08 iyul 2021 00:37
1007

Ermənistan təxribatçı addımlarına görə beynəlxalq təşkilatlar tərəfindən cəzalandırılmalıdır

Ermənistan təxribatçı addımlarına görə beynəlxalq təşkilatlar tərəfindən cəzalandırılmalıdır. Bu kimi təxribatlar bütün regionun təhlükəsizliyi üçün ciddi təhdiddir.

Bu sözləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert, polkovnik Cəlil Xəlilov deyib.

O qeyd edib ki, 2020-ci ilin 10 noyabr bəyanatı ilə müharibəyə son qoyulsa da, məğlub Ermənistan zaman-zaman müxtəlif təxribatlara əl atmaqda davam edir: “İyulun 6-da Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələrinin Ermənistan ordusu tərəfindən atəşə tutulması nəticəsində hərbi qulluqçumuz baş gizir Sakit Dadaşovun yaralanması Ermənistanın açıq təxribatçılıq cəhdindən xəbər verir. Bu fakt bir daha onu göstərir ki, Ermənistan 44 günlük Vətən müharibəsindəki ağır məğlubiyyəti ilə barışmaq istəmir, bu kimi təxribatlarla vəziyyəti yenidən gərginləşdirməyə çalışır. Hərbçilərimizdən birinin erməni atəşi nəticəsində yaralanması faktı düşmənin öz məkrli niyyətlərindən əl çəkmədiyini göstərir.

Azərbaycan tərəfi baş verən məlum insidentlə bağlı Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verib. Bu məsələ həm Rusiya sülhməramlı qüvvələrinin komandalığı, həm də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi tərəfindən ətraflı surətdə araşdırılmalı, Ermənistan bu təxribata görə ciddi şəkildə cəzalandırılmalıdır. Çünki bu cür addımların cəzasız qalması təxribatçı Ermənistanı belə addımlara həvəsləndirə, oxşar insidentlərin baş verməsi üçün psixoloji zəmin formalaşdıra bilər”.

Polkovnik qeyd edib ki, Ermənistanın bu təxribatları regionda sülh və təhlükəsizlik üçün ciddi təhdiddir və buna görə həm region dövlətləri, həm də beynəlxalq təşkilatlar İrəvana cidid təzyiq göstərməlidir. Ermənistanın 10 noyabr bəyanatının şərtlərinə zidd olaraq atəşkəsi pozması, hərbçilərimizi atəşə məruz qoyması regionda sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyidir. Məhz bu səbəbdən də region dövlətləri, o cümlədən dünyanın aparıcı ölkələri, həmçinin beynəlxalq təşkilatlar baş verənlərə həssas yanaşmalı, Ermənistanın regionda yeni bir gərginlik yaratmasına imkan verməməlidirlər. Unutmaq olmaz ki, Ermənistanın bu cür təxribatları bütün region dövlətlərinin maraq və mənafeyinə ziddir və bölgənin sabahına təhdiddir.

Hərbi ekspertin sözlərinə görə, bu təxribatların davam etdirilməsi İrəvanın özü üçün faciəvi nəticələrə səbəb ola bilər. Ermənistan özü də bu təxribatların ona heç nə verməyəcəyini, əksinə onu böyük faciələrlə üz-üzə qoyacağını anlamalı, belə davranışlardan imtina etməlidir. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycanı təxribatlarla, zor və təzyiqlə qorxutmaq, geri çəkilməyə vadar etmək mümkün deyil. Azərbaycan onun ərazi bütövlüyünə qəsd edən işğalçı Ermənistanı darmadağın etməklə sübut etdi ki, o, hər cür təhdid və təhlükəni aradan qaldırmağa qadirdir və bundan sonra da bu kimi məsələlərdə eyni qətiyyəti sərgiləyəcək. Bu baxımdan Ermənistan başa düşməlidir ki, təxribatlarını davam etdirərsə, o zaman bunun acı nəticələri ilə də üzləşməli olacaq.

AZƏRTAC