Hərbi ekspert: Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə aviasiya təlimlərinə başlaması bütün mövqelərdə bərabər olmağımızın növbəti təzahürüdür
Azərbaycanın etibarlı strateji tərəfdaşı olan qardaş Türkiyə ilə münasibətlərin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühümistiqamətlərindən biridir. Bu, özünü bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə də göstərir. Təhlükəsizliyinin qayğısına qalmaq hər bir müstəqil, suveren dövlətin təbii haqqıdır. Məlum olduğu kimi, hərbi-texniki əməkdaşlığın inkişafına təkan verən önəmli amillərdən biri də orduların birgə təlimlərinin keçirilməsidir.

İndiyədək Azərbaycan və Türkiyə silahlı qüvvələri heç bir başqa dövlətin maraqlarını təhdid etməyən çox sayda birgə təlimlər keçiriblər. Buna misal olaraq “EFES”, “Anadolu Ankası”, “Qış təlimi”, “Anadolu ulduzu”, “Erciyes- 2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz qardaşlıq”, “TurAz Qartalı - 2019”, “TurAz Qartalı – 2020” və “Heydər Əliyev – 2020” təlimlərini göstərmək olar. Bununla yanaşı, Bakıda 2014-cü ildə “ADEX-2014”, 2016-cı ildə “ADEX-2016”, ”2018-ci ildə “ADEX-2018” və İstanbulda 2017-ci ildə “İDEF-2017”, 2019-cu ildə “İDEF-2019” və 2021-ci ildə “IDEF - 2021” beynəlxalq müdafiə sənayesi sərgilərinin təşkili hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına təkan verib.

Qeyd etmək yerinə düşər ki, bundan əvvəl də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik planlara uyğun olaraq, dəfələrlə ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilir. Məsələn, iki qardaş ölkə arasında bağlanmış əməkdaşlıq haqqında sazişə əsasən, iyunun 28-dən Bakıda “Mustafa Kamal Atatürk - 2021” birgə döyüş atışlı taktiki təlimi uğurla keçib. Təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi olub.

Belə əhəmiyyətli tədbirlərdən biri də “Texnofest-2021”dir. Sentyabrın 20-də Türkiyənin İstanbul şəhərində “Texnofest-2021” festivalının açılış mərasimi baş tutub. Tədbir Atatürk Hava Limanında keçirilən sayca dördüncü festivaldır. Eyni zamanda, dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalıdır. Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edir. Sentyabrın 21-də İstanbulda başlayan festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd “MiQ-29” qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır. Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək. "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar bildirib ki, "Texnofest-2022" festivalının Azərbaycanda təşkil olunacaq.
Bəs “Texnofest-2021” festivalının əhəmiyyəti nədən ibarətdir?

Hərbi ekspert Ramil Məmmədli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Azərbaycan pilotlarının Türkiyə pilotları ilə birgə təlimlərdə iştirakı ənənəvi haldır: “Azərbaycan və Türkiyə hərbi pilotlarının “Texnofest-2021” festivalında aviasiya təlimlərinə başlaması dostluğumuzun, qardaşlığımızın və bütün mövqelərdə bərabər olmağımızın növbəti təzahürüdür. Türkiyə və Azərbaycanın birliyi hər iki ölkənin gücünə güc qatır. Hərbi təlimlərimizin də birgə keçirilməsi Azərbaycanı və Türkiyəyə qarşı ikili siyasət yeridən dövlətlərə qarşı həm də bir mesajdır”.
Hərbi ekspert qeyd edib ki, Azərbaycanın hərbi hava qüvvələri qısa zaman kəsiyində böyük inkişaf yolu keçib. Bu, özünü Vətən müharibəsində də göstərdi: “Azərbaycan hərbi hava qüvvələrinin nümayəndələrinin belə bir texniki festivala dəvəti Azərbaycan pilotlarının peşəkarlığını növbəti dəfə sübut edir.

Azərbaycan Ordusunun iştirak etdiyi istənilən təlim ordunun inkişafı, hərbi qulluqçuların təcrübələrinin artırılması və qarşıda duran tapşırıqların icrası baxımından olduqca əhəmiyyətlidir. Bu baxımdan hər şeydən əvvəl Azərbaycan Ordusunun bu cür təlimlərdə iştirak etməsi təqdirəlayiqdir. Bu təlimlərin reallaşması texniki məsələ olmaqla yanaşı, eyni zamanda, siyasi məsələdir. Azərbaycan Silahlı Qüvvələri bu təlimlərdə iştirak etməklə həm də hərbi-siyasi mövqeyini açıq şəkildə beynəlxalq ictimaiyyətə nümayiş etdirir. Bu baxımdan ordumuzun təlimlərdə iştirakı həm də həmin təlimlərdə iştirak edən ölkələrlə təlimin keçirildiyi ərazi sahibi ilə hərbi əməkdaşlığının olmasının göstəricidir. Qarşıda duran digər məsələlər isə ordunun imkanlarının daha da gücləndirilməsi, daha keyfiyyətli döyüş əməliyyatlarının aparılmasıdır. Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun yenilənməsi iqtiqamətində aparılan kadr və struktur islahatları, maddi-texniki təminatın gücləndirilməsi vahid prosesin tərkib hissəsidir”.
Nigar Orucova, “İki sahil”