Müsabiqələr, festivallar mübarizə meydanıdır, burada insanların bacarığı, gücü ortaya çıxır. Kim güclüdüsə, kim bacarıqlıdırsa, o da qalib gəlir, qələbələrə sevinir. Vətəndaşı olduğu ölkəsini yarışlarda şərəflə təmsil edir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestrinin üzvləri bu günlərdə Türkiyənin Bursa şəhərində keçirilən “Bursa beynəlxalq orkestrlər festivalı”nda ölkəmizi layiqincə təmsil edərək, tamaşaçıları Azərbaycan müsiqisinin ecazkarlığı ilə sehirləyiblər. Yüksək bacarıq və məharət nümayiş etdirən hərbçilərimiz festivalın fovariti olublar. Yarışlardan geriyə böyük sevinclə dönüblər.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestrinin beynəlxalq festivalda qazandığı uğurlarla daha da yaxından tanış olmaq üçün yolumuzu bu möhtəşəm təhsil ocağından saldıq. Hərbi orkestrin rəisi – dirijoru, polkovnik-leytenant Fariz Məmmədzadə ilə görüşüb söhbət etdik, onunla yaxından tanış olduq. Öyrəndik ki, zabit Fariz Məmmədzadə 1977-ci ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1993-cü ildə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərindəki Hərbi Musiqi Məktəbində oxuyub. Təhsilini başa vurduqdan sonra Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrində xidmətə başlayıb.
Səfər təəssüratlarını bizimlə bölüşən zabit Fariz Məmmədzadə dedi ki, festivallar, müsabiqələr hansı ölkədə keçirilirsə keçirilsin, biz həmişə ölkəmizi bu yarışlarda ləyaqətlə təmsil edirik: “Çox şükürlər ki, çalışqanlığımız və bacarığımız sayəsində məqsədimizə çatırıq. Həmişə yarışlardan Vətənimizə alnıaçıq, başıuca, zəfərlərlə qayıdırıq. Uğurlarımız, zəfərlərimiz davamlı olur. Ona görə də dünənimiz də, bugünümüz də zəfərlərlə doludur. Yaxşı xatırlayıram, 2019-cu ildə Moskva şəhərində keçirilən “Spasskaya Başniya” hərbi musiqi festivalına bizi də dəvət etmişdilər. Festivala 14 xarici ölkənin hərbi orkestrləri qatılmışdı. 2019-cu il avqust ayının 17-dən sentyabrın 3-dək davam edən musiqi yarışmasında fəal iştirak etdik. Bu beynəlxalq yarışlarda Azərbaycan müsiqisini səsləndirdik. Səsləndirdiyimiz musiqilər, həmçinin ifa zamanı etdiyimiz nizami hərəkətlər tamaşaçıları heyran qoydu. Onlar fasilələr zamanı bizə yaxınlaşaraq ifa etdiyimiz musiqi nömrələri haqqında xoş sözlər dedilər. “Spasskaya Başniya” hərbi musiqi festivalında fəal çıxış edərək on dörd komanda arasında dördüncü pilləyə çıxdıq. Düşünürəm ki, bu, təkcə biz hərbçilərin yox, həm də musiqimizin qələbəsi idi. Onu da deyim ki, yarışlarda hərbi orkestrimiz ilk dəfəydi iştirak edirdi. İndiyə qədər ölkəmiz bu yarışlarda təmsil olunmamışdı. İlk addımımız çox sevindirici oldu. Ümid edirəm ki, gələcək yarışlarda daha da böyük uğurlar qazanacağıq.
“Bursa şəhərinin küçələrində vüqarla addımlayırdıq...”
Türkiyədə keçirilən musiqi yarışmasına da qələbə əzmi ilə yollandıq. Bu beynəlxalq festivalda doqquz orkestr, 324 musiqiçi iştirak edirdi. Moldova Respublikasından gəlmiş hərbi orkestr, biz və yeddi orkestr də Türkiyə Respublikasının ayrı-ayrı şəhərlərini təmsil edən musiqi kollektivi. Ölkəmiz ilk dəfəydi ki, bu yarışmaya qatılmışdı. Qürur keçirirdik ki, bu möhtəşəm festivalda ölkəmizi təmsil etmək səadəti biz hərbçilərə nəsib olub. Deməli, Moskvada olduğu kimi, Türkiyədə də ilkə imzanı biz atacaydıq. Bu, bizdən çox böyük məsuliyyət və bacarıq tələb edirdi.
