Xəbər verdiyimiz kimi, Türkiyədən alınan müasir tələblərə cavab verən mühəndis texnikası və avadanlıqlarının bir hissəsi ölkəmizə gətirilib. Belə ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT AŞ şirkəti tərəfindən yerli və milli imkanlarla istehsal olunan 20 ədəd MEMATT (Mexanik Mina Təmizləmə Təchizatı) Azərbaycana ixrac edilib. Texnikalar ötən gün Kayseridən yola düşən Türkiyə Hava Qüvvələrinə məxsus təyyarə ilə Bakıya çatdırılıb. Yeni alınan texnika və avadanlıqlar azad edilmiş ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilərək yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb ediləcək.
"İki sahil" xəbər verir ki, 500 metr məsafədən idarə olunan MEMATT (Mexanik Mina Təmizləmə Təchizatı) saatda 4 km sürətlə hərəkət edir. Torpağın 25 sm dərinliyinə enərək təmizləmə işləri apara bilən bu texnika 1,7 metr eni, 1 km uzunluğu olan ərazini 1 saat ərzində minalardan təmizləmə qabiliyyətinə malikdir. Ümumi çəkisi 12 560 kq, uzunluğu isə 6600 mm-dən çoxdur. Dizellə işləyən MEMATT-ın yanacaq tutumu 290 litrdir.
Mexanika Mina Təmizləmə Təchizatı uzaqdan idarə olunan, zəncirvari və parçalayıcı aparatlardan istifadə edə bilən yüngül sinif avadanlıqdır. Bənzərsiz bir dizaynla hazırlanan avadanlıq, piyada əleyhinə minaları zərərsizləşdirmək və eyni zamanda tarlada bitki örtüyünü təmizləmək üçün istifadə olunur.
Türkiyə istehsalı olan texnika balistik zirehlə gücləndirilmiş gövdəsi və aparatı sayəsində hər cür ərazidə müvəffəqiyyətlə işləmə qabiliyyətinə sahibdir. MEMATT sahə performansı, sürətli hissənin dəyişdirilməsi və çoxsaylı aparatın istifadəsi baxımından bir çox üstünlüklərə malikdir.
Qeyd edək ki, hazırda azad edilmiş ərazilərimizin minalardan təmizlənməsində Slovakiya istehsalı olan “Bozena-5” minatəmizləmə maşınından və Rusiyadan gələn minatəmizləmə qrupunun texnikalarından da istifadə olunur.