Tərlan Eyvazov: Vətən müharibəsində tətbiq olunan hərbi strategiya və taktikalar dünyanın ən güclü ordularına malik dövlətləri tərəfindən də maraqla qarşılanıb
Azərbaycan Ordusunun gücləndirilməsi, döyüş hazırlığının inkişaf etdirilməsi hər zaman diqqətdə saxlanılır. Prezident, Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, Silahlı Qüvvələrimizin inkişafı, möhkəmləndirilməsi prosesi bundan sonra da davamlı olacaq, ordumuzun dünyanın ən müasir silah və hərbi texnikası ilə təchiz edilməsinə prioritet istiqamət kimi yanaşılacaq. Ordumuz Vətən müharibəsində işğalçı Ermənistanı ağır məğlubiyyətə uğradaraq torpaqlarımızdan qovsa da, erməni faşizminin nə qədər təhlükəli, məkrli olduğu hər kəsə məlumdur. Bu gün Ermənistan daxilindəki bəzi qüvvələr revanşist çağırışlarla çıxış edirlər. Azərbaycan dövləti isə həmişə bəyan edir ki, Azərbaycan Ordusu hər zaman istənilən təxribatın qarşısını almağa hazırdır. Ermənistan həmişə Qarabağdakı rüsvayçı məğlubiyyətindən dərs almalı, nəticə çıxarmalıdır.

Mövzu ilə bağlı “İki sahil”ə danışan hərbi ekspert Tərlan Eyvazov bildirib ki, adətən müharibə bitdikdən sonra silahlı qüvvələrin sayında azalma müşahidə olunur. Müəyyən ixtisarlar gedir və silahlı qüvvələrə ayrılan maliyyə vəsaitləri daha çox müharibənin törətdiyi fəsadların aradan qaldırılmasına yönəldilir. T. Eyvazov qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Təbii ki, bundan başqa Azərbaycan İranla dövlər sərhədini tam çəkildə bərpa edib: “Bütün bunların təmin olunması üçün sadəcə texniki mühəndis vasitələri deyil, həmçinin şəxsi heyətin artırılması çox vacibdir. Ona görə də Azərbaycan Dövlət Sərhəd Xidmətinin yükü ikiqat ağırlaşır. Və bu məntəqələr hamısı zaman-zaman tədricən Dövlət Sərhəd Xidmətinin ixtiyarına verilməlidir. Yəqin ki, sülh sazişi bağlanandan sonra Dövlət Sərhəd Xidməti öz məntəqələrini quraşdıracaq. Bu gün də Ermənistan tərəfindən sərhəd zonalarında müəyyən təxribatlar törədilir. Bu təxribatların baş tutmaması üçün hərbçilərimiz keşik çəkirlər. Sərhədçilərin arxasında müəyyən məsafədə hərbi hissələr, hərbi birləşmələr olmalıdır. Bu boş zonalarda isə hərbi hissələrimizin yerləşməsi üçün qarnizonların, şəhərciklərin tikilməsi işi davam etdirilir. Və bu da özlüyündə Azərbaycanın Silahlı Qüvvələrinin daha da genişlənməsi, şəxsi heyətinin sayının artırılmasını tələb edir”.
Hərbi ekspert vurğulayıb ki, Vətən müharibəsində tətbiq olunan hərbi strategiya və taktikalar dünyanın ən güclü ordularına malik dövlətləri tərəfindən də maraqla qarşılanıb: “Azərbaycanın həm torpaqlarının işğal altında olduğu vaxtda, həm də bu gün üçün prioritet vəzifələrindən biri olan ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində Silahlı Qüvvələrin tərkibindəki bütün qoşunların döyüş imkanlarının artırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı. Bu mənada Azərbaycan üçün inkişafın əsas göstəricilərindən biri ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətinin artırılmasıdır”.
Nigar Orucova, “İki sahil”