Dedilər ki, nağıllar gerçək deyil...
Təxminən beləydi, yağı qoşunu gəlib dirənmişdi Vətənin sərhədinə. Qaydalara görə, düşmən pəhləvanı meydana çıxıb döyüşmək üçün rəqib istəyir. Xalqsa böyüklü-kiçikli, oğullu-qızlı meydana toplaşıb ümidsizcəsinə gözləyir, heç kim ortada at oynadan güclü düşmənlə vuruşmağa cəsarət etmir. Hamının məğlubiyyəti gözə aldığı son anda heç kimin tanımadığı, üzü-gözü bağlı bir igid ağ atın üstündə hardansa peyda olur, düşmən pəhləvanıyla döyüşüb onu məğlub edir. Və beləcə, Vətən işğal təhlükəsindən qurtulur...
Yalandır! Bu nağıl bizim ola bilməz. Altşüurumuza kodlaşdırmaq istədikləri fikir isə təhlükəlidir. Niyə? Çünki biz döyüşkən millətik. Çünki bizim oğullarımız müqəddəs bildikləri Vətən, ana-bacı, torpaq, namus uğrunda döyüşmək borcunu, şərəfini kimsəyə buraxmaz. Çünki bizim oğullarımız ölümün gözünə dik baxmağı bacarır, “əyilməkdənsə sınmağı” üstün tutur! Və bir də ona görə ki, məqamı çatanda yaşından, işindən, boyundan, cübbəsindən asılı olmayaraq hər zaman içindən qəhrəmanlıq ruhu baş qaldıran oğullarımız var – Mübariz kimi, Polad kimi, Cəbrayıl kimi, Xudayar kimi, Topçu Vüsal kimi! Müqəddəs savaşa, yəni bəlkə də ölümə sevinə-sevinə, oxuya-oxuya bizdən başqa kim gedə bilər ki?
Tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsi sübut etdi ki, bizə kənardan “ağ atlı oğlan” lazım deyil. Cəngavər oğullarımızın hərəsi bir “ağ atlı oğlan”dır, Şuşa sıldırımlarıyla dırmaşıb düşməni, onun topunu, tankını yalın əllə məhv etməyə qadir cəngavərlər yetişdirir bu Millət, bu Xalq. Və əlbəttə ki, həmin cəngavərlər güvəndikləri, onları Qələbəyə aparacağına inandıqları Sərkərdənin – Müzəffər Ali Baş Komandanın yanında, əmrində oldular, ətrafında yumruq kimi birləşdilər. Elə belə deməyiblər ki, sərkərdə yaxşı olsa, heç verməz ordu bada. Ordusunu möhtəşəm Qələbəyə aparan Sərkərdənin gücündən güc aldılar, düşmənin “başını əzən”, “belini qıran” “dəmir yumruğ”a çevrildilər!
Öz ad gününü hamımızın şad gününə çevirən 103 yaşlı Ordumuz indi dostların qürur duyacağı, düşmənlərin paxıllıqdan qəhr olacağı, dünyanın heyrət edəcəyi qədər güclüdür. Daha da güclənəcək, daha çox qürur duyacağıq!
Səman aydın, yolun açıq olsun, Azərbaycan Ordusu!
Üzün ağ, zəfərin bol olsun, Azərbaycan əsgəri!
Bayramın mübarək, Azərbaycan!
Mahir Rəsuloğlu