Beynəlxalq festival 30 sentyabr 2021-ci ildə başladı. Həyəcanla gözlədiyimiz açılış mərasimi çox təntənəli oldu. Əvvəlcə türk dünyasının böyük iftixarı Mustafa Kamal Atatürkün abidəsi önünə əklil qoyuldu, “İstiqlal” marşı ifa olundu. Sonra həm iştirakçılarda, həm də tamaşaçılarda iftixar hissləri doğuran yürüş başlandı. Bir-birindən gözəl Azərbaycan musiqilərini ifa edə-edə Bursa şəhərinin küçələrindən keçirdik. Şəhər sakinləri bizə böyük hörmət və diqqət göstərirdilər. Bizə qalib ölkənin düşmən üzərində zəfər çalmış hərbçiləri kimi baxırdılar. Bundan qürur duymamaq, iftixar hissləri keçirməmək mümkün deyildi. Bu baxışlar altında biz Bursa şəhərinin küçələrində vüqarla addımlayırdıq. Doğrudan da, qalib olmaq çox qürurvericidir. Bu gözəl anları bizə yaşadan şəhidlərimizə Allah rəhmət eləsin.”
Zabit Fariz Məmmədzadə daha sonra dedi ki, alqışlardan tamaşaçıların orkestrimizin ifasını çox maraqla dinlədiyi hiss olunurdu: “Elə buna görə də başqa orkestrlərin çıxışına iyirmi beş dəqiqə, bizə isə qırx beş dəqiqə vaxt ayırırdılar. Biz də bu imkandan istifadə edərək, tamaşaçılarımızın rəğbətini qazanmaq üçün bir-birindən maraqlı musiqi nömrələri səsləndirirdik. Türk qardaşlarımızın diqqət və qayğısını hər addımda hiss edirdik. Bütün bunlar çox qürurverici və yaddaqalan idi.
“Qazilərimizə də baş çəkdik”
Festival günləri çox maraqlı və yaddaqalan oldu. Bu müddət ərzində dörd konsert verdik, bir yürüş keçirdik. Konsertlərimizdən birini Türkiyənin qədim diyarı olan İznik şəhərində verdik. Mənim üçün bu konsert böyük önəm daşıyırdı. Bildiyiniz kimi, hərbi musiqi təhsilimi Türkiyədə almışam. İznik şəhərində keçirilən konsertə mənə dərs verən, musiqinin sirlərini öyrədən müəllimlərim də tamaşaçı kimi qatılmışdılar. Sanki illərdən sonra müəllimlərim qarşısında hesabat verirdim. Deməli, bütün istedad və bacarığımı ortaya qoymalıydım. Belə də elədim. Çalışdım ki, müəllimlərimin etimadını doğruldum. Şükürlər olsun ki, konsert yüksək səviyyədə keçdi. İfa etdiyimiz Azərbaycan və türk musiqiləri iştirakçılar tərəfindən alqışlarla qarşlandı. Müəllimlərim bacarığımdan razı qaldılar. Demək olar ki, sınaqdan uğurla keçdim. Müəllimlərimin etimadını doğrultdum. Tamaşaçılar ifalarımızdan zövq aldılar. Festivalda yaddaqalan məqamlardan biri də o, oldu ki, konsertlərimizdə Bursa bələdiyyəsinin orkestri ilə “Hərb okulu” və “Sələmiyyə” marşını birlikdə ifa etdik. Düşünürəm ki, bu ifa festivalın zirvəsi oldu. Bu ifalar zamanı orkestrlərimiz də qardaşlaşdılar. Bundan zövq alan tamaşaçılar bizi ürəkdən alqışladılar.
Festival günlərində öyrəndik ki, “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyəyə göndərilmiş Vətən müharibəsinin iştirakçıları olmuş qazilərimiz Bursa şəhərindəki bərpa xəstəxanasında müalicə olunurlar. Konsertdən sonra vaxt ayırıb şəfa ocağına getdik, qazilərimizi yoluxduq. Sağ olsun Bursa bələdiyyəsi, bizi nəqliyyatla təmin etdi. Qazilərimizlə görüşüb sağlamlıqları ilə maraqlandıq. Burada 12 nəfər qazimiz müalicə olunurdu. Onlar gəlişimizdən məmnun qaldılar.
Festivalın bağlanışı da möhtəşəm keçdi. Bursa bələdiyyəsinin sədri bizi qəbul etdi. İştirakçılara müxtəlif mükafatlar və diplomlar verildi. Festival həm iştirakçılar, həm də tamaşaçılar üçün çox yaddaqalan oldu. Bağlanış günü biz yeni yarışlar, yeni festivallar üçün dəvətlər aldıq. İstanbul, Bolu, Ədirnə və başqa şəhərlərin bələdiyyələri bizi qarşıdakı illərdə keçiriləcək beynəlxalq festivallara dəvət etdilər. İnşallah qarşıdakı festivallarda da Azərbaycan müsiqisi ilə dünyanı heyrətə salacaq, ölkəmizi, ordumuzu şərəflə təmsil edəcək, xalqımızı zəfərlərimizlə sevindirəcəyik”.
Vahid Məhərrəmov