Elə bil həmin gün Allahın da qəzəbi tutmuşdu. Günortadan başlayan tufan səngimək bilmirdi. Külək evlərin damını qoparıb aparır, divarı silkələyirdi…Arabir hürən it səsləri, getdikcə artan küləyin vıyıltısına qarışıb qəribə bir fit səsinə bənzər ahəng yaradırdı. Külək aramsız yağan qarı, göydə fırladıb qardan burulğan yaradır, qarın təbii istiqamətini dəyişib gah pəncərələrə çırpır gah da uzaqlara aparıb, dağın ətəyindəki yarğanlarıa, dərələrə doldururdu. Özünə tutacaq tutan bəzi yerlərdə hündür qar topaları yaransa da bəzi yerlərdə hələ də bomboz bozarmış torpaq görünməkdə idi. Kənd qaranlığa qərq olmuşdu. Külək dərddən bağrı çartlayan ana kimi fəryad qoparır, qaranlıqda özünü daşa divara çırpırdı. Bir neçə gün idi ki, kəndə verilən elektirik enerjisi də kəsilmişdi. İşiqlar kəsilən gün saqqallılar gəlib kənd camaatına xəbərdarlıq etmişdilər ki, kəndi öz xoşlarına boşaltsınlar. Kənd əhalisindən kimin gedəcək yeri, imkanı var idisə kəndi boşaldıb vaxtında başlarının çarəsini tapmışdılar. Bir az imkansızlar və yaxud hələ də sovet hökumətinə inanan biçarlər isə ilişib kənddə qalmaqdaydılar. Fağırlar evdə adam olduğu kənardan hiss olunmasın deyə gecələr çıraqlarını da sondürüb, evələrinin pəncərələrini də qalın adyal, palazla qapadmışdılar. Adamlar sobalarının bacasından tüstü çıxmasın deyə, qorxularında soba da yandırmırdılar. Soyuq insanın iliyinə kimi işləyirdi. Azərbaycanlıların işlədikləri, yaxınlıqda olan mağazalarda ərzaq da tükənmişdi. Eyni zamanda mağazalara ərzaq verilməsi tamamilə dayandırılmışdı. Ermənilər işləyən mağazalardan isə azərbaycanlılara ərzaq satmırdılar. Kənddə qalan azsaylı cavanlardan əli silah tutan, qolunda az da olsa guc olanlar ailələrini qorumaq üçün yaba, bel, balta ilə silahlanıb kəndin girəcəyində xəlvəti yerdə özlərinə «post» qoymuşdular.
Küləyin vıyıltısına maşın mühəriklərinin səsinə bənzər bir gurultu da qatışaraq vahiməli bir tərz yaradırdı. Qəfildən kəndə gələn yolda sürətlə gələn maşın karvanının işıqları görünməyə başladı. Avtomobillər yaxınlaşdıqca mühərriklərin gurultusuna, qorxunc bir musiqi səsinin də qatışdığı aydınca hiss olunurdu. Gələnlər erməni silahlıları idi. İt uşağının nə gecəsi, nə də gündüzü var idi…Maşın karvanı kəndin girəcəyindəki təpənin yanında dayandı. Maşından tökülüşən silahlı saqqalılılar görünür daha çox vahimə yaratmaq məqsədi ilə əllərindəki «Kalaşnikov»lardan havaya bir neçə dəfə atəş açdılar. Atəş səslərinə kəndin müxtəli yerlərindən itlər «cavab verdilər». Həyətlərdə qalan və yaxud köç edərkən sahiblərinin açıb başına burxdığı itlər hürüşür, təhlükənin yaxınlaşdığını xəbər verirdilər. Dəstəyə başçılıq edən arıq, uzun, donqar belli bir erməni keşişi idi. O, üzünü yanındakı saqqallılara tutaraq «Bu vəhşi, köçərilər, it uşaqları kəndi hələ boşaltmayıblar. Deyəsən onları bir-bir cəhənnəmə göndərməsək, kənddən çıxan deyillər» - dedi. Əynində hərbi formalı, papaqlarının qulaqlarını arxadan boynuna kimi çəkib bağlamış zağar qarın, tösə boylu, əli silahlı erməni kəndin qaranlıq olduğunu, işıq yanmadığını, kənddə adam olduğunu keşişin nədən bildiyini təccüblə soruşdu: «Haradan bildin ki ,kənddə yaşayış var?»
-Sən türkləri yaxşı tanımırsan, önlar kənddən çıxmış olsalar, birinci arvadlarını, sonra da atlarını itlərini, çıxararlar. Üç istiqamətdə kəndə girin, etiyyatlı olun, bunlardan nə desən gözləmək olar. Elə edin zərər çəkməyəsiniz. Mal-qaradan başqa qarşınıza nə çıxsa gəbərdin getsin, deyib keşiş xaç çəkdi. Sonra da əlavə etdi :
- Allah köməyiniz olsun. Sizi Böyük Ermənistanın ləyaqətli qurucularısınız. Allah sizi qoruyacaq. Haydı, irəli…Maşınlar nərə çəkib kəndin içərilərinə doğru irəllilədikcə küləyin gətirdiyi qar dənəcikləri maşınların ön şüşələrini tutur sürücülər yolu görməyib maşınları yolun kənarına çəkilmiş çəpərlərin üzərinə sürürdülər...Maşınların,avtomatlardan açılan atəş səslərinə ara-sıra hürən itlərin zingilti səsi, güllə yarasının acısına, əzabına dözməyib ulaşmaları əvəz edirdi…sönra da yavaş yavaş it səsləri də azalırdı…
Kənddə qalmış tək-tük adamlar da, qorunmaq üçün ya ertədən həyətlərinin bir kənarında qazdıqları, üstləri örtülmüş dərin quyuların içində, üç bir, beş bir gizlənib Allahın haqqlarında çıxaracağı qərarı gözləyir, ya da evlərinin zirzəmilərində qaranlıq bir küncə qısılıb gizlənirdilər. Saqqallı ermənilər ov iyi almış tula kimi qapıları açıq evlərə soxulur əllərinə keçən xalça, palaz, qiymətli nə varsa qarət edir, qarşılarına çıxan canlılardan itləri öldürür, mal, davar nə varsa onları da sürüb aparmağa çalışırdılar. Hansı həyətdə mal-qara görürdülərsə orada azərbaycanlıların yaşadığını ehtimal edib, daha çox canfəşanlıqla axtarış edirdilər. Saqqallılardan biri, acgözlük edən quldurlara əsəbləşib, ana söyüşü söyərək yoldaşlarına səbirli olmağı tövsiyyə etdi. «Səhər yük maşınları gələcək, nə var süpürüb aparacağıq. Bu kənddən qənimət olaraq nə varsa hamısı bizim payımıza düşüb. Səbirli olun, özünüzü öldürtməyin. İstədiyinizi götürəcəksiniz»-dedi…
Bu vurhavurda evinin zirzəmisində gizlənən gənc ana Aybəniz xanım 8 aylıq Allahverdini sinəsinə bərk- bərk sıxıb, tir-tir titrəyirdi. Birdən Allahverdi qığıldayar, ağlayar…cəlladlar balama qıyarlar… Mən nə edərəm, deyə düşünürdü. Bu insan cilidnə girmiş vəhşilərin Spitakda, uşaqları, qadınları, qocaları diri- diri nəhəng bir borunun içinə yığıb ağızlarını da qaynaq edərək vəhşicəsinə öldürmələrini Ermənstanda kim bilmirdi ki?…
Xösbəxtlikdən çox çəkmədi ki, həyətdə sakitlik yarandı. Avtomat səsləri getdikcə uzaqlarda eşidilirdi… Gələn avtmobillər səhərə yaxın kəndi tərk etdilər…
Kənddə növbə çəkənlər arasında Məzahir də var idi. Kənd ağsaqqalları avtomatın qarşısına, yaba, balta ilə çıxmağın mənasız olduğunu, bütün bu işlərin başında Ermənistan hökumətinin, erməni «ziyalılarının» durduğunu, saqqallı terrorçuları onların silahlandırdığını anlayıb gecəikən kənddən köç etmək barədə qərar verdilər.
