsahibimiz şanlı Qələbəmizin qazanılmasında misilsiz fədakarlıq göstərən polad biləkli, mübariz ruhlu igidimiz, döyüş meydanındakı şücaəti ilə düşmənə aman verməyən Tural Namus oğlu Ağayevdir.

Tural Ağayev 5 iyul 1980-cı ildə Bakı şəhəri Abşeron rayonu Digah qəsəbəsində anadan olub. 1986-1997-ci illərdə Abşeron rayon Səxavət Məmmədov adına Digah qəsəbə tam orta məktəbində  oxuyub. 1997-2001-ci illərdə Azərbaycan Texniki universitetinin Elektrotexnika və energetika fakültəsində ali təhsil alıb. 2001-2003-cü illərdə Beyləqandakı “N” saylı hərbi hissədə minaatan batareyada tağım komandiri və həmin batareyanın batareya komandiri kimi  xidmət  edib. Hazırda “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində energetik vəzifəsində işləyir. Ailəlidir, iki övladı var.

Müsahibimizin sözlərinə görə hərb sənətinə yaxın sülalənin nümayəndəsi olduğundan Vətən sevgisini hər zaman içində hiss edib: “Atam Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. 1993-1994-cü illərdə əmim oğlu Ağdərə döyüşlərində itkin düşüb.  Dayım hazırda təqaüddə olan hərbçidir. Dayım oğullarından biri Xüsusi Təyinatlı Qüvvələrin kapitanı idi. 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdi. İkinci Qarabağ müharibəsində Tuğ uğrunda gedən döyüşlərdə şəhid olan dayımın ikinci oğlu Haşımov Fuad  da  Xüsusi Təyinatlıların giziri idi. ”

Tural Ağayev həmişə müharibə olmasını arzu edib: “Əmim oğlunun timsalında bütün şəhidlərimizin qisasını almaq istəyirdim. Şükürlər olsun ki, ömrümün 40-cı baharında bu gözəl arzum gerçəyə qovuşdu.”

Müharibənin ən çətin və ağır döyüşləri məhz Füzuli istiqamətində oldu

 Həmsöhbətimiz Vətən müharibəsi başlayan gündən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq müraciət edib: “Savaş gündəliyimin ilk səhifəsinə Füzulinin adı yazıldı. Reaktiv artilleriya batareyasının idarəetmə taqım komandiri kimi Füzuli istiqamətində yola düşdük. Deyərdim ki, müharibənin ən çətin və ağır döyüşləri məhz Füzuli istiqamətində gedən döyüşlər olub. ”

Müsahibimiz ilk döyüşlər zamanı keçirdiyi narahatlıqdan və ən ağır gecəsindən da bəhs etdi: “Bilirdim ki, dayımın oğlu Hadrut istiqamətində döyüşlərdə ön cəbhədə idi.  Onun üçün çox nigaran qalmışdım. Ürəyimə damırdı ki, nəsə olub. Çətinliklə də olsa ailəmlə əlaqə saxladım. Onlar Fuadın şəhid olduğunu söylədilər. Həmin an mənim üçün  olduqca ağrılı idi. Müharibə məndən 24 yaşlı dayım oğlunu aldı...”

Müharibə iştirakçısı dayısı oğlunun qisasını almasından da söz açdı: “Həmin günün səhəri bizə böyük bir erməni qrupunun yerləşdiyi koordinatları verdilər. Cəmi 180 mərmimiz qalmışdı ki,  onları hamısı ilə həmin koordinatları vurduq.  Fikirləşirdim ki, dayım oğlunun qisasını aldım. “

13 nəfərlik heyətlə Xocavəndin Tuğ, sonra da Çanaqçı kəndinə yerləşdik

Həmsöhbətimiz düşmən tərəflə aparılan ağır döyüşlərdən söhbət açdı: “13 nəfər heyətlə Xocavəndin Tuğ, sonra da Çanaqçı kəndinə yerləşdik. Yerləşdiyimiz  ərazi düzənlik idi. Ərazidə batareya və mərmiləri qurduq. Kəndlə aramızda meşə var idi. Bir gecə növbətçi əsgərlər müraciət etdilər ki, komandir, meşənin içində qaraltılar və hərəkət var. Həmin şəxslər ermənilərin kəşfiyyat taqımları imiş kəndin içinə giriblər. Gecə səhərə qədər ağır atışmalar oldu. Noyabrın 4-ü Daşaltı meşələrinə 6 km yaxınlıqda mövqe qurublar. Bizim döyüş tapşırığımız Laçın  dəhlizini qorumaq idi ki,  ermənilər o dəhlizlə Şuşaya tərəf gəlməsinlər. Onların orada böyük əsgər heyətini, maşın texnikasını məhv etdik.”

