27 oktyabr 2021 09:00
745

2020-ci ilin 27 oktyabrı…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

“İki sahil” 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

Vətən müharibəsinin otuz birinci günü

Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum etmək cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub. Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Ölənlər arasında diviziyanın qərargah rəisi, polkovnik Sergey Şakaryan da var. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Azərbaycan Müdafiə Nazirliyinin ölkənin xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyi parlaq əməliyyat nəticəsində Qarabağdakı qondarma rejimin “müdafiə ordusunun komandanı”, general Cəlal Arutyunyan məhv edilib. Belə ki, C.Arutyunyanın getdiyi UAZ avtomobili raket zərbəsindən sonra tamamilə yanaraq hərbi cani ilə birlikdə məhv olub. Zərbə nəticəsində daha iki erməni zabiti də məhv edilib.

Günorta saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Erməni silahlı qüvvələri tərəfindən saat 16:00 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən “Smerç” raketindən atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 14 nəfər isə xəsarət alıb.