26 iyun – Azərbaycanın Silahlı Qüvvələri Günü münasibəti ilə hərbi ekspertlər Ədalət Verdiyev və Cəlil Xəlilov “İki sahil”in suallarını cavablandırdılar
Dövlətlər nə üçün güclü orduya ehtiyac duyur?
Ədalət Verdiyev: Dövlətlərin müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin təminatçısı məhz silahlı qüvvələrdir. Bu silahlı qüvvələrin imkan və potensialını dövlətlər daim mövcud olan təhdidlərin miqyasına görə uyğunlaşdırırlar. Təhdid və ordunun imkanları arasında disbalans yarandıqda bu, ordunun effektivliyi barədə fikir irəli sürməyə imkan vermir. Yəni ordunun potensialı, gücü onun mövcud olan təhdidlərinə uyğun gəlməlidir və ordunun imkanları çatmalıdır ki, bu təhdidlər aradan qaldırılsın.
Cəlil Xəlilov: Güclü ordu hər bir dövlətin təhlükəsizliyinin təmin edilməsi baxımından əsas şərtdir. Tarix sübut edir ki, güclü orduya malik olmayan dövlətlər hər zaman ciddi problemlərlə üzləşirlər. O dövlətin ki, güclü ordusu yoxdur, həmin dövlət öz xalqının təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin edilməsində ciddi problemlərlə üzləşir. Buna görə də dövlətlər öz müdafiə qabiliyyətlərini artırmağa xüsusi diqqət yetirirlər. Bu baxımdan Azərbaycan bütün dünyaya nümunə ola bilər. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun nə qədər güclü və qüdrətli olduğunu bütün dünyaya göstərdi. Azərbaycan Ordusu sübut etdi ki, dünyanın hərbi baxımdan ən güclü dövlətlərinin belə ondan öyrənməli olduğu çox şeylər var.
XXI əsrin 21-ci ilində sülh çağırışlarının olduğu dövrdə ordu bu qədərmi gərəklidir? Axı onun modernləşdirilməsi, ümumiyyətlə, maddi təminatı üçün çox vəsait tələb olunur?
Cəlil Xəlilov: Müasir dünyamızda sülh ideyaları, insan haqları və s. kimi çağırışlar artsa da, reallıqda vəziyyət fərqlidir. Yaşadığımız dünyada baş verənlər göstərir ki, nə qədər təəssüfedici də olsa, güc faktoru daha mühüm önəm kəsb edir. Baxın, Azərbaycanın torpaqları 30 ilə yaxın müddətdə işğal altında qaldı. Azərbaycan erməni işğalı ilə bağlı bütün dünya dövlətlərinə, beynəlxalq təşkilatlara müraciət etdi. BMT Təhlükəsizlik Şurasının bununla bağlı müvafiq qətnamələri oldu. Lakin heç bir qətnamə işğalçını çəkindirmədi. Yalnız Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Azərbaycan ordusunun zərbələri qarşısında darmadağın olan düşmən işğal etdiyi torpaqlardan qaçmaq, bu torpaqları tərk etmək məcburiyyəti ilə üzləşdi. Bu faktın özü güclü olmağın nə qədər mühüm önəm kəsb etdiyini göstərir.
Ədalət Verdiyev: Dünyada hazırda onlarla ölkə bu və ya digər şəkildə müharibə, konflikt münaqişə şəraitindədir. Hətta belə münaqişələrin olmadığı təqdirdə belə orduların mövcudluğu vacibdir. Çünki ordu məhz digərləri bəzi riskləri gözə ala bilməsinlər deyə mövcuddur. Güclü ordusu olan dövlətlər adətən ordusunun potensialına arxalanaraq öz təhlükəsizliklərini təmin edirlər. Bu baxımdan dünyada son yarım əsrdə orduların güclü və ciddi potensiala malik olması aktual məsələlərdən biridir.
Müharibə nədir və əksər hallarda müharibələrdə qarşıya qoyulan hədəflər nə olur?
Ədalət Verdiyev: Müharibə iki və ya daha çox dövlət arasında siyasi, hərbi və digər hədəflərin əldə olunması üçün aparılan döyüş əməliyyatlarıdır. Adətən müharibələr dövlətlərin apardığı siyasətin silahlı bir davamı kimi keçirilir. Səbəblər isə müxtəlif ola bilər: ərazilərin bərpasından tutmuş terror qruplaşmalarının zərərsizləşdirilməsinə qədər. Bu tip səbəblər müharibə hədəflərinin yerinə yetirməsi üçün mümkün hesab edilir.
Cəlil Xəlilov: Təbii ki, müharibə arzuedilən bir şey deyil və hər bir xalqa ağrı, iztirab, məhrumiyyət vəd edir. Lakin bəzən elə məqamlar olur ki, bundan imtina etmək mümkün olmur. Mən yenə də Azərbaycan nümunəsinə diqqət yetirmək istəyirəm. Azərbaycanın torpaqları işğal altında idi və dövlətimizin bütün cəhdlərinə rəğmən, problemin sülh yolu ilə həlli mümkün olmadı. Belə olan halda müharibə bir məcburiyyət olaraq meydana çıxdı. Azərbaycanın apardığı müharibə ədalətli müharibə idi və işğaldakı torpaqların azad edilməsinə hesablanmışdı. Bizim məqsədimiz məhz bu idi. Lakin Ermənistanın timsalında isə bu, işğalçılıq müharibəsi idi və ədalətsiz xarakter daşıyırdı. Bizim üçün qürurvericidir ki, bu müharibədə məhz Azərbaycan qalib gəldi və ərazi bütövlüyümüz təmin edildi.