Məzahir səhərin ala toranında evə dönüb səkkiz aylıq körpəsi Allahverdini, həyat yoldaşı Aybənizlə, qucaqlarındakı 8 aylıq qundaqla qarlı-sazaqlı bir gecədə kənd camaatı ilə birlikdə keçilməz qarlı aşırımlara üz tutdular. Bələliklə qədim bir xalqın öz dədə baba yurdundan, tarixi torpaqlarından böyük köçü başladı. Qədim bir türk torpağı da sahibsiz qalmış yetim ruhların məzarlığına çevrildi… Elə o gündən də Allahverdi adlı səkkiz aylıq bir körpənin taleyinə əzablı günlərin gündəlikləri yazılmağa başladı. Gecənin qaranlığında, soyuqda, tufanda, evindən dərbədər düşən ana Allaha asi olmadı, Allahı çağırdı: «Ey Ulu yaradan, körpəmə kömək ol! Onu bu bəladan qurtar. Böyüsün düşməndən bu qisası alsın».
Hər şey qanla keçir, genlə gəlir…Balaca Allahverdi də böyüdükcə ürəyində qəzəb, həsrət böyüyürdü. Hər gün valideyinləri ona öz qədim dədə baba yurdlarından, Qərbi Azərbaycanda qoyub gəldikləri xoşbəxt günlərin xatirələrdən, vətəndən, torpaqdan danışırdılar. Hər gün gecələr Allahverdisini sinəsinə sıxan Aybəniz ona qorxulu nağıllar danışırdı. Spitakda öldürülən körpələrdən, zəlzələdən zərər çəkmişlərə köməyə gedən azərbaycanlıların hiyləgərcəsinə qəzaya salınıb məhv edilməsindən. Xocalıda qətl olunan uşaqlardan, ana bətinindəykən payaya keçirilən doğulmamış uşaqların başına gətirilən müsibətlərdən danışırdı, Allahverdiyə. «Allahverdi, sən Allahın əziz payısan. Sənin adın çox müqəddəsdir. Səni o qanlı günlərdən qoruyub çıxaran Allah səni bizə ərmağan edib. Sən elə yaşamalısan ki, səninlə səni tanıyanlar fəxr etsinlər» deyirdi anası Aybəniz oğluna. Urəyindəki yara ilə böyüyürdü, dərd ilə böyüyürdü, Allahverdi… İçində nifrət, qəzəb böyüdürdü. Anasının danışdığı qorxulu nağıllarla böyüyüb, nağıl qəhrəmanı olmaq istəyirdi. İstəyirdi ki, elini, obasını qoruyacaq bir qəhrəman olsun. Yağıya qan udursun. İtirilən torpaqların, tarı-mar olmuş yurd yerlərimizin geri qaytarılmasında, Vətən göylərində sərkərda gəzən nakam şəhid ruhlarının sevindirlməsində onun da payı olsun…
Allahverdi təkcə nifrət, qəzəb yaşatmırdı sinəsində. O, həm də böyük bir sevgi ilə böyüyürdü. Özü balaca olsa da dağ boyda ürəyi var idi Allahverdinin. Ö, ürəyə nələr yığmamışdı ki?...El sevgisi, Vətən sevgisi… Torpaq , millət sevgisi…Ana, Ata, yurd sevgisi…Allahverdi sevgi mücəssəməsi, sədaqət simvolu idi. Həm də O, ürəyinə Aydan adında bir el qızını da yerləşdirib özü ilə daşıyırdı…Ürəyi hər döyünəndə, düşmənlə üzbəüz durub qisas, qələbə hissi ilə çırpınanda, qulağına bir səs gəlirdi: «Ey mənim Aslanım mən də səninləyəm. Yeri düşmən üstünə, cəsarətli ol. Elə yaşa, elə döyüş ki, uşaqlarımız səninlə qürur duysun.» O, ürəkdə qorxudan başqa nələr yox idi ki?…
Ürəyində sevgi olmayanlar qəhrəman ola bilməzlər. Allahverdi də Vətəni özünə yar yoldaş, ana, sevgili bilirdi. Öncə Vətəndir deyirdi. Elə bu düşüncə ilə yaşadığındandır ki, 44 günluk Vətən Müharibəsinin tarix yazan qəhrəmanlarından biri də Allahverdi oldu. Özü tarixə qovuşsa da illər ,əsirlər keçəcək qəhrəmanlığı yaşayacaq. Bir evin oğlu olan Allahverdi Vətən oğlu ola bildi. Təkcə öz adını yox, Vətəni yaşadanlardan oldu. Özü də adı kimi müqəddəsləşib,Tanrı dərgahına, şəhidlik zirvəsinə ucalanlardan oldu.
Söhbət Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçı giziri, qəhrəmanlıq dastanımızın şərəf səlnaməsini yaznlardan biri, qəhrəman döyüşçü Allahverdi Məzahir oğlu Ələkbərovdan gedir. Hələ dünyaya gəlməmişdən, ana bətnindəikən anasının keçirdiyi əzaba, istiraba yoldaş olan Allahverdi Ələkbərovun qısa, olduqca maraqlı, keşmə-keşli həyat hekayəsi var.
