44 günlük Vətən müharibəsinin qalib sərkərdəsi, Prezident İlham Əliyev işğaldan azad edilən Ağdama ilk səfəri zamanı bildirmişdi ki, bu tarixi diyarımız qısa müddətdə yenidən qurulacaq və dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək: “Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik...”
Bu gün işğaldan azad edilən digər rayonlarımız kimi, Ağdamda da bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün mühüm addımlar atılır. Mayın 28-də Prezident İlham Əliyevin Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirakı bunun əyani təsdiqidir. Bərpa-quruculuq işləri rayonun işğaldan azad olunmuş 70 min 900 hektarlıq hissəsində aparılacaq. Ağdamda əhalinin 70 faizi çoxmərtəbəli binalarda yaşayacaq. Rayonun 71 kəndi birləşdirilib və onların yerində 33 kənd olacaq. Bəzi kəndlər şəhərin özünə birləşdirilib. Aparılan yenidənqurma çərçivəsində Ağdam rayonunun mərkəzinə bitişik 8 kəndin də şəhərə birləşdirilməsi nəzərdə tutulub. Bunlar Ətyeməzli, Qaraqaşlı, Xıdırlı, Sarıhacılı, Çuxurməhlə, Qarazeynallı və digərləridir.
Digər məsələ isə kənd təsərrüfatı torpaqları ilə bağlıdır. Ağdamda əhaliyə adambaşına 25 sot pay torpağı veriləcək. Kəndlərarası yolların hamısının arasında qalan yerlərdə meşə zonaları yaradılacaq ki, Ağdam şəhərində yaşıllıqlar bərpa olunsun. Kəndlər elə bölünüb ki, 150 hektarlıq böyük hissələr daha kiçik - 25 hektarlıq hissələrə bölünə bilsin. Sonra bu ərazilər də 4-5 hektarlıq hissələrə bölünəcək. Həmçinin hər bir nəfərə 18 sot həyətyanı sahə veriləcək.
Bundan başqa, Ağdamda aqrar sektoru inkişaf etdirmək və sahibkarları bu işə cəlb etmək üçün torpaqların bir neçə formada bölünməsi nəzərdə tutulur. Torpaqların bir hissəsi sahibkarlara veriləcək. Belə ki, sahəsi 10-50 hektar arasında olan 200 ədəd müasir fermer təsərrüfatının yaradılması nəzərdə tutulub. Qalan torpaqlarda isə sahəsi 50-100 hektar olmaqla 50 ədəd müasir fermer təsərrüfatı yaradılacaq. Nəhayət bu ərazilərdə nəhəng, sahəsi 1500, 3000, 4000 hektar olan bir neçə iri, müasir təsərrüfatlar da yaradılacaq. Ölkə başçısı ağdamlı iş adamlarına səslənərək onları bu işlərdə iştirak etməyə çağırıb: “Ağdamlı sahibkarlar da bunu indi eşidirlər. Gəlsinlər təkliflərini versinlər ki, burada bir qarış torpaq da boş qalmasın”.
Plana əsasən Ağdam şəhərinin ətrafı intensiv, müasir bağlarla əhatə olunub. Turistlər, yaxud da yerli sakinlər şəhərə yaxınlaşanda onun ətrafında ən müasir bağlar görəcəklər. O bağlarda kiçik müəssisələr, turizm obyektləri, 8-12-20 yerlik otellər ola bilər ki, şəhərə gələn qonaqlar kənara çıxmadan bağ-bağatın içində o otellərdə qala bilsinlər.
Şəhər ətrafında səfalı yerlərdən biri olan Şahbulaq ərazisi elə qurulub ki, şimala doğru ətrafında bağlar Şahbulaq qalasına və Xaçınçaya qədər uzanacaq. Bu zolaq Eyvazxanbəyli kəndində yaradılacaq atçılıq zavodunadək uzanacaq. Beləliklə, Ağdama gələn qonaqlarımız Şahbulağı seyr edə biləcək, qalanın daxilində tarixi hissə, muzeylər olacaq.
Göründüyü kimi, Ağdam şəhəri, Azərbaycanda Gəncə və Sumqayıtdan sonra ən sıx 3-cü şəhər olacaq. Ərazi baxımından isə Ağdamın mərkəzi Sumqayıtdan da böyük olacaq. Şəhərin mərkəzində yeni meydan qurulacaq, burada şəhər administrasiyası və konqres hol da yerləşəcək. Burada kütləvi tədbirlər, sərgilər, ola bilər kənd təsərrüfatı sərgiləri, turizm sərgiləri təşkil ediləcək. Bu artım sənaye zonasının və yaşıllıqların hesabına olub. Şəhərin əhalisi 100 min nəfər nəzərdə tutulub. Əhalinin yalnız 30 faizi fərdi evlərdə yaşayacaq. Bunun üçün 1750 fərdi ev nəzərdə tutulub. Qalan 70 faizi isə binalarda yaşayacaq. Bunun üçün 23 min mənzil olacaq.
Ağdamın mərkəzinin yenidən qurulması çərçivəsində burada “ağıllı şəhər” sistemi yaradılacaq. Küçələrin eni 20-60 metr olacaq, 60 metrlik yollarda tramvaylar da hərəkət edəcək. Bütün küçələrdə velosiped yolları olacaq. Bu yol Portuqaliyanın Lissabon şəhərindəkinə oxşar olacaq. Ağdamın yenidən qurulması çərçivəsində şəhərdaxili kanallar da olacaq. Bu da İtaliyanın Venesiya şəhərindəki kanalları xatırladacaq. Şəhər şəlaləsindən başlayacaq kanal evlərin arasından keçib parkadək uzanacaq. Kanalın eni 30 metrə qədər nəzərdə tutulur. Ətrafında səkilər və gəzinti yerləri, iaşə obyektləri olacaq.
Bütün bunlar deməyə əsas verir ki, erməni barbarlarının viran qoyduqları “ruhlar şəhəri” Ağdam yenidən qurularaq gülüstana dönəcək, nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərinə, firavan diyarına, sənaye mərkəzinə, böyük turizm məkanına çevriləcək.
Zahid Rza, “İki sahil”