Hərbi ekspert kimi hal-hazırda yeni və modernləşdirilmiş silah və hərbi texnikanın (Azərbaycanda və dünyada) effektivliyi barədə fikirlərinizi də öyrənmək istərdik.
Cəlil Xəlilov: Şübhəsiz, bütün sahələr kimi, hərbi sənaye də sürətlə inkişaf edir və yeni hərbi texnikalar meydana çıxır, sürətli modernləşdirmə işləri həyata keçirilir. Müasir hərbin ən yeni texnologioyalarından biri də dronlardır ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bu dronlardan geniş istifadə etdi. Ümumiyyətlə, bir faktı qeyd edim ki, zərbə və müşahidəçi dronlardan real döyüş şəraitində kütləvi şəkildə iştirak edən ilk dövlət kimi tarixə düşdü. Vətən müharibəsində düşmənin dəyəri milyonlarla dollar olan hərbi texnikaları, raket texnikası bu dronlar vasitəsi ilə məhv edildi. Ümumilikdə, müharibə zamanı düşmənin hərbi potensialının 80%-i sıradan çıxarıldı. Bu faktın özü zamanla ayaqlaşmağın, müasir texnikaya sahib olmağın nə qədər önəmli və həyati əhəmiyyət kəsb etdiyini göstərir.
Məşhur hərbi ekspert İqor Korotçenko Zəfərimiz barədə danışarkən: “Biz XXI əsrin ordusunu gördük. Azərbaycan Ordusu 1980-cı illərin ordusu ilə vuruşurdu”. Azərbaycan Ordusunun bugünkü vəziyyətini Siz necə dəyərləndirirsiniz?
Ədalət Verdiyev: İqor Korotçenko ilə yaxından tanışam və onun bizim 44 günlük müharibə haqqında dediyi fikirlərlə tamamilə razıyam. Bunu tək Korotçenko deyil, Almaniyanın araşdırmalar institutunun hərbi ekspertləri də bildirmişdilər ki, əgər Almaniya bu gün Azərbaycana qarşı savaşarsa qələbə qazanmaq şansı sıfıra bərabərdir. ABŞ-da Azərbaycanın son müharibədə tətbiq etdiyi yeni silahlı mübarizə üsulları geniş analiz olunur. Yaponiya bizim müharibədəki Zəfərimiz haqqında film çəkir. Pakistan, Türkiyə, Ukrayna, Belorus, Rusiya, İran kimi dövlətlər bizim İkinci Qarabağ müharibəsindəki Zəfərimizi araşdırırlar. Azərbaycanın Vətən müharibəsində həyata keçirdiyi yeni nəsil müharibəsinin müxtəlif metodları döyüş əməliyyatları konsepsiyasına dəyişikliklər etmişdir.
Cəlil Xəlilov: Azərbaycan Ordusunun bugünkü durumu son dərəcə qənaətbəxşdir və biz bütün uğurlara görə ilk növbədən Ali Baş Komandana borcluyuq. Təkcə bir faktı yada salım ki, ordumuzun 44 günlük Vətən müharibəsi təcrübəsi dünyanın bütün qabaqcıl dövlətlərində - Çin, ABŞ, Avropada dövlətlərində öyrənilməkdədir. Azərbaycan Ordusunun ən böyük uğuru sadəcə müasir hərbi texnikaya, peşəkar kadrlara malik olması ilə bağlı deyil. Azərbaycan Ordusunun fiziki hazırlıq səviyyəsi də olduqca yüksəkdir. Şuşa şəhərini əhatə edən sıldırım qayaları dırmaşaraq mədəniyyət mərkəzimizi düşməndən azad edən Azərbaycan Ordusunun bu fədakarlığı onun necə böyük fiziki hazırlığa malik olduğunu göstərir.
Ordumuzun daha bir özəlliyi onun yüksək vətənpərvərlik sevgisinə malik olması, xalqın dəstəyinə arxalanmasıdır. Bütün bunlarla yanaşı, Azərbaycan Ordusunun bundan sonra da müasir silahlarla təchiz edilməsi məsələsi diqqətdə saxlanılacaq. Hansı ki, ölkə başçısı, Ali Baş Komandan da bunu qeyd edib. Bildirib ki, ordunun maddi-texniki təchizatının gücləndirilməsi, müasirləşdirilməsi hər zaman diqqət mərkəzində olacaq.
Fürsətdən istifadə edib 26 iyun – Azərbaycanın Silahlı Qüvvələri Günü münasibəti ilə bütün hərbçilərimizi təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Günel Eyyubova, “İki sahil”