Allahverdinin valideyinləri əslən Qərbi Azərbaycanın Masis rayonunun Sayatnova kəndindəndirlər. Körpə doğularkən ermənilər başına bir iş gətirməsin, uşağı oğurlanmasınlar deyə valideyinləri gözlərinin ilkini Bakıda dünyaya gətirmək barədə qərar veriblər. Beləliklə, Azərbaycan xalqının qəhrəman oğlu dünyaya gələrkən doğma Bakımızda gözlərini açıb, Bakının saf, ilıq havasını ciyərlərinə çəkib…
Dosye: Ələkbərov Allahverdi Məzahir oğlu, 15 fevral 1987–ci ildə Bakı şəhərində anadan olub. Qəhrəmanımızın Qərbi Azərbaycanın, Masis rayonunun Sayatnova kəndindən olan valdeyinləri o, 8 aylıq körpəykən qarlı, çovğunlu bir gecədə erməni terrorçularının xalqımızın başına gətirdikləri ardıcıl müsibətlərə dözməyərək öz dədə baba yurdlarırını tərk etmək məcburiyyətində qalıblar.1994-2005- ci illərdə Ucar rayon 2 saylı orta məktəbdə təhsil alan Allahverdi Ələkbərov 2006- cı ildə Tovuz rayonunda yerləşən N saylı hərbi hissənin kəşfiyyat bölməsində həqiqi hərbi xidmətə başlayıb. Uşaqlıqdan hərbiçi olmaq, Vətənə sədaqətlə qulluq etmək arzusunda olan Allahverdi Ələkbərov 2015- ci ilin avqust-dekabr aylarında Müdafiə Nazirliyinin Təlim Tədriz Mərkəzində xüsusi kurs keçərək Azərbaycan Ordusunda gizir rütbəsində hərbi qulluqçu kimi xidmətə başlayıb. 2017-ci ilində Allahverdi Ələkbərov imtahan verərək Xüsus Təyinatlıların Təlim Kursuna yazılıb və buranı da müvəffəqiyyətlə başa vuranlar sırasında olub. 2017-ci ildən xidmətini Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat bölüyündə davam etdirən kəşfiyyatçı gizir 2020-ci ilin 27 sentyabrda başlayan Vətən Müharibəsində Suqovuşanın, Füzulinin, Hadrutun düşmən işğalından azad olunması uğrunda gedən qanlı döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərib. 2020-ci ilin 20 oktyabrında Qubadlı rayonu ərazisində Milli Qəhrəmən Şükür Həmidovun şəhid olduğu yüksəkliyin azad olunması uğrunda gedən qanlı döyüşdə yaralı döyüş yoldaşını döyüş mövqeyindən çıxararkən düşmən qumbaraatanının mərmisinə tuş gələn Allahverdi Ələkbərov ağır qəlpə yarası alaraq Füzuli rayon xəstəxanasına yerləşdirilib. Ardıcıl olaraq 11 dəfə cərrahi əmaliyat olunub sağ qalmağı bacaran qəhrəman döyüşçü, həkimlərin «Dəmir adam» adlandırdıqları, xalqımızın vətənpərvər oğlu Allahverdi Ələkbərov Şuşanın düşmən işğalından azad olunma xəbərini eşidərkən həyacanlanir və yarası qan verir. Təəssüf ki, bu dəfə «Dəmir adamın» həyatını xilas etmək mümkün olmur. 11 noyabr 2020- ci ildə xalqımızın qərəman oğlu Allahverdi Ələkbərov böyüyüb, boya- başa çatdığı, Ucar rayonunda böyük bir izdiham, xalq sevgisi ilə Ucar rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb. Göstərdiyi qəhrəmanlığa görə Allahverdi Ələkbərov ölümündən sonra «İgidliyə görə», «Füzulinin azad olunmasına görə», «Qubadlının azad olunmasına görə» medalları ilə təltif olunub.
Biz Azərbaycanlılar hər zaman vətəni ana, torpağı namus bilmişik. Torpaq uğrunda canını fəda etməyə gedən igidlərimiz , düşmənlə döyüşə gedən oğullarımız «namusumu qorumağa gedirəm» deyib, lazım gəldiyi məqamda canlarını qurban etmişlər. Mən burada oğullarımızı, qəhrəmanlarımızı yola salan, onları gözləyən, hər çətinlikdə onlarla bir olub təsəlli, arxa-dayaq olan xanımlarımız haqqında, bu gün saçlarının birini ağ, birini qara hörən, dərdini içində boğub, ərlərinin qəhrəmanlıqlarını öz ağır dərdlərinə dərman edən, bir üzü qız, bir üzü gəlin, namus qeyrət və sədaqət nümunəsi olan xanımlarımızın fədakarlıqlarından söz açmaq istəyirəm. Bəzən düşünürəm ki, Elnarələrin, Sevinclərin, Saraların, Aydanların saf duyğuları, təmiz məhəbbətləri bu oğulları qəhrəman edib. Şəhid ailələri ilə görüşlərimin birində Qəhrəmanlarımızın xanımlarından birinin danışdığı əhvalat ömrüm boyu unudulası söhbət deyil:
«Müharibənin olacağını hiss edirdik. Yoldaşım gecə gündüz, kəşfiyyatda olurdu. Komandanlığın tapşırıqlarını yerinə yetirirdi. Kəşfiyyatçı xanımı necə olur, necə olmalıdır onu yaşayanlar bilərlər. Müharibədən öncə bir gün bizi, kəşfiyatçıların ailələrini generalın xanımı öz yanına dəvət etmişdi. Ana, bala kimi söhbət edirdi bizimlə. «Övladlarım, bacılarım, bizim ərlərimiz yolun çətinini, amma ən şərəflisini seçiblər. Biz cəsarətimiz, təmkinimiz, ləyaqətimiz, və dözümümüzlə onlara arxa, dayaq olmalıyıq. Elə etməliyik ki, Vətəni qoruyan, torpağa sahib çıxan bu igidlərin gözü arxada qalmasın. Bu yolda bəzən gediş var dönüş yoxdur.Buna da qatlaşmalıyıq.Dözümlü olmalıyıq»-dedi. Mən özümə həyat yoldaşı seçəndə, onun ölümün gözünün içinə dik bamağı bacardığını,özü boyda ürəyi olduğunu bilib seçmişdim.Kişi olduğu üçün seçmişdim.
Bu sohbətdən sonra hansı Şəhid ailəsində oldumsa gənc xanımlarımızıda , boynu bənövşə kimi bükük qızlarımızda, həyatın qarsıyıb, yandırdığı doğma bacılarımızda min illərin müdrikliyini, səbrini gördüm. Gördüm və düşündüm ki, ərlərini qəhrəman edən Siz xanımlar səcdəyə laiqsiniz. Bu gün ki, yazımın qəhrəmanı Allahverdi Ələkbərovun xanımına yazdığı mesajlarda, edilən sohbətlərdə bir daha əmin oldum ki, yaxşı qadın ərinin başını uca edər, qəhrəman edər…
Gözündən çeşmə kimi su sellənən,dərddən ürəyi qarsımış ömür-gün yoldaşı Aydan Ələkbərovanın xatirələr çəkib uzaqlara aparır.Yaylığının ucu ilə sellənən göz yaşını silib Allahverdili günlərə dönür.Göz yaşı içində boğulan nəmli üzündə bulud arxasından çartlayıb çıxan günəş kimi bir gülüş,xoşbəxtlik nişanəsi parıldayır.
Allahverdiylə 25.04.2005-ci ildə məktəbimizdə keçirilən tədbirlərin birində tanış olmuşduq. Uşaq idik,..Ömrün xəyal dövrü, həyatımızın romantikasının yenicə başladığı illər idi. Həyatın,d ünyanın gözümüzə əlvan görülən vaxtlari idi. Məktəb dostluğu, yoldaşlıqı ilə baslayan münasibətlərimiz sonda ailə qurmağımızla nəticələndi. Tanışlığımızın ilk günündən Allahverdini hər gün məktəbin yanında məni gözlədiyini görürdüm. Bir gün Allahverdini məktəbin yanında görsməsəydim dəli olardaım…
Müəllim yanına, hazırlıqlara birlikdə gedib gəlirdik. Allahverdi çox qısqanc idi. Məni hər şeyə qısqanırdı. Əslinə qalsa bu qısqanclıq da mənə bir ayrı cür ləzzət edirdi. Sevilmək gözəl şeydir. Allahverdinin mənə, mənim ona olan sevgim ilahi bir eşq, Allahın bizə olan lütvü idi… Amma deyim ki, həyatda hər şey asan sadəliklə başa gəlmirmiş. Sən demə bircə insan hissində, duyğusunda azad ola bilirmiş. O, qədər maneələr varmış ki… Bizim başımız çox bəlalar çəkdi… Bir- birimizə qovuşmağımız da bəlalı olub. O, qədər çətinlikdən, göz yaşından keçib ki, bu evlilik. Allahverdi, çox iradəli, sözünə bütöv bir adam idi. Qətiyyətli, sözününü sahibi olan adam idi. Sözünün üstündə durmağı bacaran, dönməz, mətin, sevgisi yolunda ölümə belə hazır olan bir insan idi. Məktəb illərində, ilk tanışlığımız zamanları mənə çox qətiyyətlə «sən mənim ailəm olacaqsan», demişdi. Sona kimi də sözünün üstündə durdu. Mənim valideynlərimin etirazına baxmayaraq ömrü nakam qalsa da sevgi dastanımızı yaza bildi, Allahverdi. İki dəfə məni götürüb qaçırdı. Valdeynlərimin etirazı, hədə qorxular bizi yolumuzdan döndərə bilmədi.
