07 oktyabr 2021 17:37
1184

Azərbaycan-Türkiyə hərbi təlimlərində antiterror əməliyyatları ilə bağlı məsələ xüsusi yer tutur- Şair Ramaldanov

Şanlı Qələbəmizdən sonra Cənubi Qafqaz çox mühüm bir mərhələyə qədəm qoyub və regional təhlükəsizliyin təminatçısı Azərbaycan-Türkiyə birliyidir

Qürurvericidir ki, Azərbaycan-Türkiyə əməkdaşlığı digər istiqamətlərdə olduğu kimi, hərbi sahədə də yüksək səviyyədədir. Qardaş ölkələrimiz arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Naxçıvanda iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimləri də deyilənlərin əyani sübutudur. Bu cür təlimlər Türkiyə və Azərbaycanın hərbi sahədə güclərinin birləşdirilməsində, eyni zamanda, hərbçilərimizin döyüş qabiliyyətinin artırılmasında, bu sahədə daha böyük təcrübə toplamasında mühüm rol oynayır.

Hərbi ekspert, polkovnik Şair Ramaldanov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında qardaş ölkələrin keçirdikləri birgə təlimlərin əhəmiyyətini yüksək dəyərləndirib: “Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə fəaliyyəti, təlimləri və digər döyüş hazırlığı növlərinə uyğun tədbirləri artıq silsilə şəklində keçirilməkdədir. Doğrudur, hazırkı dövrə qədər də davamlı olaraq birgə təlimlər təşkil olunurdu. Amma indi bu cür təlimlər daha sıx keçirilir. Naxçıvanda təşkil olunmuş təlimləri də həmin birgə təlimlərin davamı kimi qəbul etmək lazımdır.”

Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri getdikcə intensivləşir. Bu da təsadüfi deyil. Çünki iki ölkə arasında hərbi əməkdaşlığa dair müvafiq sənəd imzalanıb. Bu sənədə görə, tərəflər il ərzində təyin edilmiş vaxtlarda qarşılıqlı hərbi təlimlər keçirə bilər. Yaradılan hüquqi bazaya uyğun olaraq iki ölkə mütəmadi olaraq birgə təlimlər keçirməli, həmçinin lazım olduqda həmin saziş  əsasında birgə fəaliyyət göstərərək  döyüş tapşırıqları, əmrləri yerinə yetirmək üçün hazır olmalıdırlar.

Birgə təlimlərin məqsədindən söz açan Ş.Ramaldanov vurğuladı ki, başlıca hədəf iki qardaş ölkənin Silahlı Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığını artırmaq, koordinasiyanı yüksək səviyyədə təşkil etməklə qərarların qəbul edilməsi, təcrübə mübadiləsi aparılması,  qərarların icrası ilə bağlı şəxsi heyətin idarə edilməsi və müştərək fəaliyyət göstərərək qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirilməsinə nail olmaqdır.

Ekspert xatırlatdı ki, Azərbaycan və Türkiyənin maraqları regionda stabilliyi və təhlükəsizliyi qorumağa xidmət edir: “Birgə təlimlər müəyyən ssenari üzrə reallaşır. Əlbəttə ki, bu, ilk növbədə bizim sərhədlərin qorunması, antiterror əməliyyatlarında terrorçulara qarşı mübarizə və ümumiyyətlə, qarşıya qoyula biləcək tapşırıqların yerinə yetirilməsi ilə bağlı olan ssenarilərdir. Ona görə də düşünürəm ki, bu təlimlərdə antiterror əməliyyatları ilə bağlı məsələ xüsusi yer tutur.”

Müsahibimiz təlimlərin siyasi baxımdan əhəmiyyətindən söz açarkən əlavə etdi ki, həm müharibədən əvvəl,  həm savaş dönəmində, həm  də postmüharibə dövründə iki qardaş ölkənin əlaqələrinin bu qədər yaxın olması bütün dünyaya mühüm ismarıcdır: “Bizim dostlarımız bizim hər bir uğurumuza və ölkələr arasındakı sarsılmaz qardaşlığa, yüksək əməkdaşlığa sevinirlər. Düşmənlərə də bu, bir mesajdır ki, Azərbaycan və Türkiyə hər zaman bir-birilərinin yanında olacaq və eyni maraqdan çıxış edəcəklər.

Azərbaycan və Türkiyənin uzun illərin sınağından çıxmış dostluq və sarsılmaz qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasında əlaqələr əbədidir və heç bir qüvvə bu dostluğun, qardaşlığın qarşısını ala bilməz. Qarabağ savaşı şanlı Qələbəmizlə başa çatandan sonra Cənubi Qafqaz çox ciddi və mühüm bir mərhələyə qədəm qoyur. Artıq hər kəs bilir ki, regional və beynəlxalq təhlükəsizliyin təminatçısı Azərbaycan-Türkiyə birliyidir.

Yaqut Ağaşahqızı, “İki sahil”