Sentyabrın 29-da İkinci Qarabağ müharibəsində iştirak edib şəhidlik zirvəsinə ucalan, Bakının Xətai rayonundan olan Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun şəhid olmasının ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Anım mərasimində iştirak edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şəhidlərin ailə üzvləri, qazilər, Vətən müharibəsinin iştirakçıları və digər ictimaiyyət nümayəndələri əvvəlcə İkinci Fəxri xiyabana gələrək igid zabitin məzarı üzərinə əklillər qoyaraq xatirəsini ehtiramla anıb, ruhuna dualar oxuyublar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpa olunması, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək bildirib ki, şəhid kapitan Ceyhun Həsənov və onunla birgə şəhid olmuş digər qardaşlarımız Vətən müharibəsinin başlanğıcında qələbəmizin təməlini qoydu: “Onların qəhrəmanlıqları, şərəfli döyüş yolu haqqında saatlarla, günlərlə danışmaq olar. Şəhidlərimizin xatirəsi kiçikdən böyüyə hər bir Azərbaycan vətəndaşının ürəyində əbədi yaşayacaqdır. Vətən müharibəsində öz canları, qanları bahasına qələbəni bizə yaşadan şəhidlərimizin adını müxtəlif formatlarda anır, xatirələrini əbədiləşdirmək üçün tədbirlər keçiririk. Əsas məqsədimiz odur ki, şəhidlərimizin Vətən müharibəsindəki şücaətini, keçdikləri şərəfli döyüş yolunu gələcək nəsillərin yaddaşına həkk edək. Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın əziz xatirəsi əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq, onların adları dövlətimiz tərəfindən daim uca tutulacaq və ehtiramla yad ediləcək. Allah şəhidlərimizə rəhmət eləsin.”

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə mərasimdə çıxış edərək bildirib ki, Ceyhun qardaşımızın timsalında bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Şəhid kapitan Ceyhun Həsənovun ruhu və onun valideynlərinin qarşısında baş əyirəm. Şəhidlərimizin valideynləri qürur hissi keçirə bilərlər ki, Vətənini, xalqını sevən belə cəsur övladlar böyüdüblər.
V.Rəhimzadə bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. Ən ağrılı problemimiz olan Qarabağ məsələsi də bir il öncə, sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində şəhidlərimizin canı və qanı bahasına öz ədalətli həllini tapdı, Azərbaycanın əzəli və tarixi torpaqları özünə qayıtdı: “ Şəhidlərimizin şücaəti, Vətənə bağlılığı hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənc nəslin nümayəndələri üçün nümunədir. Onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Allah şəhidlərimizə rəhmət eləsin.”

Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, aktyor və bədii qiraətçi Azad Şükürov vurğulayıb ki, şəhidlərimizin məzarı başında qürurla dalğalanan üçrəngli bayrağımızı Vətən müharibəsi dövründə qəhrəman övladlarımız sinələrinə basıb, Azərbaycan, Vətən, xalq deyərək ön sıralarda xüsusi şücaət göstərərək vuruşublar: “Bir övlad, bir qardaş, bir ata ki, Vətənin üzünü ağ edib, həmin el oğullarının şəhid olmaqlarına kədərlənmək yox, sevinmək və qürur hissi keçirmək lazımdır. Əziz şəhid valideynləri, sizin övladlarınız ərazi bütövlüyümüzü, milli qürurumuzu, Vətənimizi qorumaq uğrunda şəhid olublar. Azərbaycan xalqına şərəf duyğusunu yenidən bəxş edən belə igid övladı böyütməkdən, onun valideyni olmaqdan qürurlu heç nə ola bilməz.”
Daha sonra anım tədbiri Xətai rayonunda şəhid kapitan Ceyhun Həsənovun yaşadığı binada qoyulan xatirə lövhəsinin önündə davam etdirilib.
Mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Beynəlxalq dərəcəli hakim, idman ustası Hicran Şərifov və şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev xalqımızın ötən il 44 gün ərzində ancaq qələbə sevinci yaşadığını, şəhidlərimizin qanı, qazilərimizin sağlamlıqları hesabına torpaqlarımızın azad olunduğunu bildirib. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatları, peşəkar zabitlərin yetişdirilməsini, hərbçilərin döyüş təcrübəsinin artırılmasını Qələbəni şərtləndirən başlıca amillər kimi səciyyələndirib.
R.Quluyev zabit və əsgərlərimizin döyüş meydanlarında böyük hünər və rəşadət göstərərək, adlarını xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazdırdıqlarını vurğulayıb:”Ərazi bütövlüyümüzün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edən, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızın doğum və anım günləri silsilə vətənpərvərlik tədbirləri ilə qeyd edilir, onların məzarları ziyarət olunur, ailələrinə baş çəkilir, xatirələri ehtiramla anılır. Şəhid ailələrinin, müharibə iştirakçılarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhidlərimizin adının əbədiləşdirilməsi ilə bağlı mühüm məsələlər dövlət siyasətimizin əsasını təşkil edir.”
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərimiz bütün dünyaya səs salıb: “Şəhidlərimiz Azərbaycanın şanlı qəhrəmanlıq tarixini yazıblar. Qəhrəman Vətən oğullarımız sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib, qarşıya qoyduğu ən böyük hədəfə nail olub. Şanlı Qələbəmizə öz töhfəsini verən bütün şəhidlərimizin, xalqımızın qəhrəman övladlarının, o cümlədən şəhid kapitan Ceyhun Həsənovun xatirəsini daim ehtiramla yad edir və əziz tuturuq. Şəhidlərimizlə, qazilərimizlə, gənc övladını Vətən yolunda qurban verən məğrur şəhid valideynləri ilə qürur duyuruq.”

