21 oktyabr 2021 09:00
686

2020-ci ilin 21 oktyabrı…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

“İki sahil” 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

Vətən müharibəsinin iyirmi beşinci günü

Gecə ərzində cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam etmişdir. Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilmişdir. 5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilmiş, çoxlu sayda silah və sursat qənimət götürülmüşdür. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborunun şəxsi heyəti ilə birlikdə məhv edilmişdir. 6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da var. 

Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun ərazisini artilleriya qurğularından atəşə tutmuşdur. Cəbrayıl istiqamətində gedən döyüş zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilmişdir.

Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndinin yeni görüntülərini yayımlamışdır. Gün ərzində Ermənistan silahlı qüvvələrinə məxsus 6 taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilmişdir. Onlardan 2-si cəbhənin Füzuli istiqamətində, 1-i isə Tərtər istiqamətində vurulmuşdur. Ermənistan tərəfi Azərbaycan Ordusunun Ağdərə şəhərini bombardman etdiyini açıqlamışdır.

Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Turabad, Baharlı kəndlərinin işğaldan tam azad edildiyini açıqlamışdır.