Qəribəydi… Allahverdi hər bir işə elə bil tələsirdi. Ömrünün yetməyəcəyini elə bil hiss edirmiş kimi davranırdı. Həyatı, yaşamağı, çox sevirdi. Ürəyi arzularla, xəyallarla dolu idi… İdmanı sevirdi. İdman həyat tərzi idi, onun. Allahvedimin ruhu da, düşüncəsi də saf idi. Çox imanlı adam idi. Dinimizə bağlı, onun bütün şərtlərinə əməl etməyə çalışan idi. Mənə Namazı da özü öyrətmisdi. Birlikdə namaz qılanda özünü çox xoşbəxt hiss edirdi. «Allah bizi görür,mələklər bizə alqış deyir», deyirdi.
Nəhayət böyük çarpışmadan sonra 2009-cu ildə ailə qura bildik. Bu 11 illik ailə həyatında həyatın hər üzün gördik. Çətinliklərə birgə sinə gərirdik. Həyatdır da…hər şey olur. Acısını da daddıq, bal kimi şirin günlərimiz də çox oldu. Ən əsası həyata olan ümidimizi itirmədik. Heç vaxt əlimizi buraxmadıq. Dünyaya 3 gözəl övlad gətirdik... Onu da deyim ki, övladlarımızın adı Allahverdiyə yuxuda verilib. Gözümüzün ilki Əlihüseyin 2010-cu ildə anadan olub. O qədər sevinmişdik ki, Əlİhüseyin dünyaya gələndə. Dünya bizim idi. Hər işdə Allahverdi əlimdən tuturdu. Usağı böyütməkdə, çimizdirməkdə, yeməyini yedirməkdə belə, tək köməkcim Allahverdi idi. Necə sevə-sevə baxırdı oğluna. O zaman mühafizəci isləyirdi. Hər evdən çıxanda Əlihüseyn arxasıyca ağlayırdı, aləmi bir-birinə qatırdı. İkinci oğlumuz Məhəmmədsadiq 2013-cü ildə anadan olub. Xasiyyətcə eyni atasıdır. Elə bil atası tökdüklərin bir-bir bu götürüb. Allahverdi kimi, idmana bağlı, heyvan sevərdir. Bir az nitqində qüsuru var deyə Allahverdi ona daha çox diqqət ayırardı. Bir an olsun belə müalicəsini gecikdirməz, dərmanlarını vaxtlı- vaxtında alardı. Üçüncü övladımız, Fidanın gəlisi bir ayrı sevinc gətirdi ailəmizə. Hərdən oğlanlarımızın qısqanclıqı tuturdu Fidana ki,ata səni çox istəyir... Allahverdi çox ailəcanlı idi. Uşaqlara diqqət verən idi. Onların gələcək həyatlarını düzgün qurmaları üçün əlindən gələndən də artığını etməyə çalışırdı. Oğlanlarımızi idmana yazdırmısdı… Fidanla da evdə özü məsq edirdi. Heç xatırlamıram ki, bir dəfə də belə olsun, usaqların xatirinə dəysin. Əksinə hərdən mən usaqlara hirslənəndə, əsəbləşəndə məni də Allahverdi sakitləşdirirdi. Uşaqları çox ərkəsöyün böyüdürdü. Deyirdi «mən ata qayğısı,ata sevgisi nə olduğunu görməmisəm.Heç olmasa balalarım mənim kimi olmasınlar». Nə yazıq ki, oldular…Hər şey,arzularımız ,xəyallarımız yarımçıq qaldı. Birdən- birə həyatımız əldən düşən bir kuzə kimi çilik-çilik oldu… Atası kimi atasız qoydu balalarımızı.
Fidan Ələkbərova XTQ-nin şəhid,kəşfiyyatçı giziri Allahverdi Ələkbərovun qızı:
Mən atamın fəxriyəm.Atam həmişə özü belə deyərdi… Məni çox əzizləyərdi… İndi kim isə məndən soruşanda ki, kimin qızısan? Deyirəm ki, Vətən Müharibəsi qəhramanı Allahverdi Ələkbərovun qızıyam. Əgər bütün millət atamı sevirsə, deməli atam sağdır. Mən şəhid qızıyam demirəm. Kiminsə mənə baxıb yazığı gəlməsini də istəmirəm. Şəhidlər ölmür… Amma atamdan bir az incikliyim var. Atam yaxşı, gəzməli yerlərə, gözəl yerlərə gedəndə məni də özü ilə aparardı. Hər evə gələndə, parka gedərdik. İndi atam cənnətə gedib, amma mənı özü ilə aparmayıb. Hanı, bəs mənə deyirdi ki, Fidan, sən mənim mələyimsən… Mələkləri cənnətdə qoymurlar? Mən atamla cənnətdə də bir yerdə olmaq istəyirəm… Mən atamı istəyirəm… atamın qucağı dünyanın ən gözəl cənnəti idi… Mən atasızlığı heç sevmədim.
Dodaqları səyriyib, tir-tir titrəyən,gözündən yaz yağışı kimi yaş sellənən Fidanı anası qucağına alıb sakitdirməyə çalışır. Atan görüb narahat olar,səndən küsər,ağlama.
-Bəs atam məni görürsə,mən niyə onu görmürəm.Mən atamı istəyirəm.Dur gedək Şəhidlər xiyabanına,atama getmək istəyirəm…
Aydan xanım balaca qızını sinəsinə sıxıb söhbəti davam etdirir:
Allahverdi həyata çox bağlı idi. Zəhmətkeş idi…Yorulmaq nə olduğun bilməzdi. Heyvansevər idi… Bir ferma açmısdı, orda bir çox heyvan saxlayırdı. Hər birinə xüsusi qayğı göstərirdi. Deyirlər ki heyvanları çox sevən insanlara heç vaxt zərər gəlməz…Bəs onda niyə belə oldu? Niyə onun arzuları, sevgisi, planları yarımçıq qaldı?
Mən Allahverdini taniyan gündən hərbiyə sevgisinin şahidi olmuşam. Deyirdim ki, Allahverdi üc usaqla necə olar, axı? Hərbiçinin günü çöllərdə keçir, ev görmür, yataq görmür, sənə çətin olar. Qulluq yerini dəyişəndə hərbçi ailələri kirayələrdə yaşamaq məcburiyyətində qalırlar…
Deyirdi ki, çətinlik var deyə, hərə yaxasını bir kənara çəksin torpağımız, namusumuz, şərəimiz düşmən işğalında qalsın? Hərbi qulluqda işə düzələnə kimi fəhlə, kamaz ustası, mühafizəci isləyirdi. Amma işi heç ürəyincə deyildi. Bir yol axtarırdı ki, hərbi xidmətə keçsin. Nəhayyət 2016-cı ildə aprel döyüsləri vaxtı hərbi qulluğa keçə bildi. Murovdağ, Tovuz, Ağcabədi rayonlarında yerləşən hərbi hissələrdə kəşfiyyatçı olaraq fəlaliyyət göstərib. Biz də demək olar ki, onunla birlikdə qalırdıq. Allahverdi Vətəni, torpağı hədsiz sevirdi. «Mənim birinci ailəm Vətənim, ikinci ailəm sizsiniz»- deyirdi.
