Diqqətli, səbirli, cəsur Azərbaycan polisi: Asayişin, sabitliyin təhlükəsizliyin keşiyində
Tarixi 1918-ci ilə dayanan Daxili İşlər Nazirliyi əməkdaşları o gündən bu günə qəhrəmanlıq, humanizm simvolu olub , ölkədə asayişin qorunmasında, təhlükəsizliyin mühafizəsində, sabitliyin və əmin-amanlığın qorunmasında, cinayətkarlığa qarşı mübarizədə fədakarlıqlar göstəriblər. Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli "Azərbaycan Polisi gününün təsis edilməsi haqqında" fərmanına əsasən bu tarixi gün - 2 iyul respublikada hər il polis əməkdaşlarının peşə bayramı - Polis günü kimi qeyd edilir.
Bu gün yaradılmasının yüz üçüncü ilini bayram edən Azərbaycan polisi gərgin və şərəfli inkişaf yolu keçmişdir. Təbii ki, polisin keçdiyi yol dövlətçiliyimizin tarixi ilə sıx bağlıdır. Tarixə nəzər salsaq görərik ki, 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə İttifaq Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan idi. Lakin buna baxmayaraq, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə edib, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanmış, təşkilati cəhətdən möhkəmlənib.
1941-45-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşmuş, qəhrəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülüblər. DİN nümayəndələrinin əsas şücaəti isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra bir daha üzə çıxıb. Belə ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti yaxından iştirak edir. Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid verib, 681 əməkdaş isə əlil olub.
Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri fədakarlıqlara, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə daxili işlər orqanlarının 67 əməkdaşına "Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adı verilib, 86 əməkdaş "Azərbaycan Bayrağı” ordeni, 1143 nəfər orden və medallara layiq görülüb.
18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.
Hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirilir və zənginləşdirilir. Bu, hüquq- mühafizə sistemində, habelə polis orqanlarında çalışanların qarşısına yeni və mühüm vəzifələr qoymaqla yanaşı, onların məsuliyyətini daha da artırır və bu şərəfli peşədə çalışmaq üçün hər bir polis əməkdaşına stimul verir.
Bugünkü sabitliyin, inkişafın, gələcəyə inamın təməlində Prezident İlham Əliyevin yürütdüyü siyasət durur. Eyni zamanda, bu siyasətin reallaşmasında xüsusi xidmətləri olan polis orqanlarının fəaliyyəti xüsusi qeyd olunur. Ali Baş Komandan deyir: “Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis orqanları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atılıb. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası yaradılıb, ölkədə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı uğurlu mübarizəyə nail olunub, vətəndaşların dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradılıb.
Cənab nazir Vilayət Eyvazovun təyinatından sonra polis orqanlarında başlanan müsbət tendensiyaları hər birimiz müşahidə edirik. Polisin cəmiyyətdə durmadan artan nüfuzu, sistemə yeni qəbulun tam şəffaf şəkildə aparılması,layiqli şəxslərin polis orqanlarına qəbulu göz önündədir.
Polis orqanlarında uzun illər şərəfli xidmət yolu keçən kadrlar bu gün V.Eyvazovun başlatdığı islahatlara dəstək verir, var qüvvələri ilə polisin şərəfli adının qorunmasına çalışırlar.
Bu gün görünməz düşmənlə-amansız virusa qarşı mübarizədə də polislərimiz ön sıradadır. Pandemiya ilə mübarizə dönəmində Azərbaycan polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə həyata keçirir. Biz bunları istər yol patrul xidmətinin əməkdaşlarının yollarda hərəkətin tənzimlənməsində göstərdikləri xidmətdə, istər daxili qoşunların əməkdaşlarının fəaliyyətində, istərsə də digər polis əməkdaşlarının göstərmiş olduqları fədakarlıqlarda görə bilərik. Bu çətin və məsuliyyətli günlərdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general- polkovnik cənab Vilayət Eyvazovun rəhbərliyi ilə Azərbaycan polisi öz dövlətinə sədaqətlə xidmət edərək dünyada ən yaxşı polis nümunəsi göstərdi. COVID 19 pandemiyası dövründə Azərbaycan polisinin üzərinə böyük məsuliyyət qoyulmuşdu- o həm ölkə ərazisində cinayətkarlıqla mübarizə aparmalı idi, eyni zamanda ictimai asayişi də qorumalı idi. Yalnız ictimai asayişin bərqərar olduğu cəmiyyətdə inkişaf mümkündür. Azərbaycan polisi bu vəzifənin öhdəsindən layiqincə gəlməklə bir daha öz peşəkarlığını və şücaətini sübut etdi.
Hər hansı təhlükə, risk anında, özünü müdafiəsiz hiss etdiyi məqamda hər bir vətəndaşın gözü məhz polisi axtarır. Çünki hər kəs əmindir ki, polis onun təhlükəsizliyi üçün lazım gələrsə öz canını da təhlükəyə atar. Bütün bunlara görə Azərbaycan polisi, təbii ki, qürurludur. Bu qürur onu daha məsuliyyətlə, daha şərəflə xidmət etməyə ruhlandırır.
Azərbaycan polisindən danışırıqsa xatırlatmaq yerinə düşər ki, Vətən müharibəsi dönəmində də müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman Azərbaycan əsgərinin şücaəti ilə əldə olunan şanlı qələbədə, sözsüz, daxili işlər orqanlarının və DİN-in Daxili Qoşunlarının da xüsusi payı var. İkinci Qarabağ savaşında Daxili Qoşunlar da daxil olmaqla, DİN və onun strukturlarının xeyli sayda əməkdaşı göstərdikləri rəşadətə və qəhrəmanlığa görə orden və medallarla təltif olunmuşlar. Təbii ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması daxili işlər orqanlarının qarşısında bir çox yeni vəzifələr müəyyənləşdirir. DİN və onun strukturları bütün bu vəzifələri ona görə mükəmməl formada yerinə yetirə bilir ki, nazirliyin rəhbərliyi peşəkardır, bu strukturun fəaliyyəti “gənclərin qətiyyəti və novatorluğu, yaşlıların müdrikliyi və təcrübəsi” prinsipi əsasında qurulur. Vəzifələr dəqiq müəyyənləşdirilir, onların yerinə yetirilməsi üçün sədaqətli xidmət göstərilir.
Azərbaycan Polisi şanlı ənənələrini layiqincə davam etdirəcəklər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcək.
Bu şərəfli missiyalarını yerinə yetirən başda cənab nazir Vilayət Eyvazov olmaqla bütün polislərimizi ürəkdən təbrik edirik. Biz sizinlə qürur duyuruq. Bu qüruru bizlərə yaşatdığınız üçün var olun! Tükənməz gücünüz, bitməyən cəsarətinizlə hər zaman vəzifə başında olun! Allah sizi qorusun! 103 yaşın mübarək, polisim!
Yaqut Ağaşahqızı, “İki sahil”