11 oktyabr 2021 16:01
1278

Qarabağ həsrətimizi vüsala qovuşduran Vüsal kimi qəhrəman oğullarımızla qürur duyuruq! FOTO

Xətai rayonunda Vətən müharibəsi şəhidinin xatirə lövhəsinin açılışı olub

“Vətəni sevmək azdır, onu qorumaq gərək. Vətənim demək azdır, Vətənin olmaq gərək” müqəddəs şüarını dilində əzbər edən, İkinci Qarabağ müharibəsində Vətənin müdafiəsinə qalxan,  savaşın əsrə bərabər 44 günündə tarix yazan,  yağış, boran, qar demədən savaş meydanında düşmənə qan uddaran, 30 illik Qarabağ həsrətimizi vüsala qovuşduran polad biləkli, mübariz ruhlu igidlərimizdən biri də şəhid Vüsal Mərdan oğlu Şahmarlıdır. Şəhid Vüsal Şahmarlı gözünü qırpmadan həyatda ən şirin nemət olan canını ən müqəddəs və ali dəyər olan Vətən uğrunda fəda edərək ömrünün 24-cü ilində şəhidlik məqamına ucalıb.

Oktyabrın 11-də Vətən müharibəsi şəhidi Vüsal Şahmarlının 25-ci doğum günündə Bakının Xətai rayonundakı Məzahir Rüstəmov küçəsində  şəhidin adına ucaldılan xatirə lövhəsinin açılış mərasimi keçirilib. 

 Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri, eləcə də mədəniyyət xadimləri iştirak ediblər.

Mərasim ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpa olunması, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Azərbaycan Ordusu   böyük şücaət göstərərək 44 gün ərzində ermənilərin 30 illik  “yenilməz, qalib ordu” mifini yerlə-yeksan ediblər: “Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlar, peşəkar zabitlərin yetişdirilməsi, hərbçilərin döyüş təcrübəsinin artırılması tarixi Zəfər qazanmağımızı şərtləndirən başlıca amillərdir.”

R.Quluyev vurğulayıb ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən dərin ehtiramla yad edilir. Şəhidlər bizim qürurumuz, fəxrimiz, güvənc yerimiz, hamımızın – bütün millətimizin başucalığıdır: “Ərazi bütövlüyümüzün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla iştirak edən, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızın doğum və anım günləri silsilə vətənpərvərlik tədbirləri ilə qeyd edilir, onların məzarları ziyarət olunur, ailələrinə baş çəkilir, xatirələri ehtiramla anılır. Şəhid ailələrinin üzvlərinin, müharibə iştirakçılarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhidlərimizin adının əbədiləşdirilməsi ilə bağlı mühüm məsələlər dövlətimizin siyasətin əsasını təşkil edir. Əsas məqsədimiz odur ki, şəhidlərimizin Vətən müharibəsindəki şücaəti, keçdikləri döyüş yolunu gələcək nəsillərin yaddaşına həkk edək. Vətən uğrunda canını fəda edən qəhrəmanlarımız əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq, onların xatirəsi dövlətimiz tərəfindən daim uca tutulacaq və ehtiramla yad ediləcək. Allah şəhidlərimizə rəhmət eləsin, ailəsinə və yaxınlarına səbir versin. ”

Mərasimdə YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, Vüsal qardaşımızın timsalında bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirdilər. 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edildi. Bununla da bizim qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olundu.  Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar. Onların  Vətən, torpaq, yurd sevgisi, ideyası, döyüş yolu hər birimiz, xüsusilə də gənclərimiz üçün bir örnəkdir. Qələbəmizi təmin edən  Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna sonsuz minnətdarlığımızı bildiririk.”

V.Rəhimzadə vurğulayıb ki, şəhidlərimizin uyuduğu məzarlar bizim üçün ən müqəddəs məkandır, ziyarətgahdır: “Xalqımıza Qələbə sevincini yaşadan şəhidlərimizin vətənpərvərlik məktəbindən hələ neçə-neçə nəsillər bəhrələnəcək. Şəhidlərimizə olan ehtiram hər birimizin vətəndaşlıq borcumuz, həyat amalımız olmalıdır. Hər bir Azərbaycan vətəndaşı bundan sonra da bu ideyaları, irsi qorumalı, onlara sadiq qalmalı, gələcək nəsillərimizi bu ideyalar və prinsiplərlə böyütməliyik. Şəhidlər hər birimizin qardaşı, əzizi, eyni zamanda, Azərbaycan xalqının baş tacıdır. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirəm. Vətən sevgisini, xalqa məhəbbəti, yurda bağlılığı özündə  ehtiva edən bu cür igid oğullar böyüdən valideynlərin də qarşısında baş əyirəm.”

