29 iyun 2021 21:12
1070

Vətən müharibəsi və yeni reallıqlar Azərbaycan Ordusunun gələcək simasının müəyyənləşməsində mühüm rol oynayacaq - Cəlil Xəlilov

“44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun döyüş hazırlığının nə qədər yüksək, həmçinin maddi-texniki bazasının nə qədər güclü olduğunu göstərdi. Azərbaycan bu müharibədə hərbi texnologiyanın ən müasir yeniliklərini tətbiq etdi”.

Bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov “İki sahil”ə açıqlamasında dedi. C. Xəlilov Ordumuzun bu təcrübəsinin, Vətən müharibəsindəki taktika və strategiyasının dünyanın bir çox dövləti tərəfindən öyrənildiyini bildirdi: “Lakin təbii ki, Ordumuzun bundan sonra da müasir texnika ilə təmin edilməsi, ən son hərbi məhsullarla təchizi qarşıda duran əsas məsələlərdən biridir. Ali Baş Komandan dəfələrlə bəyan edib ki, Ordumuzun peşəkarlığının artırılması, döyüş hazırlığının qorunub saxlanılması, müasir silah-sursatla təmin olunması bundan sonra da diqqət mərkəzində olacaq.

Azərbaycan bu istiqamətdə artıq bəzi əməli addımlar atmaqdadır. Belə ki, Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması bunun ən böyük sübutudur. Bildiyiniz kimi, bu Bəyannamə ikitərəfli münasibətləri bütün parametrlər üzrə, o cümlədən hərbi müstəvidə daha da inkişaf etdirməyi nəzərdə tutur ki, bu da ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir”.

Polkovnik xüsusi olaraq vurğuladı ki, Türkiyə NATO-nun üzvü olan ən güclü dövlətlərindən biridir: “Vətən müharibəsində düşmən üzərində Qələbə əldə etməyimizdə Türkiyədəki hərbi məktəblərdə təhsil alan zabitlərimizin böyük əməyi oldu. O cümlədən, Azərbaycan-Türkiyə hərbi təlimləri ordumuzun peşəkarlığının artırılmasında, onun döyüş qabiliyyətinin yüksəldilməsində mühüm rol oynadı. Şuşa Bəyannaməsi bu sahədə daha geniş əməkdaşlıq üçün hüquqi əsas yaradır”.

Vətən müharibəsi Azərbaycanın hərbi sənaye məhsullarının real döyüş şəraitində sınanması baxımından da mühüm əhəmiyyət kəsb etdi, söyləyən C.Xəlilov qeyd etdi ki, məhz milli hərbi sənayemizin istehsal etdiyi məhsullar nəticəsində Azərbaycan Ordusunun xarici hərbi məhsullardan asılılığı minimuma endi. Ordunu əsas sursat və mərmilərlə məhz yerli hərbi sənaye müəssisələrinin təmin etdiyini yada salan polkovnik bildirdi ki, Vətən müharibəsindən sonra ölkəmizdə hərbi sənayenin daha da genişləndirilməsi, yeni ad və çeşiddə hərbi məhsulların istehsal edilməsi planlaşdırılır: “Azərbaycan bu məsələdə də qardaş Türkiyənin təcrübəsindən istifadə edəcək. Yəqin ki, Vətən müharibəsində Azərbaycanın qalibiyyətində özünəməxsus rol oynayan birgə dron və müşahidə sistemlərinin istehsalı da Türkiyə ilə yaxın gələcəkdəki əməkdaşlıqda yer alacaq. Bir sözlə, Vətən müharibəsi və yeni reallıqlar Azərbaycan Ordusunun gələcək simasının müəyyənləşməsində mühüm rol oynayacaq.

Onu da qeyd edim ki, Ermənistandan fərqli olaraq Azərbaycan iqtisadi baxımdan da olduqca güclüdür və bu güc ona ordumuzu inkişaf etdirmək, onun inkişafı üçün gərəkli olan xərcləri qarşılamağa imkan verir”.

Günel Eyyubova, “İki sahil”