25 iyun 2021 23:14
896

Revanş çağırışlara, təxribatlara cavab növbəti «dəmir yumruq» olacaq

Ermənistan silahlı qüvvələrinin Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutanlar kapitulyasiya aktını, Hərbi Qənimətlər Parkını unutmasınlar

Ermənistanda siyasi gərginliyin heç bir zaman səngiməməsinin səbəbləri çox olsa da , siyasi partiyalar arasında qarşıdurmanı artıran katalizator bu ölkədə xunta rejiminin hələ də davam etməsidir. Sabiqlərdən olan Robert Koçaryan və Serj Sarkisyanın işğalçı ölkəyə başçılıq etdikləri dövrlərdə heç vaxt müstəqil olmayan işğalçı ölkənin iqtisadiyyatının ən gəlirli sahələri Rusiyanın nəzarəti altında olub. Hadisələrin gedişindən bəlli olur ki, bu siyasət qarşıdakı illərdə də davam edəcək. Gömrük və vergi strukturları, nəqliyyat və bank sistemləri kimi digər sahələr isə işğalçı ölkəyə başçılıq edən şəxslərə, onların ailə üzvlərinə məxsusdur. Xalq isə erməni diaspor təşkilatlarının, kilsələrin ianələri hesabına yaşayır. İllərdən bəri İrəvanın mərkəzi meydanlarında aksiyaların davam etməsinin səbəbi də ermənilərin artıq səfalətə dözməməsidir. Xalqın etirazlarını qulaqardına vuraraq ölkədəki böhranların aradan qaldırılması istəyində olmayan möhtəkirlik, ələbaxımlılıq Ermənistanı uçuruma aparır.

«Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistanın faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər» söyləyən Prezident İlham Əliyev bir neçə il bundan əvvəl erməniləri üzləşəcəkləri fəlakətlərdən qurtarmağa səsləsə də korrupsioner hakimiyyət zülmünü davam etdirdi. Xocalı soyqırımının əsas iştirakçılarından olduğunu etiraf edən Serj Sarkisyan ölkəsini iqtisadi fəlakətə sürüklədiyi kimi, terroru dəstəkləyir, faşizmə sadiqliyini göstərirdi. Xalqın etirazı qarşısında tab gətirməyərək sonda «Mən sizə dövlət başçısı kimi sonuncu dəfə müraciət edirəm. Nikol Paşinyan haqlı idi. Mən səhvə yol verdim. Yaranmış situasiyada bir neçə həll yolu var , lakin mən bunların heç birinə getmirəm. Bunlar mənə görə deyil. Mən ölkəmizin başçısı vəzifəsini tərk edirəm» söyləyən Serj Sarkisyan azərbaycanlılara qarşı törətdiyi cinayətlərlə dolu erasının başa çatdığını bildirsə də, qanlarını axıtdığı günahsız azərbaycanlıların qətli üçün hesabat verəcəyini xatırlamalı idi.

Terrorçuları qəhrəman, generalları oğru, qaniçən olan Ermənistanı belə bu ağır vəziyyətə salan onların işğalçılıq siyasətidir. Daim qorxu içində yaşayan, psixoloji gərginlikdən çıxa bilməyən ermənilərə ən böyük zərbə olan İkinci Qarabağ müharibəsindəki məğlubiyyət, ondan sonra başlanan parlament seçkilərindəki qarşıdurmalar ölkədə dözülməz vəziyyət yaradıb. Ermənistanı xunta rejimi ilə idarə edən sabiq- prezidentlərlə kapitulyasiya aktına qol çəkən Nikol Paşinyan tərəfdarları arasında başlanan rəqabət siyasi vəziyyəti daha da mürəkkəbləşdirdi. Ötən illərdə Ermənistanı çökdürən korrupsioner iqtidara inamını itirən ölkə əhalisinin sabiqlərə deyil, təslimçilik aktına qol çəksə belə Paşinyan partiyasına etimad göstərməsi terroru dəstəkləyən, ölkəni faşizm ideyaları ilə idarə edən keçmiş iqtidarları daha da hiddətləndirdi. Ermənistanda Qərbi təmsil edən şəbəkələşmiş Soros fondunun seçkilərdə Paşinyana maddi və mənəvi dəstəyi, ölkədə yaranmış siyasi gərginliyi sabitləşdirmək üçün manipulyasiya oyunu qaniçən Koçaryan-Sarkisyan cütlüyünün arzusunu yenə də ürəklərində qoydu. Seçkinin nəticələri bunu bəlkə də ağlının ucundan keçirməyən həmin qüvvələr üçün əsl şillə effekti yaratdı.

Amma Ermənistanda parlament seçkisindən sonra Azərbaycanla sərhəddə baş verən insident bir çox məqamları yenidən aktuallaşdırır. Ermənistan silahlı qüvvələrinin Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutmasında heç şübhəsiz ki, maraqlı dairələrin əli vardır. Bu təxribat törədənlər ötən ilin 27 sentyabr tarixindən başlanan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətlərini yaddan çıxarmamalıdırlar. Prezident İlham Əliyevin «Unutmasınlar ki, dəmir yumruq yerindədir» sözlərini unutmamalıdırlar. İşğalçı ölkədən səslənən revanş çağırışların cavabı «dəmir yumruq», Silahlı Qüvvələrimizin rəşadəti, Ermənistanın birdəfəlik məhvi olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»