31 mart 2021 00:44
914

Könüllü qəhrəmanların növbəti görüşü baş tutub

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə üzv təşkilatların nümayəndələrinin, könüllülərin və AKTİ katibliyinin iştirakı ilə “Könüllü qəhrəmanların mart görüşü” adlı onlayn konfrans keçirilib.

"İki sahil" xəbər verir ki, konfrans 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq faciə qurbanlarının xatirəsinə həsr olunmuş bir dəqiqəlik sükutla başlayıb. Daha sonra qonaq qismində dəvət olunan Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor Musa Qasımlı çıxış edərək xalqımızın başına gətirilən bu dəhşətli soyqırımı ilə əlaqədar tarixi faktları könüllülərlə bölüşüb, gənclərin 31 mart hadisələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rolunu qeyd edib, eləcə də Azərbaycanda könüllülük hərəkatının nəzərəçarpan inkişafını vurğulayaraq onların fəaliyyətlərinin hər zaman yüksək qiymətləndirildiyini bildirib.

Daha sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov çıxış edərək mart ayında könüllülər tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib. Bildirilib ki, könüllülər ay ərzində müxtəlif sosial kampaniyalarda və təbrik aksiyalarında iştirak edərək, şəhid olmuş şəxslərin ailələrinə, tənha, ahıl şəxslərə, aztəminatlı ailələrə baş çəkiblər. Bundan başqa, gənclərin xarici dil bilikərinin inkişaf etdirilməsi məqsədilə “Könüllülərin Fərdi İnkişaf Proqramı” layihəsi çərçivəsində müxtəlif mövzularda təlimlər baş tutub. Azərbaycan könüllüləri arasında ilk dəfə onlayn intellektual turnir keçirilib. Müxtəlif könüllü təşkilatları arasında münasibətlərin möhkəmləndirilməsi və gənclərin intellektual fəaliyyətə cəlb olunması məqsədilə keçirilən turnirdə 11 könüllü təşkilatını təmsil edən gənclər bilik və bacarıqlarını nümayiş etdiriblər.

Qeyd olunub ki, İttifaqın müxtəlif ölkələri təmsil edən könüllü təşkilatları ilə beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətləri davam edir. Qazaxıstanın Milli Könüllülük Şəbəkəsi (National Volunteer Network) ilə imzalanmış saziş əsasında könüllülük sahəsində əməkdaşlığın inkişafı istiqamətində bir sıra tədbirlər keçirilib. 19 mart tarixində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə könüllülərinin iştirakı ilə ilk dəfə olaraq türkdilli dövətlərin könüllülərinin onlayn həmrəylik görüşü baş tutub.

Konfransın sonunda könüllülərin təklifləri dinlənilib və növbəti aylarda görüləcək işlər müzakirə edilib. Qeyd edilib ki, AKTİ-nin fəaliyyəti çərçivəsində ölkədə könüllülük hərəkatının və könüllülərin müxtəlif istiqamətlərdə inkişafı məqsədilə mütəmadi tədbirlərin keçirilməsi davam etdiriləcək.