Müsahibimizin sözlərinə görə, cəbhəyə yollananda ailəsinə deyib ki, qismətdə varsa sağ gələcəm, olmasa da ki..: “Döyüşlər vaxtı  ailəmlə əlaqə saxlamaq çox çətin idi . Müharibə vaxtı bir müddət evdəkilər məndən xəbər tuta bilmədilər. Elə bilirdilər ki, şəhid olmuşam. Hətta bizim qəsəbəyə şəhid gətirilən zaman böyük oğlum hazırlıqdan gələrkən bunu görüb elə bilmişdi ki, həmin şəhid mənəm. Qaça-qaça, həyəcanla evə gəlmişdi. Evdəkilər onu birtəhər sakitləşdirmişdi.”

Müharibə iştirakçısı unudulmaz xatirələrini də yada saldı:”Füzulidə ağır döyüşlərdə  niyyət etmişdim ki, Allah mənə Şuşaya girməyi nəsib eləsə,  Şuşada  Yuxarı Gövhər ağa məscidindən azan oxuyub, namaz qılacağam. Allah mənə o  günü qismət elədi. Noyabrın 14-ü günorta namazı vaxtı Şuşa məscidindən azan verdim  və biz namaz qıldıq. Bu mənim savaş gündəliyimə həkk olunan ən gözəl xatirədir.” 

Meşənin içindən bir qara çay axırdı. Dedilər ki, ermənilər o çaya dərman atıb və su zəhərlidir

Tural vurğuladı ki, ac da, susuz da qalıblar. Amma əsgərlərimiz də ruh düşkünlüyü olmayıb: “Daşaltı meşəsinə  gələnə qədər heç bir su kanalına, su borusuna rastlamamışdıq. Meşənin içindən bir qara çay axırdı. Dedilər ki, ermənilər o çaya dərman atıblar və su zəhərlidir. Həkim dostumuzun məsləhəti ilə ərazidə olan itburnu kollarını bir qab suyu 100 dərəcədə qaynadıb,  içinə itburnu tökdük, sonra itburnu  olan suyu da qaynatdıq.  Birinci sudan könüllü olaraq mən  içdim.  Mənə heç nə olmadı  və cəbhə yoldaşlarım sudan içdi. Müharibədə əsgər-zabit yox, qardaşlıq, sanki qəribə doğmalıq münasibətləri var idi.”

Həmsöhbətimiz Zəfər xəbərini aldığı günü, yaşadığı sonsuz fərəh hissini, ömrünün ən xoşbəxt anını belə xatırlayıb: “Bizim müharibənin qurtarması ilə  bağlı heç bir məlumatımız yox idi. Ağızdan-ağıza düşmənin kapitulyasiya aktı imzalaması ilə bağlı xəbərlər eşidirdik. Amma dəqiq məlumatımız yox idi. Ayın 10-da evə zəng elədik ailə üzvlərimiz də dedilər ki, müharibə bitib. Həm sevinirdik ki, müharibədə qalib gəlmişik, həm də kədərlənirdik ki, Qələbəyə gedən yolda çoxlu şəhidlərimiz olub. Şükürlər olsun ki, onların qanı yerdə qalmadı. Qarabağ öz sahiblərinə qayıtdı. Haqq-ədalət öz yerini tapdı. Savaş mənə 30 il əsarətdə olan torpaqlarımızı,  uşaqlıqdan xəyal etdiyimi Şuşanı qaytardı.”

Müsahibimiz bildirdi ki,  xidmət etdiyi reaktiv artilleriya batareyası döyüş vaxtı 2980 mərmi atıb: “Bizim batareya olmasaydı,  bəzi  mövqelərə girmək qəti mümkün deyildi. Bizim  xidmət etdiyimiz batareya Füzuli, Qubadlı və Şuşa medalları ilə təltif olundu. Mənim müharibə vaxtı rütbəm  leytenant idi,  ordu sıralarından baş leytenant rütbəsi ilə tərxis olundum.”

Yaqut Ağaşahqızı, “İki sahil”