Çıxış edən Əməkdar artist, bədii qiraətçi Azad Şükürov şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə görülən işlərə, keçirilən tədbirlərə, anım mərasimlərinə görə öz adından və mərasim iştirakçıları adından Xətai Rayon İcra Hakimiyyətinin, eləcə də YAP Xətai rayon təşkilatının rəhbərliyinə minnətdarlığını bildirib. A.Şükürov şəhid analarına və yaxınlarına təsəlli verərək qeyd edib ki, biz bu oğulların sayəsində şərəfli anlar yaşayırıq: “Etiraf etmək lazımdır ki, şəhidlərimiz, qazilərimiz, Vətən müharibəsində iştirak edən qəhrəman övladlarımız üzərimizdəki 30 illik xəcalət tozunu siliblər. Azərbaycan Ordusunun əsgər və zabitlərinin döyüş şücaətindən bütün dünya bəhrələnir. Bununla biz hər birimiz fəxr edirik. Burada olan qazilərimizin gözünə baxıram, qəribə qürur  hissi keçirirəm. Azərbaycan Ordusu 44 günün içində adımızı, şərəfimizi, qürurumuzu bizə qaytardı. Şəhidlərimizin anım  və doğum günü fəxarətlə qeyd edirik. Körpələrimizin üzündən səadət yağır. Onlar əllərində güllər Qələbəmizin memarlarını alnıaçıq, başı dik yad etməyə gəliblər.  Şəhid valideynlərinə üzümü tuturam, başa düşürəm ki, övlad itkisi ağırdır, böyük kədərdir. Allah hər birinizə səbir versin.  Can qurban eləməyin vaxtı çatmışdı. Bizim xalqımızın igid övladları yer üzündə ən şirin  nemət olan həyatlarını Vətən yolunda qurban verdilər. Torpaqlarımızı azad etdilər . Bayraqlarımızı doğma Qarabağımızda ucaltdılar.”

Daha sonra tədbirdə şəhidin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə  və Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım  Əliyevaya  minnətdarlıqlarını bildiriblər.  Göstərdikləri diqqət və qayğıya görə Xətai Rayon İcra Hakimiyyətinə, YAP Xətai rayon təşkilatının rəhbərliyinə təşəkkür ediblər. 

Şəhidin atası Mərdan Tarverdiyev bildirib ki, Vüsal çox mərd, cəsarətli, vətənpərvər, millətini sevən bir övlad idi: “Oğlumda olan Vətən, torpaq, yurd sevgisi onun gülə-gülə, canla-başla hərbi hazırlığa, təlimlərə, ən sonda müharibəyə gedən yoluna işıq saldı. Vətən müharibəsi başlayanda Vüsal torpaqlarımızı azad etmək üçün Füzuli-Xocavənd rayonları istiqamətində gedən döyüşlərə qatılıb.  Oktyabrın 18-i döyüş zamanı  rəşadət göstərərək şəhid olub. Mən ata kimi fəxr edirəm. Doğrudur, bir valideyn olaraq mənim üçün çətindir, ağrı-acılırdır, amma 44 günlük müharibədə oğlumun payı və əməyi olduğu üçün onunla qürur duyuram. Ona görə ki, oğlum 30 il əsarət altında olan torpaqları yağı tapdağından azad etdi. Bu gün Vüsalımın 25 yaşı tamam olur. Onun 24-cü, yəni sağlığının sonuncu doğum günündə Vüsal mənə zəng edəndə onun ad gününü təbrik etdim. Ona sağ-salamat qayıtmağı, Qələbə qazanmağı arzuladım. Vüsal uşaqlığından ibadət əhli idi. Hər bir məsələdə  haqq, halallıq gözləyərdi. Oğlumu təbrik edəndə dedi ki, “ata,  24 il üstümdə nə əziyyətin olubsa, haqqını halal elə”.  Gözlərim doldu, nitqim tutuldu. Şəhidimizin xatirə lövhəsinin açılışına gələn hər kəsə öz təşəkkürümü çatıdırıram.  Allah Vüsalımın timsalında bütün şəhidlərə rəhmət eləsin.”

