29 oktyabr 2021 09:00
628

2020-ci ilin 29 oktyabrı…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

“İki sahil” 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

Vətən müharibəsinin otuz üçüncü günü

Gecə ərzində döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam etmişdir. Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilmiş və sıradan çıxarılmışdır. Həmçinin görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanın müavini, polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi, mayor Aram Qazaryan məhv edilmişdir. Bundan əlavə 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti, polkovnik-leytenant B. Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanmış və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşmüşdür.

Ermənistan silahlı qüvvələri saat 09:25 radələrində Goranboy və Tərtər rayonlarının ərazisini artilleriya atəşinə tutmuşdur. Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin videogörüntüsünü yayımlamışdır.

Saat 12:30 radələrində Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmuşdur. Günorta saatlarında Azərbaycan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorunu açaraq 30-a yaxın hərbçinin meyitini və iki mülki şəxsi Ermənistana təhvil vermişdir. Həmçinin Ermənistan tərəfi Şuşa şəhərindən bir neçə kilometr cənubda yerləşən Çanaqçı kəndi ətrafında gərgin hərbi döyüşlərin getdiyini açıqlamışdır.

Saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki “Su-25” hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilmişdir.

Saat 15 radələrində Göygöl rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalmışdır. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının Azərbaycan Ordusunun Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumatın tamamilə dezinformasiya olduğunu və təxribat xarakteri daşıdığını açıqlamışdır.

Saat 17 radələrində Ermənistan silahlı qüvvələrinin Goranboy rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutması nəticəsində rayonun Tap Qaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olmuş, yaşayış evinə isə ciddi ziyan dəymişdir.

Saat 18 radələrində humanitar atəşkəs rejimini kobudcasına pozmağa davam edən Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisini artilleriya atəşinə tutmuşdur. Oktyabrın 29-da Azərbaycan Prezidenti “İşğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərman imzalamışdır. Fərmana əsasən, bu ərazilərdə yerləşən hər bir bölgə üçün müvəqqəti komendant təyin edilir.