Hərb tarixinin qəhrəmanlıq səhifələrindən olan və Azərbaycan Ordusunun Qələbəsi ilə bitən Aprel döyüşlərindən 5 il ötür
Bu, 12 may 1994-cü il atəşkəsindən sonra baş verən ən şiddətli döyüşlər idi. Aprelin 1-dən 2-nə keçən gecə təmas xətti boyunca Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri ermənilər tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən 2-si öldü, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirdi. Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 127 dəfə pozmuşdu. Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutuldu. Habelə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndi, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonu ərazisindəki yüksəkliklər vuruldu. Qısa müddət ərzində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər ordumuzun şücaəti nəticəsində ələ keçirilir. Aprelin 2-də 40 dəqiqə davam edən döyüş nəticəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıqla strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyini ələ keçirir. Döyüşçülərimiz Azərbaycan bayrağını Lələtəpə yüksəkliyinə sancırlar. Talış yaşayış məntəqəsindəki yüksəkliklərin ələ keçirilməsi ilə Tapqaraqoyunlu kəndi və Naftalan şəhərinin təhlükəsizliyi təmin edilir. Azərbaycanın müdafiə naziri Zakir Həsənov 2019-cu ildə verdiyi açıqlamada Azərbaycan Ordusunun ermənilərin qurduğu “Ohanyan səddi”ni 18 dəqiqəyə yardığını bildirmişdi.
Aprelin 4-ü Ermənistan itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur. Aprelin 5-də Ağdərə şəhərinə aparan əsas yol üzərindəki strateji baxımdan əhəmiyyətli Suqovuşan (keçmiş Madagiz) məntəqəsindəki hərbi bazanın qərargahını və "Yerkrapa" erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə endirilir. Erməni tərəfi bu zərbə nəticəsində 7 nəfərin öldüyünü təsdiq edir. Aprelin 5-də Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarılır. Ümumiyyətlə, Aprel döyüşlərində Ermənistana məxsus 30-dək tank, 320 erməni əsgəri məhv edilib, 500-dən artıq döyüşçü yaralanıb.
Aprelin 5-də saat 12:00-dan etibarən ermənilər geri çəkilir və əməliyyatlar dayandırılır. Azərbaycanın 2 min hektar ərazisi erməni işğalından azad edir. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madagiz) kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.
Bu döyüşlər zamanı, Azərbaycan Ordusu öz gücünü, qüdrətini düşmənə göstərdi, işğalçıların yarılmaz, keçilməz hesab etdiyi möhkəmləndirilmiş müdafiə xətlərini bir həmlə ilə keçdi. Azərbaycan Ordusunun Aprel döyüşləri zamanı ortaya qoyduğu əzm və iradə Ermənistan ordusunu sarsıtdı, onu geri çəkilməyə məcbur etdi. Azərbaycan Ordusu əməli surətdə sübut etdi ki, işğaldakı torpaqları azad etməyə qadirdir və heç bir qüvvə ona mane ola bilməz. Bu baxımdan Aprel döyüşləri düşmənə tarixi gözdağı və əbədi ibrət dərsi oldu. Lakin təəssüflər olsun ki, Ermənistan 2016-cı ildə yaşadığı bu acı məğlubiyyətdən lazımi dərs çıxarmadı. Əgər Ermənistan Aprel döyüşlərindən lazımi nəticə çıxarsaydı, işğalçılıq siyasətindən əl çəkər, nəticə etibari ilə indiki acınacaqlı, rüsvayçı duruma düşməzdi.
Artıq Aprel döyüşlərinin beşinci ildönümüdür. Torpaqlarımız düşmən işğalından azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Ancaq sadəcə bu gün deyil, illər, əsrlər sonra da Aprel döyüşləri, eləcə də bizi Zəfərə qovuşduran 44 günlük Vətən savaşı zamanı ordumuzun sərgilədiyi qəhrəmanlıq qürur hissi ilə yad ediləcək, fərəhlə xatırlanacaq.
Sevinc Azadi, “İki sahil”
“EFES - 2026” təliminə cəlb edilən hərbi qulluqçularımız Türkiyəyə yola düşüblər