03 aprel 2021 16:29
1325

İşğaldan azad edilən ərazilərdə mobil hospitallar yaradılıb

Bu gün Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı brifinq keçirib.

“İki sahil” xəbər verir ki, F. Nəbiyev bildirib ki, Vətən müharibəsində Silahlı Qüvvələrin bütün növləri kimi, tibb xidməti, həkim heyəti də səfərbər olub.

Polkovnik vurğulayıb ki, Vətən müharibəsində şəhidlərimiz, yaralılarımız olub: “Yaralılarımızın tezliklə sağalması üçün əlimizdən gələni edirik. Döyüşlərin davam etdiyi dövrlərdə qoşunlarımız irəlilədikcə işğaldan azad edilən ərazilərdə mobil hospitallar yaradılıb, yaralı hərbçilərə müvafiq tibbi yardım göstərilib, ehtiyacı olanlar Baş Klinik Hospitala köçürülüb. TƏBİB-lə də sıx əməkdaşlıq etdik, həmin xəstəxanaların, o cümlədən, özəl klinikaların həkimləri dəstəklərini əsirgəmədilər".