Qəribədir çox xanımlar yoldaşlarını xanımlara qısqananda mən Allahverdini torpağa qısqanırdım…isinə qısqanırdım. İs yoldasları deyirlərdi ki, sıra baxışında rəisləri Allahverdini həmişə nümunə göstərirdilər. Adi bir qələmini də hər zaman dəqiqliklə saxlayırdı. uniformasını, çəkmələrini necə təmizləyirdi… Çox özünə fikir verən adam idi. Çox təmizkar idi .Hətta ən ağır təlimlərə, ətirlənib, duxulanıb gedərdi.
Ona böyük oğlum deyirdim...dostum, sirdaşım, dərd ortağım idi. Həm də usaq kimi sevərdim onu. Çox saf idi. Bizi tanıyanlar bizə həsəd aparırdılar. Rəfiqələrim, yaxınlarım deyirlərdi ki, siz nə qəribə ailəsiniz. Ən adi sözü də Allahverdiyə deyirsən. Bilirsiniz, bu qorxudan deyildi. Bir- birimizə olan hörmətimizdən, bağlıliqdan, sevgidən irəli gəlirdi . Gün ərzində nə etdiyimizi danışırdıq bir- birimizə, gələcəklə bağlı planlar qurardıq. O qədər xəyalımız var idi ki... Oğlanlarımızı, qızımızı yerbəyer edib kicik bir kənd evində yaşamağı xəyal edərdik. Deyirdi ki, bizim gözəl günlərimiz, həyatımız hələ qabaqdadır. Özü həyatda o qədər əziyyət çəkib, çətinlik görmüşdü ki, istəmidi ki,o yaşadıqların övladları da yaşasın. Uşaqlara çox vaxt ayırardı. Əlacı olsaydı bütün ömrünü onalarla birgə keçirərdi. Hər evə gələndə Usaqları parka aparmağı xoslayırdı. Bilmirəm onun usaqlara olan sevgisini sözlə necə ifadə edim? Hədsiz dərəcədə sevirdi balalarını. Əlindən gəldiyindən də artığını etməyə çalışırdı balaları üçün. Yəqin belə tez ayrılacağını bilirmiş?
Sentyabr ayı…Həyatımın, qara günlərimin başlanağıc ayı…Sentyabrın əvvəli məzuniyyətə gəlmisdi. Mənə gələcəklə bağlı məsləhətlər verirdi. Fikir verirdim ki,mənə gələcəklə bağlı verdiyi tövsiyələdə özü yoxdur. Sorusdumki niyə axı arzularında daha sən yoxsan. Bunu necə başa düşək? Dedi ki, Aydan, bundan sonra uşaqlarımıza sən həm ata, həm də ana olacaqsan. Şəkillərindən birini də götürüb verdi ki, əgər Şəhid olaramsa bu şəkli də baş daşıma vurdurarsan. Usaqları oxut, təhsil ver. Qoyma kimsəyə möhtac olsunlar. Şəhid olaramsa mənim uniformamı geyinib cənazəmi qarşılıyarsan. Ağlamazsan, qışqırmazsan… məğrur ol. Başını dik tut. Cənazəmi çiynində aparaparasan ki, bu dünyadan rahat gedim… Ona, gücüm çatmadı. Dizlərimdə taqət, ürəyimdə təpər qalmadı. Ürəyim dözmədi ona…
«Xoş o adamın halına ki, evdən tək çıxıb gedə, qayıdanda izdihamla Şəhid kimi evinə dönsün»- dedi. «Allahdan və sənin atandan basqa səni əmanət edəcəyim kimsəm yoxdur.Məni bağışla Aydan…üc usaqla səni Allaha tapşırımaq məcburiyyətindəyəm»…İnanmadım.İnanmaq istəmədim…Nə qədər yalvardım ki, belə danısma, məni tək qoyma…Bu dünyada səni seçib, sənə güvənmişəm… Məni yarı yolda buraxma… Allahverdi Vətəni seçmişdi. Vətən sevdalısı idi…
27 sentyabrda zəng etmişdi...Dedi Alkido her sey ola bilər güclü ol. (Mənə Alkido, bəzəndə Ayla deyərdi- Məndə ona Kalbis-Qəlbim yaxudda Alay deyərdim) Qorxma…
Nə istədiyini, nə arzuladığını soruşdum. Dediyi o oldu ki, evə gələndə ancaq su icəcəm… çoxlu su alarsan… Bilirdim ki, susuzdur. Ona görə məndə yemirdim, icmirdim ki, mənim Alayım acdır, susuzdur. Dedim ki, Kalbis, söz ver ki bizə görə sağ qalacaqsan, evimizə qaydacaqsan. Razıyam ,əlin, qolun olmasın… lap ömrü boyu yataq xəstəsi ol. Bütün ömrüm boyu sənə baxsam yorulmaram. Amma sağ qayıt,.. Nəfəsin üstündə olsun bəsimizdir, dedim.
Rəhim İsmayilov XTQ-nin Şəhid giziri, kəşfiyyatçı Allahverdi Ələkbərovun döyüş yoldaşı:
Allahverdi Ələkbərov mənim böyük komandirim olub. Onda komandırə, təkcə komandirə yox, ən gözəl insana xas bütün gözəl xüsusiyyətlər var idi. Allahverdi Ələkbərov çox öyrəniləsi, nümunə götürüləsi bir qəhrəman idi. Bu adama insana canını da, namusunu da etibar edə bilərdi. Bir sözlə kişilik və halallıq nümunəsi idi. Din, əxlaq adamı idi. Komutanım yaralanana kimi, daha doğrusu birinci mən yaralandım, ona kimi bütün doyüşlərdə, Füzülidə, Suqovuşanda, Hadrutda, və Qubadlıda bütün döyüşlərdə çiyin-çiyinə birgə iştirak etmişik. Allahverdi çox nikbin adam idi. Adama ruh, inam verirdi, onunla bir olmaq əsgər üçün xöşbəxtlik, gələcəyə ümid demək idi. Əsgərlərinin qəlbində daima yaşayan bir insan idi. Qoymazdı ki, onun tabeçiliyində olan əsgərə kim isə nə isə desin, müdaxilə etsin… Həmişə bizə xüsusi diqqət ayırar, hər yerdə birinciliyimiz üçün çalışar, idmanımıza, silahdan istifadə qaydalarına xüsusi önəm verərdi. Komandir deyildi ki, O, qardaş idi bizə. Bu dünyayla bağlı gözəl arzuları, cənnətlə bağlı o qədər real görünən , gözəl təsəvvürləri vardı ki, adam onun hər sözünə inanır, ölümün qorxulu olmasını ağlından belə keçirməzdi.
Qubadlıda çox strateji əhəmiyyətli bir yüksəklik uğrunda ağır doyüşlər gedirdi. Düşmən çox güclü silahlanmışdı. Mövqeləri də möhkəm idi. Milli Qəhrəman Şükür Həmidov da həmin yüksəkliyin azad edilməsi uğurunda döyüşlərdə şəhid olmuşdu. Biz düşmənlə olduqca yaxın bir məsafədə mövqelənib döyüşürdük. Düşmən hər cür silahdan istiadə edib üstümüzə mərmi yağdırırdı. Geri çəkilmək olmazdı. Bu döyüş ruhu məhv edilmiş düşməndə özünə inam yaradar, işimizi çətinləşdirərdi. Eyni zamanda yüksəkliklər, torpaq qanla alınır. Ora qədər asan gəlib çıxmamışdıq. Çox dəyərli qardaşlarımızı, qəhrəmanlarımız canlarını qurban vermələri hesabına ora gəlib çıxmışdıq.
