İkisahil.TV-nin bugünkü müsahibi hərbçi-ekspert Ədalət Verdiyevdir
- Laçın rayonunda Azərbaycan-Türkiyə birgə təlimləri davam edir. Sizcə, bu təlimin əvvəlkilərdən fərqi nədir?
- Bu təlimlərin digər təlimlərdən fərqi ondadır ki, onlar eyni yerdə deyil, ayrı-ayrı məkanlarda bir neçə istiqamətlər üzrə icra olunur. Vətən müharibəsi başa çatandan sonra Azərbaycan qardaş Türkiyə ilə birgə təlimləri daha da intensiv keçirir. Ölkələrimiz arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, sentyabrın 6-dan Laçın rayonunda növbəti birgə döyüş atışlı taktiki təlim başlayıb.
Təlimlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və uzlaşmanın təkmilləşdirilməsindən, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir. Çətin relyef şəraitində ekipajlar texnikalardan, şəxsi və kollektiv silahlardan döyüş atışlarını icra edirlər. Təlimlər yüksək dağlıq ərazilərdə, geçə və gündüz keçirilir. Təlimlərdə müxtəlif hücum əməliyyatlarının hazırlanmasında ortaq uzlaşma, bölmələr arasında qarşılıqlı əlaqənin təşkili, məlumat mübadiləsi, məxfiliyin qorunması, silahlıların müxtəlif üsullarla məhv edilməsi və ərazilərimizin etibarlı müdafiəsinin təşkili kimi məsələlər məşq edilir. Eyni zamanda, müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilir.
- Müşahidələrə əsasən deyərdik ki, son aylarda keçirilən birgə təlimlərin sayı kifayət qədər artıb…
- Elədir. Azərbaycan və Türkiyə hər ay birgə təlim keçirməklə cəmiyyətdə bu prosesə alışqanlıq yaradıb. Amma məhz Laçın təlimi keçirildiyi ərazi baxımından Azərbaycan və Türkiyə üçün mühüm əhəmiyyətə malikdir. Birincisi, bu təlim Şuşa Bəyannaməsinin imzalandığı yerdən cəmi 25 km kənarda keçirilir. İkincisi, Zəngəzur dəhlizinin müqabilində ermənilərə təqdim edilən Laçın dəhlizi təlimin keçirildiyi ərazidən çox da uzaqda deyil. Ərazimizdən keçən Gorus-Qafan yolunun bir hissəsi də təlim iştirakçılarının vizual müşahidə zonasındadır. Belə olan halda təlimlərin Azərbaycan üçün mühüm hərbi-siyasi əhəmiyyət daşımasının səbəbləri aydın olur. Bu təlim həm də Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan istəsə də, istəməsə də reallaşacaq bəyanatının icrası istiqamətində atılan real addım kimi dəyərləndirilməlidir. Hərbçilərimiz həm Türkiyə, həm də Azərbaycan ərazisində olmaqla, çox fərqli formatlarda təlimlərə qatılıblar. İlk dəfədir ki, Azərbaycan Şərqi Zəngəzur ərazisində Türkiyə ilə birgə döyüş atışlı təlimlər keçirir. Bu təlimdə hər iki ölkənin şəxsi heyəti vahid şəkildə şərti düşmən hesab olunan hədəflərə doğru atəş açırlar. İkitərəfli birgə döyüş atışlı təlimlər uzun hazırlıq müddəti tələb edir. Bu təlimlər öncədən hazırlanmış təlim poliqonlarında həyata keçirilir.
- Türkiyə ilə Azərbaycanın Laçında birgə təlimlər keçirməsi Ermənistana hansı mesajları verir?
- Türkiyə ilə Azərbaycanın istənilən ərazidə təlimlər keçirməsi Ermənistanda daim narahatlıq doğurub. İndi isə təlimlərin Şərqi Zəngəzurda təşkil edilməsi rəsmi İrəvanın və separatçı qurumun təşvişinə səbəb olub. Əslində bu tip təlimlərin keçirilməsi gözlənilirdi. Ərazinin Qarabağ və ya Zəngəzur olması fərq etmir, çünki hər ikisi ordumuzun gücünə azad olunan Azərbaycan ərazisidir. Azərbaycan isə öz ərazisinin istənilən nöqtəsində, o cümlədən rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə əməliyyatlar keçirmək hüququna malikdir. Zəngəzurda keçirilən birgə təlimlər düşmən ölkənin mediasında Ermənistana qarşı hərbi-siyasi təzyiq faktoru kimi qiymətləndirilib. Bilirik ki, xain xoflu olar, kor da ürkək. Amma təlimlərin bu ərazidə və bu formatda keçirilməsinin əsas səbəbi Ermənistanın imzaladığı sənədin şərtlərinə əməl etməməsi və səsləndirdiyi son bəyanatlar ilə atdığı addımlarının bir-birinə zidd olmasıdır. Gördüyümüz kimi, təlimlərin artıq Zəngəzurda keçirilməsi Azərbaycanın ərazi bütölüyünün tam bərpa edilməsində və birgə Bəyanatın şərtlərinə istənilən yolla nail olmaqda qərarlı olduğunu göstərir. Birgə təlimlərin erməni tərəfinə daha konstruktiv olmaq üçün təsir göstərəcəyi də istisna deyil. Bu təlimlər təbii ki, Ermənistan tərəfini narahat edir. Çünki 30 illik işğal dövründə Ermənistan tərəfi bizim şəhidlərimizin məzarlıqları üzərində təlimlər keçirdi. Ermənistan işğal dövründə evlərimizlə, şəhidlərimizin və orada məzarları olan soydaşlarımızın başdaşları ilə, məzardakı cəsədləri ilə savaşdı. Belə bir təlimin keçirilməsi və bundan onların narahat olması normaldır. Hamı bilməlidir ki, Azərbaycan əsgəri heç vaxt Ermənistan ordusu kimi maddi və qeyri-maddi varlıqlarla deyil, yalnız döyüş meydanında düşmən əsgəri ilə savaşıb, bundan sonra da belə olacaq. Bizim evlərlə, məzarlarla, qəbiristanlıqla işimiz olmaz.