Vüsalın anası Sevər Səfərova qeyd edib ki, şəhidimin adını tutub bu mərasimə gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm: “1996-cı ilin bu günü Rəbbim mənə böyük bir hədiyyə verdi. Vüsalım mənə ana adını  bəxş etdi. Üstündən  25 il keçəndən sonra Rəbbim şəhidimin döyüş yoldaşı  Murad vasitəsilə mənə şəhidimin üstünə sərilən üçrəngli bayrağı mənə hədiyyə etdi. Bir ilə yaxındır ki, balamın şəkillərinə baxıram, özümə təsəlli verirəm. 12 aydır arzu edirdim ki, nə olar Rəbbim, möcüzə et, Vüsalımın az da olsa qoxusunu alım.  Allahdan razıyam, şükürlər olsun ki, bu gün Rəbbim məni xoşbəxt ana elədi. Mən ən gözəl hədiyyəni Allahdan və balamdan aldım. Şəhidimin üstünə sərilən bayrağımızı mən çiyinlərimdə daşıyıram. İnanın  Allaha ki, mən bu gün o qədər xoşbəxtəm ki, Tanrı tərəfindən böyük mükafat aldım. Qazilərimizin əlindən öpürəm , onlar şəhidimin şahidləridir. Ruhum bədənimdən çıxan günə qədər hər gün birinci növbədə Allahıma, ikinci şəhidlərimə, şəhidlərimin  şahidlərinə baş əyəcəyəm. Çünki biz vətəndaş olaraq onların hər birinə borcluyuq. Mənim dərd ortaqlarım olan qürurlu şəhid analarının da adından deyirəm: Hər birinizə təşəkkür edirəm.”

Mərasimdə  138 nömrəli tam orta məktəbin  şagirdlərinin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.

Sonda şəhidin xatirə lövhəsinin qarşısına tər güllər düzülüb.

Qeyd edək ki, Şahmarlı Vüsal Mərdan oğlu 11 oktyabr 1996-cı ildə İmişli rayonu Sarıxanlı kəndində ailənin ilk övladı olaraq ailəsinə övlad sevinci bəxş etmişdi. İlk təhsilini Rusiyanın Tümen şəhərində alan Vüsal 5-ci sinifdə oxuyarkən ailəsi ilə birlikdə Azərbaycana qayıtmış və Bakı şəhəri 138 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. Orta təhsilini 2014-cü ildə başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. Gədəbəydə hərbi xidmətinə başlamışdır. Hərbi xidmət müddətində 2016-cı ilin  Aprel döyüşlərində  iştirak etmişdir. Hər dəfə düşmən atəşkəsi pozan zaman düşmənin layiqli cavabını verən qəhrəmanın düşmənə nifrəti sonsuz idi. Vətən qeyrətini çəkən bir oğul üçün işğal qəbuledilməz idi. Vüsalın yaxınları bilirdilər ki, bir gün müharibə başlayarsa o, mübariz əsgərlər sırasında olacaq. Hələ 2016-cı ildə Aprel döyüşləri zamanı canını Vətənə sipər edən qəhrəman Vətən müharibəsində fərqlənməyi bacarmışdı. Ehtiyatda olan hərbçi kimi çağırışla təlimlərə qatılan Vüsal, oktyabrın 6-da döyüşlərə başlamışdı. Topatıcı əsgər olaraq hərbi əməliyyatlarda, xüsusilə də Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şiddətli döyüşlərin getdiyi Füzuli istiqamətində mübarizəyə başlayan qəhrəman 13 gün haqq savaşı aparmışdır. Vətənini, dinini, Allahını sevən oğul son nəfəsinə qədər döyüşmüş və Füzulinin azad olunmasının səbəbkarlarından biri olmuşdur. Oktyabrın 18-də atasına zəng edib "Füzuli azaddır" deyərək sevincini bölüşmüşdü. Həmin müjdəli xəbər Vüsalın son danışığı olub. Elə həmin gün döyüş bölgəsində qalan yaralı silahdaşına yaşamağa ümid olmağa çalışarkən düşmənin snayper atəşinə tuş gəlib və şəhadətə ucalıb.

Xatırladaq ki, Şahmarlı Vüsal Mərdan oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və “Laçının azad olunmasına görə”  medalları ilə təltif edilib.

Yaqut Ağaşahqızı,

Vüsal Cahanov, “İki sahil”