Mən Allahverdinin sol tərəfində mövqe tutmuşdum.Əlimizi uzatsaq bir-birimizin əlindən tuta bilərdik. Düşmən qumbaratanının mərmisi yaxınlığımıza düşdü. Əvvəl nə baş verdiyini anlamadım. Dedim ki, komutanım ayağımı hiss etmirəm. Bir bax, gör mənə nə oldu. Allahverdi tez mənə yaxınlaşdı. Dedi ki, sən ayağına baxma. Hər şey yaxşı olacaq. Məni kürəyinə alıb döyüş mövqeyindən uzaqlaşdırmağa çalışdı. Sən demə mərmi ayağım parçalanıbmış…
Komutanım məni döyüş mövqeyindən kənarlaşdırıb təhlükəsiz bir yerə təxliyyə edib məndən az aralanmışdı ki, yaxınlığa mərmi düşdüyünu eşitdim. Halım özüm də deyildi. Bir onu anlaya bildim ki, döyüşçülər düşmənin qumbaratanla Allahverdini də vurduğun dedilər…Mən çoxlu qan itirdiyimə görə huşumu itirmişdim. Gözümü açanda Hospitalda olduğumu hiss etdim . Dərhal xilaskarım Allahverdini sorduşdum …
Yaralandığını, müalicə aldığını dedilər… Allahverdinin şəhid xəbəri məni çox sarsıtdı. Yaşadığıma görə Allahverdiyə borcluyam. Allahverdi fəxr ediləsi döyüşçü, yolunda can veriləsi bir qardaş idi. İnanıram ki, ailəsi, övladları, onunla bir ömür fəxr edəcəklər… məktəblərdə onun keçdiyi şərəfli ömür yolu gənc nəsilə öyrədiləcək, təbliq olunacaq. Ruhun qarşısında səcdə edirəm, qəhrəman qardaşımın.
Aydan Ələkbərova, XTQ-nin Şəhid kəşfiyyatçı giziri Allahverdi Ələkbərovun ömür gün yoldaşnın xatirələrindən:
Oktaybrın 21 günü bacımın yoldasına zəng edib «Əməliyyat olmusam, gəlin yanıma. Amma yaralı olduğumu Aydana demə»- demişdi. Bir az sonra özü zəng edib dedi ki, «Alkito gəl yanıma, tez gəl səni görüm» Füzuli rayon xəstəxanasında idi. Getdik orda görüsdük. Reanimasiyada ağır vəziyyətdə olsada , dedi ki, «qorxma mənə hec nə olmayıb». Böyük oğlumuz Əlihüseyini qucaqlayıb dedi ki mən sağalıb evə qayıdına kimi evin böyüyü sənsən. Mənə də dedi ki, «Rəisim yaralıdır, get axtar tap. Sənədlərimi telefonumu götür».
Dəli kimi xəstəxana boyunca adını belə bilmədiyim rəisi, Kalbisimin sənədlərini axtarırdım. Başa düşürsünüz dəli kimni… Həmin gecə oradan Füzuli Mərkəzi Xəstəxanasından Allahverdimi Mingəcevir xəstəxanasına göndərdilər. Orda olanda da tez-tez danısırdım, əlaqə saxlayırdıq. Dedi ki, sağ qalsam qurban kəsərsən. Bir necə saat sonra əməliyyat olundu komaya düsdüyünü dedilər. Komada olanda bir dəfə yanına buraxdılar ki, gedim başının üstə dürum danısım. Gəldim əlindən tutdum, dedim canım Alayım, mənimlə alay etmə. Məni buraxma. Ola bilməz ki, sən məni duymayasan. Bu dünyada məni duyanım, məni anlayanım, dərd ortağım, canımın içi sənsən. Bu ağırlıqda yükü mənim boynuma qoyub getmə… Mən uşaqlara ata ola bilmərəm. Mən sən ola bilmərəm. Mənə elə gəlirdi ki, o, məni duyur… Bu dəqiqə durub mənə sarılıb, «mənim mələk üzlü Aylam, mən heç səni buraxarammı? Sənsiz cənnətə gedərəmmi? Dünyanın harasında olsam sənlə olduğum yer mənim cənnətimdir, mənim Aylam» deyəcək. Alayım, Kalbisim, mənim Allahverdim sən demə canı ilə əlləşirmiş. Aorta damarında mərmi qalmışdı. Həkimlər gözləyirlərdi ki, bir az toparlansın, əməliyyat edib çıxaracaqdılar…Nə bilim Fələk bizə qara üzün göstərəcəkmiş…Qara talehli igidim, qara torpağı bizdən əziz bilib onun «qoynuna» girəcəkmiş…
Bir gün sonra xəbər verdilər ki, oyanıb. Tibb bacıları deyirdi ki, ancaq səndən və usaqlarından danısır. Fəxr edir sizlə. Sizə görə çox narahatdır. Çox dözümlü igiddir, mənim sədaqətli Allahverdim. Həkimlər «Dəmir adam» qoymusdular adını. Allahverdiyə güc verən sevgimiz, övladlarımız idi.
Əlhüseyin Ələkbərov. XTQ-nin kəşfiyyatçı şəhid giziri Allahverdi Ələkbərovun böyük oğlu:
Mən atamla fəxr edirəm. Sevinərəm ki, canını vətən yolunda qurban verən bir qəhrəmanın oğluyam. Atam həmişə mənə deyərdi ki, hərbiçi həyatı elədir ki, bu yolu seçənlər ölümlə razılaşıb işə başlayırlar. Ölüm qapıdadır, hər an gələ bilər… Gərək onu da kişi kimi qarşılamağı bacarasan. Atam ölümün də gözünün içinə dik baxmağı bacaran kişilərdən oldu. Yaralanma xəbərini eşidib anamla birlikdə mən də atamın yanına getmişdim. Atam o vəziyyətində də özünü əsl hərbiçi kimi aparırdı. Məni qucaqlayıb bağrına basaraq dedi ki, Əlhüseyin mən evimizə dönənə kimi evimizin kişisi sənsən. Şəhid olsam anan , bacı və qardaşın sənə əmanətdirlər. Atana layiq övlad ol…
Atam qardaşımın da mənim də hərbçi olmamızı arzu edirdi. Mən çalışacağam ki, atamın bütün arzularını həyata keçirim. Eləcə də böyüyəndə, zamanı gələndə hərbçi olacağıma söz vermişəm.
Atam əslində atasız böyümüşdü. Bizim hər cür əziyyətimizi çəkir, bizim üçün hər şey edirdi. Elə bil hər gün arzusunda olduğu ata obrazını yaradıb bizə göstərirdi ki, ata belə olmalıdır. İndi qalır bizim borcumuzu verməyimiz. Əsl, ləyaqətli oğul necə olur, atamızın ruhu qarşısında göstərməyimiz...
Tez- tez atamla Şəhidlər xiyabanına görüşə gedirəm. Atam cəbhədə, namərd düşmənlə döyüşəndə çox susuz qalıb. Deyirdi ki, evə gələndə çoxlu su içəcəm. Atam mənə desə də ki, Şəhid olsam ağlamayın, amma mən hər gün gedib onun məzarı üstə göz yaşı tökürəm. Qoy atam görsün ki, O, içə bilmədiyi suyu mən öna gözlərimdə gətirirəm.
