12 oktyabr 2021 16:42
724

Ulu öndər bütün dövrlərdə azadlıq ideallarına sadiq qaldı

“Azərbaycan xalqı çox əsrlik dövlətçilik ənənələrinə,  zəngin tarixə və yüksək idarəçilik məharətinə  malik olan  bir xalqdır. Azərbaycan xalqının azadlıq sevərliyi onun məhz dünya dövlətləri və xalqları içərisində özünə məxsus yerini müəyyənləşdirən  əsas  amillərdəndir.  Təsadüfi deyil ki, Şərqin ilk Respublika quruluşlu  demokratik dövlətini də məhz Azərbaycan xalqı qurmuşdur. 103 il əvvəl qurulmuş bu dövlətin süqutu xalqımızın tarixi şüurundakı müstəqil dövlət ideallarını təhtəlşüurundan çıxarada bilməmiş,  bu ideyalar xalqın  ruhunda daimi yaşamışdır”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin plenar iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı çıxışında deyib.

Deputat bildirib ki, Azərbaycan xalqı 90-cı  illərin əvvəllərində öz milli dövlətçilik ənənələrinə  sadiq qalaraq  ikinici dəfə  dövlət müstəqilliyini bərpa edərək özünü 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi  elan etmişdir. Bəli, məhz müstəqil dövlətini bərpa etmişdir. Müstəqilliyin bərpa  edilməsində  və  qorunmasında  ümummilli lider Heydər Əliyevin  müstəsna rolu danılmazdır: “Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik! Biz özümüz öz taleyimizin sahibiyik.  Biz müstəqilliyə nail olmuşuq. Bunu indi əlimizdə saxlamaq, qorumaq hər bir insanın canından da artıq olmalıdır. Mənim üçün Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və onu əbədi etmək  öz həyatımdan, öz canımdan da artıqdir!”  

Sadiq Qurbanov bildirib ki, müstəqilliyimizin leytmotivinə çevrilmiş bu sözlər Ümummilli Liderin dilindən  təsadüfi səsləndirilmiş  gəlişigözəl sözlər deyil. Ömrünü, həyatını azadlıq ideallarına həsr etmiş bir dövlət adamının milli duyğularıdır. Bu fikirlər Heydər Əliyevin həyat amalı olan azadlıq düşüncələridir. Heydər Əliyevin hələ Sovetlər dönəmində SSRİ-nın Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsində müstəsna xidmətləri olmuşdur. Bu, özünün millətinə, xalqına olan sevginin təzahürü olmaqla bərabər, onun müstəqillik və azadlıq istəyindən irəli gəlirdi. Azərbaycan öz müstəqlliyinin bərpa etdikdən sonra, xalqın təkidlli tələbləri ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin deputatı  olarkən 17 noyabr  1990-cı il tarixdə  Naxçıvan Ali Sovetinin sessiyasında  Ümummilli  Liderin  təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olunmuşdur.

Qəbul edilmiş qərarlara əsasən, müstəqilliyimizin  əsas  atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuş, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası”nın adından “Sovet Sosialist” adı çıxarılmışdır. Bu, Heydər Əliyev tərəfindən Azərbaycanın müstəqilliyinə verilmiş ən böyük töhfə idi.  Məhz bundan sonra 5 fevral 1991-ci ildən Azərbaycan Sovet Sosialist Respublikası  Azərbaycan Respublikası  adlandırılmışdır. 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918–1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanmışdır. 

Bundan sonra 18 oktyabr 1991-ci il tarixində   dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilərkən   Heydər Əliyevin müstəqilliyə çağırışı və  səs verməsi ona inanan milyonlarla insanın azadlıq ideallarının tərcümanına çevrildi.  Elan olunduğu gündən 1993-cü ilin 15 iyuluna( Milli Qurtuluş Gününə) qədər   əldə edilmiş müstəqillik formal və şərti xarakter daşıyırdı. Çünki bu dövrdə hakimiyyətdə müstəqil dövlətçilik təfəkkürü olmayan, yalnız şəxsi ambisiyalarla yaşayan, təcrübəsiz şəxslər hakimiyyətdə idilər.    

Ən böyük amalı müstəqillik və azadlıq olan ulu öndər Heydər Əliyev bütün dövrlərdə azadlıq ideallarına sadiq qaldı. Dəfələrlə səsləndirdiyi “Müstəqilliyi qazanmaq çətindir, lakin onu qoruyub saxlamaq daha çətindir” fikirləri  onun siyasi fəaliyyətinin əsas devizinə və ana xəttinə çevrildi. 

Sonrakı dövrlərdə Ümummilli Liderin uğurlu davamçısı, müstəqilliyimizin qarantı cənab İlham Əliyevin fəaliyyəti özü bir tarixə çevrilmişdir. Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə 2018-ci il tarixində  keçirilən təntənəli hərbi paraddakı çıxışında dediyi bu fikirlərə diqqəti çəkmək istəyirəm: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Gün gələcək və bu gün işğal altındakı qalan torpaqlar da azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.

Ali Baş Komandanın bu möhtəşəm  fikirləri tarixdə öz təsdiqini tapdı.

 27 sentyabr əks-həmlə əməliyyatı, 44 günlük Vətən müharibəsi, Azərbaycan xalqının və  MÜZƏFFƏR ALİ BAŞ KOMANDANIN tarixi qələbəsi ilə nəticələndi. Hesab edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyi hər bir vətəndaşımız üçün ən böyük sərvət və nemətdir. Bu yolda şəhid olan qardaş və bacılarımızı dərin ehtiramla yad edir, onlara ulu Tanrıdan rəhmət diləyirəm.

Təsadüfi deyil ki, türk dünyasının avanqardına çevrilən Azərbaycan bu günlərdə türk xalqlarının Sovetlər Birliyindən ayrılaraq  müstəqillik qazanması ilə bağlı “Türk dövlətləri və türk dünyası bilgi törəni” adlı  tədbirə ev sahibliyi edir. Mən buradan Azadlığına qovuşmuş bütün türk xalqlarını ürəkdən təbrik edirəm.

Son olaraq bildirirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisə göndərdiyi bu qanun layihəsi hüquqi və tarixi baxımdan əsaslandırılmışdır, odur ki, böyük məmnuniyyətlə lehinə səs verməklə digər iştirakçıları da qanun layihəsinin lehinə səs verməyə çağırıram.

Eyni zamanda, xatırlatmaq istəyirəm ki, 15 oktyabr Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezident seçilməsinin ildönümüdür. Bu münasibətlə və qarşıdan gələn 18 oktyabr bayramı münasibəti ilə bütün xalqımızı təbrik edirəm.