04 aprel 2021 19:15
1503

Beynəlxalq Mina Xəbərdarlığı Günü bu problemin qlobal təhlükə olması və maarifləndirilməsi baxımından əhəmiyyətlidir

4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü mina probleminin qlobal təhlükə olması və ictimaiyyətin bu sahədə maarifləndirilməsi baxımından önəmlidir. Bu gün ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasında elan edilib və hər il qeyd olunur. Bu təşəbbüs BMT və beynəlxalq təşkilatların köməyi ilə, dövlətlər tərəfindən mina və digər müharibə qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və tərəqqiyə ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina probleminə qarşı mübarizənin daim davam etdirilməsinə çağırır.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, mina təhlükəsinə dair maarifləndirmə mina fəaliyyətinin mühüm tərkib hissələrindən biri olmaqla mina və müharibənin partlamamış qalıqları təhlükəsi olan ərazilərdə və onlara yaxın yerlərdə məskunlaşan əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatların yayılmasını, onların xəbərdar edilməsini nəzərdə tutur.

Minalar və müharibənin digər partlamamış qalıqları hər ay dünyada minlərlə insanın ölümünə və şikəst olmasına səbəb olur.

Ölkəmizdə mina və müharibənin partlamamış qalıqları problemi əsasən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsidir. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ölkədə minalarla mübarizə proqramının komponentlərini - ərazilərin mina və müharibənin partlamamış qalıqlardan təmizlənməsi, mina təhlükəsinə dair maarifləndirmə və mina qurbanlarına yardım üzrə fəaliyyəti həyata keçirir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli Fərmanı ilə 1998-ci ildə yaradılmış Agentliyin əsasında yeni statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. Agentlik işğaldan azad olunmuş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, partlayıcı qurğulardan və qalıqlardan təmizlənməsi, həmçinin onların zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərir.

Agentlik hər il müxtəlif şəhər və rayonlarımızın məktəblərində şagird və müəllimlər üçün reallaşdırdığı mina təhlükəsinə dair maarifləndirmə proqramı çərçivəsində, eləcə də bu fəaliyyətin nəticəsi olaraq, minadan və müharibənin partlamamış qalıqlarından zərərçəkənlərin sayını minimuma endirməyə çalışır. Bütün tədbirlərin məqsədi bu günün işıqlandırılması ilə yanaşı, onun əhəmiyyətini gündəmdə saxlamaq və beynəlxalq günə həsr edilmiş fəaliyyətin əhəmiyyətini bir daha vurğulamaqdır. Eləcə də Azərbaycanda mina və müharibənin partlamamış qalıqları probleminin daha ciddi olmasını hamıya, həmçinin beynəlxalq ictimaiyyətə bəyan etməkdir.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları azad olundu. Bu ərazidə geniş quruculuq işlərini həyata keçirmək üçün mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatı aparılmalıdır. Ərazilərin partlayıcı maddələrdən tədricən təmizlənməsi isə milyonlarla vəsait, çoxsaylı peşəkar personal və böyük texniki resurslar tələb edir. Təhlükəli ərazilərin iqtisadi dövriyyəyə daxil edilməsi ərazidə yaşayacaq əhalinin gələcək rifahı üçün mühüm əhəmiyyət daşıyır.

Minaların təmizlənməsi prosesi, sadəcə həmin ərazidə yoxlama işlərinin aparılmasından ibarət deyil. Bu proseslər əsasən yoxlanılan ərazinin sərhədlərini müəyyənləşdirməsi, ərazinin sektorlara bölünməsi, ətrafdakı bütün görünən metal əşyaların ərazidən çıxarılmasını özündə ehtiva edir. Eləcə də səthin araşdırılması və bütün mühəndis kommunikasiyalarının müəyyənləşdirilməsi, potensial təhlükəli obyektləri müəyyənləşdirdikdən sonra onların çıxarılması, partlayıcı obyektlərin məhv edilməsi üçün ixtisaslaşdırılmış poliqona aparılması məsələlərini əhatə edir. Bunun üçün metal detektorlarından, trass axtarış vasitələrindən və geo-radarlardan istifadə edilir.

Keçmiş münaqişə zonasında və ya ona yaxın ərazilərdə mina təmizləmə ilə məşğul olan heyətləri hər an mina təhlükəsi gözləyir. Mina axtaran ömründə yalnız bir dəfə səhvə yol verə bilir. Bunun baş verməməsi üçün biz onları tələsdirməməliyik. İkincisi isə qeyri-qanuni yollarla işğaldan azad olunmuş ərazilərə gedərək mina təhlükəsini üzərimizdə sınaqdan keçirməməliyik. Hamımız bu fədakar insanların müqəddəs vəzifələrini daha keyfiyyətli və təhlükəsiz şəkildə yerinə yetirmələri üçün şərait yaratmalıyıq. Çünki hər birimiz Böyük Qayıdışın iştirakçısı olmaq, azad olunan əraziləri öz gözümüz ilə görmək istəyirik. Bu isə yalnız ərazilərimizi hərbi sursatlardan təmizləyən partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislərdən asılı olacaq. Bu işdə onlara mənəvi dəstək olmaq isə hər birimizin borcudur.