Yaşımın az olmasına baxmayaraq boynuma düşən yükün ağırlığını yaxşı dərk edirəm. Onsuz, atasız bizə çox çətindir. Mən indi çalışacağam ki, onu əvəz edə bilməsəm də onun yerində olum. O, etmək istədiklərin edim. Həm də bir oğul kimi yaxşı oxuyum, yaxşı çalışım ki, cəsur kəşfiyyatçı Allahverdi Ələkbərovun adına layiq oğul ola bilim.
Eşitmişəm ki, o valideynlər xoşbəxtdirlər ki, arxasıyca övladları göz yaşı axıdır. Atam bizə bir ömür qürur yaşatdığı kimi qoy məzarda da o, xoşbəxt yatsın ki, hər an onun üçün göz yaşı axıdan övladlar qoyub gedib.
Aydan Ələkbərova ömür-gün yoldaşı söhbəti davam etdirir: 6 noyabrda böyük oğlumuz Əlhüseyinlə qızımız Fidanın ad günü idi. 4 il fərqlə ikisi eyni gündə dünyaya gəliblər. Allahverdi xəstəxanada danışa biləndən mənə də, tibb bacılarına da deyirdi ki, Aydana deyin usaqlara ad günü kecirsin. Öncədən də tapsırmısdı ki, mən olmasam da usaqları boynu bükük etmə. Hər zaman doğum günlərini qeyd edərsiniz. Mənim iş yoldaşlarım da onun bu istəyin bilirdilər. Həmin gün iş yoldaşlarım mənə sürpriz edib bizə gəlmisdilər. Allah… Allahverdi görüntülü zəng etmişdi, bir görəydiniz necə sevinirdi. Dedi «bax belə ol, hər zaman».
10 noyabr Qələbə günü…həmin günü ziyarətgaha getmisdim. Ziyarətdən sonra getdim bazarlıq etdim. Allahverdini xəstəxanadan çıxarmaq üçün təzə paltar aldım. Sevinirdi…uçmağa qanadı yox idi… Dedi ki, çox şükür, bu problem usaqlarımıza qalmadı. Tezliklə mən də gələrəm evimizə. Mənə mesaj yazmışdı ki, ölsəm də dərdim yoxdur. Mən də qələbə tortun yedim. Tibb bacıları sənə videosunu göndərəcəklər, baxarsan. Səbrli olaq, inşAllah gələcəm evə». Mesaj yazandan təxminən bir saat sonra həyacanlanıb yarasından qan gəldiyini görüb. Özü də deyib ki, deyəsən bu qan son qanımdı , bunun axırı yaxşı olmayacaq. Əməliyyata girməmis son sözü də bu olub ki, ölümdən qorxmuram, ölsəm balalarım, ailəm tək qalacaq, ondan qorxuram. Elə də oldu… Bizi tək qoyub getdi… Həyat üçün çox mücadilə verdi. 11 dəfə əməliyyat olunmuşdu. Mən yenə də inanmırdım. Deyirdim Allahverdi bizi buraxmaz. Düşünürdüm ki, yəqin komaya düşüb,yenə … Axı necə inanaydım, cəmi bir necə saat öncə danısdığım. Canımdan çox sevdiyim, yolunda hər şeyimi qurban verə biləcəyim igidimin ölümünə. Bərdədə morqda, görənə kimi inanmadım. Nur üzlümü qucaqlayıb, son dəfə öpüb vidalaşıb orada da andımı içdim…
Hər gün Mələklərdən ona salam göndərirəm. Bilirəm ki, Allahverdim məni görür, bizi izləyir. Andım olsun ki, Vətənə əmanət balalarını, namusla, onun arzuladığı kimi böyüdəcək, onlara həm ata,həm də ana olacam.Allahverdinin ruhu ilə birgə böyüdəcəm onları…
Əsmər Həmidova XTQ-nin Şəhid giziri,kəşfiyyatçı Allehverdi Ələkbərovun ailə dostu:
Uzun illərdir ki, Allahverdinin xanımı, Aydanla rəfiqəyik, hamı bizi bacı bilir. Bəlkə də bacıdanda yaxınıq. Həyatda gördüyüm, nümunə götürə biləcəyim, hər şeyin yaxşısını Allahverdi ilə Aydanda görmüşəm. İnsanlıq, mehribançılıq, şərəf və ləyaqət, bir birinə qarşılıqlı hörmət, sağlam təməl üzərində qurulmuş təmənnasız sevginin birliyindən yaranan ailə … Allah bu ailənin təməlini severək qoymuşdu. Bəzən insan düşünə bilər ki, belə sevgiyə şerdə, poeziyada, bədi ədəbiyyatda ,və ya hansısa filimdə rast gəlmək olar. Sohbət təkcə ailə münasibətlərindən, ər- arvad sevgisindən getmir…İnsanlara, cəmiyyətə, həyata, vətənə olan sevgidən gedir. Allahverdi və Aydan bir tamlıq, bütövlük simvolu idilər. Belə insanlar haqqında bəzən bir- biri üçün yaranmışlar da deyirlər. Bu iki adamin yaratdığı ailə müasir gənclərimiz, gələcək nəsillər üçün çox gözəl ailə modeli ola bilərdi. Çox təssüf ki, bu cütlüyün birgə yaşayış dövrü uzun sürmədi. Allahverdinin itgisi cəmiyyət üçün, vətən üçün, onu sevənlər üçün çox böyük acı bir itgi oldu. Böyük bir boşluq yaratdı. Belə insanlar ya heç olmurlar ya da olduqca az olurlar. Yəqin elə ondandır ki, bu insanlar həyatları ilə insan necə olmalıdır disturunu yaradıb tez də bu dünya ilə vidalaşırlar. Allahverdi ona verilən ömür payını təkcə özü üçün yaşamırdı..O,əhatəsində olan insanlar üçün, bü vətən üçün yaşayırdı. Mən vətəni necə sevməyi, vətən yolunda canını fəda etməyi bacarmaq nümunesini onda gördüm. Allahverdi övladlarıni da bu ruhda böyüdür, gələcəyin laiqli vətəndaşları olmaları üçün əlindən gələni edirdi.
Allahverdinin mənəvi keiyətlərindən danışarkən böyük Vətən sevdalısı olduğunu qeyd etməliyik. O,Vətənini bütün ruhi ilə, ilahi bir eşqlə sevirdi. Xidmət etdiyi ilərdə çəkdiyi əziyyətləri qəti dilə gətirməzdi, əksinə ondan zövq alar, onu özünün kişilik borcu hesab edərdi. Allahverdiyə xidməti vəzifəsini XTQ-nin Bakıya transfer olunacaq bölümünə dəyişmək təklifi olunanda da o, bundan imtina edib «mən asalt adamı deyiləm.Mən dağ-daş istəyirəm. Torpaqda ki, yatmadım, o torpaqda ki, namaz qılmadım, özümü rahat hiss etmirəm. Elə bilirəm ki,Vətənə olan borcumu ödəmirəm», demişdi. Allahverdi əsgərlərinə, döyüş yoldaşlarına çox bağlı adam idi.Məzuniyyətə gələndə, evdə olanda onun ilk düşündüyü şey, əsgərləri üçün sovqat aparmaq, onlar üçün nə isə tədarük etmək olardı…
Hərbi qulluğun çətin olduğunu bilsə də oğlanlarının da hərbiçi olmasını arzulayırdı. « Hərbçi olmaq cəsarətli olmaq, şərəfli olmaq deməkdir»,deyərdi. Oğul düşmən çəpəridir deyib müdriklərimiz,ulularımız. Allahverdi də deyirdi ki, «Düşmən səni qarşısında görüb dayanırsa, gücünü görüb qorxur, gücunü bilməyəndə ehtiyat edirsə, elə hərbçi olmaq lazımdır ki, düşmən səni çəpər yox keçilmaz qaya bilsin». Allahverdi, düşündüyü, dediyi, keçilməz bir qala, əyilməz yıxılmaz bir qaya oldu. Vətənin arxasını söykəyə biləcəyi dağ olmasa da dağ kimi əzəmətli bir oğul oldu. Canını vətənə fəda etməyi bacaran insan kimi bir nümunə oldu. Biz bioloji cəhətdən qoxum olmasaq da ruhən qohum idik.O,mənim təkcə bacımın, rəfiqəmin həyat yoldaşı deyildi.Eyni zamanda mənim qardaşım, ideal insan obrazım idi. Allah məkanını uca etsin.