Beynəlxalq dərəcəli hakim, idman ustası Hicran Şərifov bildirib ki, qələbə ilə başa çatan İkinci Qarabağ müharibəsinin başlamasından artıq bir il ötür: “Şəhid kapitan Ceyhun Həsənov kimi igid oğullarımız müharibənin ilk günündən sinəsini qabağa verib döyüş meydanına atılmasaydı, düşmənin gözünə dik baxmasaydı, müharibəmiz Qələbə ilə başa çatardımı? Belə Vətən oğullarının göstərdikləri şücaət digər əsgərlərimizi də Zəfərə ruhlandırıb. Şəhidin ailə üzvlərinin, yaxınlarının qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”
Daha sonra tədbirdə şəhidin ailə üzvləri çıxış edərək Ceyhun Həsənovla bağlı xatirələrini bölüşüb, onun şərəfli həyat və döyüş yollarından söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şəhidin atası Aydın Həsənov qeyd edib ki, Ceyhun və onun əsgərləri müharibə başlayanda 7 BMP, 4 tank, bir neçə başqa texnika ilə döyüşlərə qatılıblar. Ermənin 3 postunu, hər postda da 10-11 nəfər düşmən əsgərini məhv edib. Geri qayıdarkən minaya düşərək şəhid olub. Mənim öz atam da 1941-45 illərin Böyük Vətən müharibəsində iştirak edib, bacımın oğlu, xalamın nəvəsi Vətən müharibəsində şəhid olublar. Bizim qanımızda Vətənə bağlılıq, xalqa sevgi var və bu da nəsildən-nəsilə keçir.
A.Həsənov Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə öz minnətdarlığını bildirib: “Ona görə ki, heç bir şəhidimizin qanını yerdə qoymadı, qisas alındı, tarixi ədalət bərpa olundu, şanlı Qələbə qazandıq. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərimi bildirirəm. Həmçinin Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevə və əziyyəti keçən hər kəsə şəhidlərimizin adının, xatirəsinin əbədiləşdirilməsi istiqamətində gördükləri işə görə minnətdaram.”
Şəhidin anası Səmayə Həsənova bildirib ki, Ceyhun evimin tək oğlu idi: “Fəxr edirəm ki, bu cür oğul böyütmüşəm. Bu gün də qürurla onun qarşısında dayanmışam. O, çox mərd, qürurlu və vətənpərvər oğul olub. Onun haqqında nə qədər danışsam yenə də bitməz. Deyirdi ki, mən bu Vətənin övladıyam. Vətənim uğrunda da öz vətəndaşlıq borcumu yerinə yetirməliyəm. Onun itkisi mənim üçün ağırdır. Amma yenə də fəxr edirəm ki, mənim Ceyhun kimi oğlum var. Ceyhun tabeliyində olan 80 nəfər heyətlə döyüşə girib, ilk səddi yarıb, Qarabağa ilk yol açıblar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”
Şəhid Ceyhun Həsənovun bacısı Xatirə xanım çıxışında qeyd edib ki, “1 il öncə torpağa tapşırdığımız qardaşım cəmi bir neçə saatın içində Vətən Müharibəsi Qəhrəmanı adını qazanıb. Füzuli döyüşlərinin necə ağır olduğu hamıya məlumdur. Ceyhun məhz belə ağır döyüşün qəhrəmanıdır. O, cəmi bir günlük döyüşü ilə bir neçə düşmən postunu darmadağın edib. Qardaşım əsl döyüşçü, əsgərlərinin sevimli komandiri olan bir zabit idi. Doğma Vətəni bütün varlığı ilə sevən kapitan Ceyhun Həsənov düşmən əlində əsir qalan, nalə çəkən Qarabağı azad etmək arzusu ilə yaşayırdı.”
Mərasimin sonunda məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Ceyhun Həsənov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” (09.12.2020) adı, “Vətən uğrunda” (15.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020) və “Qubadlının azad olunmasına görə” (29.12.2020) medalları ilə təltif olunub.
Yaqut Ağaşahqızı,
Vüsal Cahanov (foto), “İki sahil”