- Sülhməramlı qüvvələrin qarşısına qoyulan əsas məqsəd münaqişə tərəflərinin lokal və böyük qarşıdurmasının qarşısını almaqdır. Amma təəssüflər olsun ki, Rusiya sülhməramlıları üzərlərinə götürdükləri vəzifələri yerinə yetirmirlər. Sizcə, Rüstəm Muradov fəaliyyəti ilə yaddaşlarda necə qaldı?
- Yaxşı olardı ki, yeni komandan Rüstəm Muradovun səhvlərini təkrarlamasın. R.Muradovun komandanlığı dövründə ard-arda təxribatlar törədildi, o cümlədən Qarabağa qanunsuz yüklər daşındı. Həmçinin “sülhməramlının” beş yaşlı erməni qızı ilə qondarma rejimin bayrağını əlində tutarkən yayılan fotosu da bizi qıcıqlandırmağa hesablanmışdı. Biz dəfələrlə etirazımızı bildirsək də müsbət nəticə olmadı. Yeni rəhbərlik bunları nəzərə almalıdır. Əks halda o da Azərbaycan xalqının yaddaşında qara hərflərlə qalacaq”. Müşahidələrimizə əsasən deyə bilərəm ki, Rüstəm Muradov Araiklə çox yaxınlaşdı. Onların təhlükəli öpüşlərinin də altını çəkdik. Separatçı rejimin bayrağı önündə pozlar verdi”. Üçtərəfli Bəyanatın şərtləri bu günə qədər də yerinə yetirilməyib, Qarabağdan erməni silahlıları çıxarılmayıb. Əslində sülhməramlı kontingent əsas yerinə yetirməli olduğu missiya bu idi, Rüstəm Muradov isə bunu yerinə yetirmədi. Əksinə, ən azı iki dəfə Ermənistandan Qarabağ ərazisinə silahlıların keçməsi faktı təsdiqləndi. Bundan başqa, digər ölkə vətəndaşları və maşınları yüklə birlikdə Azərbaycanın icazəsi olmadan Qarabağ ərazisinə daxil olurdu. Bunların hamısı yadımızdadır”. Rüstəm Muradovun gedərkən məhz erməni tərəfi ilə vidalaşması bir daha onun əsl simasını göstərir. Mixail Kosobokovun təyin olunmasına gəldikdə isə, bu şəxs bir neçə dəfə sülhməramlıların fəaliyyət göstərdiyi əraziyə ən azı bir neçə dəfə gedib-gəlib. Onun R.Muradovun yol verdiyi səhvləri təkrarlamayacağını gözləyirik.
- Ədalət müəllim, Şuşa şəhərindən bugünlərdə qayıtmısınız. Yəqin ki, unutmadığınız məqamlar az deyil. Bu barədə nə deyərdiniz?
- Şuşa şəhərinə səfərimlə bağlı təəssüratlarım çox zəngindir. Burada məni ən çox təsirləndirən və xoşuma gələn Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AHKA) fəaliyyəti oldu. Səfərdən əvvəl AHKA-nın fəaliyyəti ilə bir qədər qiyabi tanış olmuşdum, amma mülki bir təşkilatın Silahlı Qüvvələrimzə bu qədər yaxın ola biləcəyini düşünmürdüm. AHKA-nın həkimləri müharibə zamanı olduğu kimi, bu gün də qəhrəman əsgərlərimizin yanındadırlar. 44 günlük müharibə zamanı AHKA-nın üzvü olan könüllü həkimlər həm mülkü xəstəxanaların hospitallara, həmçinin birinci və ikinci tip xəstəxanalara çevrilməsində, həm də yaralıların təxliyəsində və müalicəsində müstəsna xidmətlər göstəriblər. Çox xoşdur ki, müharibənin gözə görünməyən qəhrəmanları savaşdan sonra da öz xidmətlərini işğaldan azad olunmuş torpaqlarımızda tam təmənnasız olaraq davam etdirirlər. Zəngilan, Qubadlı, Hadrut və Şuşada təsis olunan AHKA klinikalarında onlarla həkim hərbçilərimizin sağlamlığının daim keşiyindədir. AHKA-nın bu fəaliyyəti təkcə səhiyyə orqanları üçün deyil, bütün özəl və dövlət sektoru, həm də vətəndaşlarımız üçün bir örnəkdir. Hesab edirəm ki, hər bir qurum öz sahəsində bu öhdəliyin yerinə yetirilməsi üçün əlini daşın altına qoymalıdır.
Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, «İki sahil»