Ceyhun Əliyev XTQ-nin şəhid giziri Allahverdi Ələkbərovun yaxın dostu:
- Allahverdi ilə tanışlığımızın tarixi yaşımız qədərdir. Amma bu tanışlığın dostluğa qardaşlıq münasibətinə dönməsi, bir- birimizə daha sıx bağlanmamızın tarixi bir 10 il olar.. Allahverdi çox düşüncəli, ağır, yerini yurdunu bilən bir insan idi. Yaşının az olmasına baxmayaraq onda dünyagörmüş bir insanın düşüncəsi, kamil, müdrik bir insanın əxlaqı var idi. Bu adama sevgi adamı, saflıq adamı, əhlaq adamı desək daha doğru olar. Allahvedi az-az tapılan nadır insanlardan idi ki, adının məzmununu əməli ilə düzgün ifadə edə bilirdi. Çox saf adam idi. Allahverdiyə görə hər eşydən öncə Vətən gəlirdi. Torpaq gəlirdi…Torpaqlarımızın işğalda olması ona heç cür rahatçılıq vermirdi. Görünür anasının da belə böyüməsində çox ciddi təsiri olub.Vaxtinda qaçqın, köçkün düşmələri, əzab əziyyət çəkmələri həyatından izsiz keçməmişdi.
Din adamı idi. Söhbət edəndə hiss edirdin ki, özün Şəhadətə hazırlayır. Bəlkə də məni düz başa düşməyən olar ki, kim özünə ölüm arzulayar ? Təbii ki, Şəhadətlə ölüm fərqli şeylərdi…
Hərbi qulluqda işə başlayandan sonra biz onunla çox doğmalaşdıq. Hər evə gələndə gələr görüşər, oğlanlarını da gətirib birlikdə oturar saatlarla söhbət edərdik. Allahverdi ailədə bir bacı, bir qardaş olublar. Oğlanarına deyərdi ki, «mən əsgərəm,başıma hər an iş gələ bilər. Bilin ki, Ceyhun sizin əminizdir. Ona hər məsələdə güvənə bilərsiniz».
Döyüşlər başlayan gündən tez tez əlaqə saxlayardıq. Qələbəyə böyük inamı vardı. Hər döyüşdən çıxanda sevinə-sevinə deyirdi ki, Polad müəllimin intiqamını alırıq. (Genral Polad Həşimova həmişə müəllim dəyərdi). Çox fədakar,etibarlı dost idi. Allahverdi yaralanıb Hospitala düşəndən sonra da əlaqəmizi kəsilmədi. Hospitala buraxmasalarda gedib yaxınlığında durub ,oradan zəng edib əlaqə saxlayırdıq ki, Allahverdi ona olan sevgini, inamı hiss etsin. Birdən nəyəsə ehtiyacı olsa bilsin ki,biz varıq,anında həll edəcəyik.
Bilirsiniz ki, XTQ-nin döyüşçülərinin boynunda içində telefon nömrəsi olan boş patron asılır. Allahverdinin boynundakı patronun içindən də mənim telefon nömrəm çıxmışdı.
Allahverdi həlak olandan sonra ailəsi ilə Bərdəyə “morqa” getdik. Yumağa aparılanda yaralarına baxdım. Həkimlər deyirdilər ki, Allhverdi müxtəlif vaxtlarda 3 dəfə yaralanıb. Özünə ağrıkəsici vurub , döyüşləri davam etdirib.
Allahverdi, bir dostluq, fədakarlıq simvolu idi. O, yaralı ola-ola döyüşü davam etdirib ki, dostlarına, döyüş yoldaşlarına, düşmən tapdağı altında olan Vətən torpağına xeyri dəysin, dusmen ayağı torpağımızdan kəsilsin.
Allahverdi arzusunda olduğu, qələbə tortunu yeyib, bu dünyadan nakam getmədi. İtirdiyi döyüş yoldaşlarına qələbə müjdəsi apardı.Siz bir dünyanın işinə baxın, Şuşa deyirdi, qələbə deyirdi… Qələbə xəbərini eşitdi, qələbəni gördü, getdi…Allah məkanını uca etsin axirət qardaşım.
Ömürgün yoldaşı Aydan xanımla mesalaşmalardan:
Aydan: Canım, canımın içi hər yerdə sənin şəkillərin, paltarlın aslıb. Hamı sənin yolunu gözləyir.Özünü çox yorma. Bütün sözlərini hazırla, gələndə hamısını başdan danışarsan.İnşalalah bircə sağal.
Allahverdi: Statusundan gördüm Askitom .Kim yapmış onları? Ora küçəmizdir,hə? Haçan yapdınız?
Askitom ,sən mənim yaşamaq stimulumsan,ölürəm sənin üçün.Gözümü açanda ilk sənin adını çəkdim.Sənə görə yaşadım,səni tək qoymamaqçün yaşadım…
Əzizinəm Aydana,
Quzu kəsim Aydana,
Min dənə gözəl olsa
Dəyişmərəm Aydana.
Aydan: Canımın içi, hamı yazır, bu bayrama görə, Sənliyə görə, səni təbrik edirlər. Bu qələbə sənin və sənin əsgər yoldaşlarının uğurudur.
Allahverdi: Sağ olsunlar Askitom. Şükür Allaha biz həll etdik. Övladlarımıza qalmadı.Onlar sakit, müharibəsiz yaşayarlar, inşAllah.
Aydan: Şükür.min şükür .milyon şükür.Sən tarix yazdın Fəxr edirəm səninlə mənim Qazi həyat yoldaşım, yaralı Aslanım. Allah səni mənə bağışladı Kalbisim. Yeni həyat yazarıq .
Allahverdi: İnşallah Askitom, dişi Aslanım.
Aydan:İndi gedirəm sənə və Əlişkaya təzə krasovka, paltar alım.Tezliklə xəstəxanadan çıxarsan…
Amma Allahverdi həmin gün xəstəxanadan çıxmadı…Şəhadət şərbətini içdi .O,Aydaninin ona aldığı təzə paltarları deyil, Yaradanının ona biçdiyi «ağ libas»ı tərciyə etdi. Əzizlərini deyil,canından əziz bildiyi,yolunda canını qıyıb ,qanını tökdüyü torpağı qucaqladı…
Sevən insanlar,saf olurlar,müqəddəs olurlar.Sevmək Tanrının əlamətlərindəndir. Ürəyi, vicudu, ruhu müqqəddəs hislərlə yoğrulmuş nur üzlü bir balamızı da əlbət Tanrı öz yanında görmək istdi, Tanrı onu da öz müqəddəs dərgahına götürdü.Ürəyi sevgi dolu, Arzu dolu bir igidimiz də Azərbaycanımızı Tanrı dərgahından seyr etmək üçün müqəddəs zirvəyə ucaldı. Məqamın uca olsun,Allahverdi.
Elşən Qəni