12 oktyabr 2021 09:05
478

2020-ci ilin 12 oktyabrı…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

“İki sahil” 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

Vətən müharibəsinin onaltıncı günü

Səhər saatlarında Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmuşdur. Gecə boyu həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21”Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edilmiş və sıradan çıxarılmışdır. Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edilmişdir. Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən Ermənistan ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var.

 Saat 10 radələrində Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmuşdur. Nəticədə Tərtər rayon Kəngərli kəndində top mərmilərinin partlaması nəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir.

12 oktyabr tarixinə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin 2 PUA-sı, bu gün saat 10:00 radələrində isə Ağdam rayonu istiqamətində 1 PUA-sı hava hücumunda müdafiə bölmələrimiz tərəfindən məhv edilmişdir.

 Saat 15 radələrində Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Süleymanlı kəndinin videogörüntüsünü yayımlamışdır. Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə yaşayış binasına Ermənistan silahlı qüvvələri tərəfindən törədilən raket hücumu “Elbrus” ballistik raketi (SCUD) ilə həyata keçirilmişdir. Raketin üzərində onun növünü müəyyənləşdirməyə imkan verən “8K14” yazısı aşkarlanmışdır.