05 aprel 2021 23:58
1215

Rusiya Ermənistana “İsgəndər-M” raket kompleksi verməyibsə...

Ədalət Verdiyev:  Bu raketlərin Ermənistan kimi işğalçı və terrorçu  bir dövlətə verilməsi təəssüf  və təəccüb doğurur

Ermənistan Azərbaycan ərazisində saysız-hesabsız hərbi cinayətlər törədib. Belə cinayətkar əməllərdən biri də müharibə dövründə Şuşaya “İsgəndər-M” operativ-taktiki raket kompleksinin atılması olub. Onu da qeyd edək ki, bu günlərdə ANAMA-nın işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadantəmizləmə tədbirləri zamanı raketin qalıqları aşkarlanıb. Araşdırma zamanı müəyyən edilib ki, bu Operativ-Taktik Raket Kompleksi “İsgəndər-M” raketinə məxsusdur. Açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana “İsgəndər-M” raketinin sadələşdirilmiş variantı olan, 280 km məsafəyədək uçan “İskəndər-E” raket kompleksi verib. Belə də ortaya haqlı sual çıxır: Əgər Rusiya Ermənistana “İskəndər-M”  raket kompleksi verməyibsə, Şuşaya həmin raket haradan və necə düşüb?

Hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, son aylarda Rusiya tərəfindən “İsgəndər-M” raketinin istifadəsinə aid müxtəlif səpkili və təkzib xarakterli bəyanatın səsləndirilməsinin şahidi oluruq: “Yeri gəlmişkən onu da qeyd edim ki, ilk dəfə Nikol Paşinyan, Serj Sarkisyan, Onik Qasparyan, Movses Akopyan və s. kimi erməni hərbi, siyasi rəhbərlər bu raketlərin istifadə olunduğunu etiraf etmişdilər. Lakin Rusiya tərəfi həmin açıqlamalara reaksiya verərək bildirmişdir ki, Qarabağ müharibəsində “İsgəndər” ballistik raketlərindən istifadə edilməyib. Ancaq tapılan qalıqlar onu göstərir ki, Ermənistan nəinki “İsgəndər-E” raketlərindən, hətta onun “İsgəndər-M” versiyasından istifadə edib. Bunu ANAMA-nın həmin ərazidə tapdığı raketlərin üzərində yazılan 9M723 yazısı da təsdiq edir. Ermənistana verilənlər isə 9M723E, yəni, eksport versiyası olmalı idi. Eksport versiyası “İsgəndər-M” versiyasından daha az döyüş başlığı daşıyır və ondan çox az atəş məsafəsinə malikdir”.

“İsgəndər-M” raketinin nəinki ixracı, hətta onların Rusiya tərəfindən məhv olunmaması təəccüb doğurur” söyləyən ekspert onu da qeyd edib ki, çünki bu silahlar 1987-ci ildə SSRİ  ilə ABŞ arasında imzalanan və 2019-cu ilə qədər mövcud olan orta və yaxınmənzilli raketlərin ləğvinə aid sazişin tələblərinə uyğun olaraq hər iki ölkə tərəfindən ləğv edilməli idi: “Belə bir silahların Ermənistana verilməsi heç də qısamüddətli bir proses deyil. Adətən bu tip silahların verilməsi illərlə müzakirə edilir, razılaşdırılır, istehsal olunur və ixracı həyata keçirilir. O zaman bu komplekslərin nə bazardan alınması, nə də digər yollarla əldə edilməsi mümkün deyildi. Düşünürəm ki, belə sistemlərin Ermənistan kimi işğalçı və işğalı dəstəkləyən, terror qruplaşmaları ilə sıx əlaqədə olan bir dövlətə verilməsi təəssüf və təəccüb hissi doğurur”.

Mənsumə Babayeva, “İki sahil”