Prezident İlham Əliyevin iyunun 24-də imzaladığı sərəncamlarla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin 76 min 349 hərbi qulluqçusu müxtəlif orden və medallarla təltif olunub.
Həmçinin iyunun 25-də dövlət başçısı İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam 2021-ci il iyulun 1-dən qüvvəyə minir və bu əlavə hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 20-60 faizi həcmində olacaq. Bütün bu sərəncamlar əsgər və zabitlərimiz, o cümlədən bütün ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır, yüksək qiymətləndirilir.
İkinci Qarabağ müharibəsi qazisi Elnur Əkbərov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yüksəldilməsi istiqamətində tədbirlər ardıcıl şəkildə həyata keçirilir: “İyunun 24-də 76 mindən artıq hərbi qulluqçunun orden və medallarla təltif olunması, iyunun 25-də isə hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 20-60 faizi həcmində əlavələri nəzərdə tutan müvafiq sərəncamların imzalanması Prezident İlham Əliyevin, dövlətimizin hərbçilərə göstərdiyi böyük diqqət və qayğının növbəti nümunəsidir. Bundan əvvəlki dövrdə də ölkəmizdə hərbçilərin mənzil-məişət problemlərinin həlli, onların xidmət şəraitinin müasir standartlara uyğun olaraq yenidən qurulması, maaşlarının artırılması istiqamətində mühüm işlər görülüb. Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Dövlətimiz ordumuz üçün zəruri olan hər şeyi edir. Xüsusən ordumuzun maddi-texniki bazası daha da möhkəmləndirilir.”
E.Əkbərov bildirdi ki, hərbi bazalar, şəhərciklər, hərbi hissələr rekonstruksiya edilir, əsaslı təmir olunur: “Hərbi qulluqçuların gündəlik yaşayış problemləri uğurla həll edilir. Hərbçilər üçün yaşayış binalarının istifadəyə verilməsi artıq ölkəmizdə xoş ənənəyə çevrilir. İyunun 25-də dövlət başçısı İlham Əliyevin hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 20-60 faizi həcmində əlavələri nəzərdə tutan müvafiq Sərəncam imzalaması yüz minlərlə insanın sosial vəziyyətinin daha da yaxşılaşmasına səbəb olacaq. Bütün bunlar Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş qabiliyyəti və mənəvi-psixoloji vəziyyətinə müsbət təsir edəcək. Hərbi qulluqçuların hər biri Ali Baş Komandan İlham Əliyevə minnətdardırlar və onların qarşısında qoyulan istənilən əmri şərəflə icra etməyə hazırdırlar.”
Cavid Əkbərov, “İki sahil”