25 iyun 2021 21:07
1007

Azərbaycan Silahlı Qüvvələri Günü - Vətən müharibəsi Zəfərinin qüruru

Abuzər Əbilov: Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində Ali Baş Komandanın 76 mindən artıq hərbçini orden və medallarla təltif etməsi ikiqat bayram oldu

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam - intizama malik bir quruma çevrilib. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə ayrılan vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Ölkəmizdə yaradılan 20-dən çox hərbi zavodda müxtəlif adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur.

Mövzu ilə bağlı “İki sahil”ə danışan hərbi ekspert Abuzər Əbilov deyib ki, Azərbaycan Silahı Qüvvələri Günü Azərbaycan tarixində ən əlamətdar bayramlardan biridir: “Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız uzun illərdən sonra ilk dəfə Azərbaycan Silahlı Qüvvələri Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi Zəfərinin qüruru ilə yaşayır və qeyd edir.

Belə bir vaxtda, Silahlı Qüvvələr Günü ərəfəsində Ali Baş Komandanın 76 mindən artıq hərbçini orden və medalla təltif etməsi ikiqat bayrama çevrildi.

Eyni zamanda, işğaldan azad olunan ərazilərdə həqiqi hərbi xidmət edən hərbçilərin maaşlarına 20-60 faizi həcmində əlavələri nəzərdə tutan Sərəncamın imzalanması da, Ali Baş Komandanın Azərbaycan hərbçilərinə göstədiyi sayğının nəticəsidir.

Vətən müharibəsində böyük şücaət göstərmiş hərbçilər döyüşlərdə iştirak edənlər, medal və mükafatlara layiqdirlər. Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində onların mükafatlandırılması daha da əlamətdardır”.

Nigar Orucova, “İki sahil”