04 iyun 2021 18:22
1926

İsti yay günlərində əhali harada dincəlir? - Qiymətlər, Tur paketlər

Pandemiya ilə bağlı sərt karantin rejiminin yumşaldılmasından sonra Azərbaycanda turizm sektorunun inkişafı, xüsusilə də daxili turizmə marağın artması əhalinin müxtəlif bölgələrə səfərlərinin sayını artırıb. Getdikcə daha çox ölkə vətəndaşı müxtəlif bölgələrin səfalı guşələrində istirahət etməyə üstünlük verir.

Ölkədə fəaliyyət göstərən turizm təşkilatları, agentlikləri, turoperatorlar ilin müxtəlif dövrlərində bölgələrə səyahət-ekskursiya turları təşkil edirlər. İnsanların belə turlara üstünlük verməsinin əsas səbəbi səyahətlə bağlı vaxt və pul itkisini minimuma endirməkdir.

Bəs əhali istirahət üçün daha çox hansı istiqamətlərə axın edir?

Müxtəlif turizm təşkilatlarından aldığımız məlumata görə, insanlar daha çox həftəsonları ölkədaxili turlara üstünlük verirlər. Təbiət mənzərələrini, qədim dağ kəndlərini yaşamaq və Qafqaz mədəniyyətinə qərq olmaq istəyən hər kəs Qubanı düşünür. Böyük Qafqaz dağları mənzərələrindəki təbii gözəllik, Tenji Kanyonu və şəlalələr buranı ziyarət edənlər üçün diqqətçəkən məqamlardan yalnız bir neçəsidir. Əhalinin üstünlük veridiyi kəndlərə isə ucqar Xınalıq, Lahıc və Sarıbaş daxildir.

Əhali tərəfindən Şəki şəhərinə də maraq az deyil. Turistlər burada daha çox Çələbi Xan Restoranına, Şəki Xan Sarayına, Dairəvi Məbədə və ya Nuxa Üçmüqəddəs Kilsəsinə, Yuxarı Karvansaraya, Kiş Alban Məbədinə baş çəkirlər.

Tarix biliciləri üçün başqa bir qaynar nöqtə Şamaxıdır. Pirqulu kəndi öz təmiz təbiəti ilə Şamaxının vazkeçilməz bir hissəsidir. Təsadüfi deyil ki, Azərbaycanın Şamaxı Astrofizika Rəsədxanası da bu kənddə yerləşir. Çuxuryurd Şamaxının özünəməxsus təbiəti olan kəndlərindən biridir. Şamaxıda yaradılan Safari parkı həm böyüklərin, həm də uşaqların sevəcəyi bir yerdir. Təbiəti zəngin olduğundan burada çoxlu heyvan yaşayır. Ceyranların bu təbiətdə xüsusi yeri var. “Şamaxı Palace” oteli Sərədil kəndindəki bu otelin xidmətindən 200 manatdan başlayan qiymətlərlə faydalana bilərsiniz. Şamaxı “Sakit Göl” otelinə dağlarla əhatə olunmuş sakit gölün sahilində tikilən bu otelə heyran olmamaq mümkün deyil. Burada qiymətləri 170 manatdan başlayan dağ və ya göl mənzərəli otaqlar tapa bilərsiniz.

Göygöl və onun ətrafında yayılmış meşələr öz zənginliyi və füsunkarlığı ilə nəyinki Azərbaycan əhalisini, eləcə də tursitləri özünə cəlb edir. Gəncənin “Göygöl İstirahət Turizm Kompleksi” 2015-ci ildən vətəndaşların istifadəsinə verilib. Kompleksin ərazisində yaradılan şərait, istirahət və iaşə obyektləri məkanı daha da gözəlləşdirib. Şəhər sakinləri və turistlər qoruq ərazisində yaradılan şəraitdən məmnundurlar. Kompleksi gəzməyə və görməyə gələnlər arasında  bütün yaş qruplarından olan insanlara rast gəlinir.

Azərbaycanın cənub zonası da sözsüz ki, əhalinin xüsusi üstünlük verdiyi yerdir. Talış dağlarının möhtəşəm mənzərəsi cənub bölgəsinin bütün əyalətlərində fərqli görünür. Tarixə bələd səyahətçilər üçün Lerik mütləq görülməli bir yerdir. Masallıya gələn əhalinin çoxu müalicə məqsədi ilə “İsti Su” sanatoriyasına gəlir. Yardımlı da digər cənub rayonları kimi təbiəti və tarixi yerləri ilə gözəldir.

Bəs xüsusi turlar vasitəsilə bu bölgələri ziyarət etmək üçün qiymət paketləri nə qədər təşkil edir?

Standart tur paketləri 18-20 manat arasındadır, xüsusi populyar həftəsonu turlarının qimət  paketləri isə dəyişir. Belə ki,

Lənkəran-Lerik turu 24 AZN

Quba turu 20 AZN

İsmayıllı-Lahıc turu 20 AZN

Şamaxı-Pirqulu Rəsədxana turu 21 AZN

Oğuz-Qəbələ turu 24 AZN

Quba-Qusar-Laza turu  24 AZN

Masallı-Yardımlı İstisu  24 AZN

1 gecə 2 günlük turlar

Qax-Şəki-Qəbələ 79 AZN

Balakən-Zaqatala-Qax 85 AZN

Lənkəran-Masallı-Yardımlı turu 79 AZN

Tovuz-Gədəbəy turu 85 AZN

Nabran Atlant-Quba turu isə 79 AZN təşkil edir.

Nigar Orucova, “İki sahil”