Azərbaycan Ordusunun Ermənistanın işğalından azad etdiyi tarixi ərazilərimizdə xidmət aparan əsgər və zabitlərimizin Türkiyənin Samsun vilayəti məktəbliləri tərəfindən göndərilən məktublara cavab olaraq göndərdiyi təşəkkür videosu şagirdlərin böyük sevincinə və qürur duymasına səbəb olub.
“İki sahil” xəbər verir ki, Samsun vilayətindəki Kocatepe ibtidai məktəbinin 2-C sinfinin şagirdləri və müəllim Səadət Tığlı bir müddət əvvəl Azərbaycan əsgərlərinə dəstək məktubları yazaraq, onlara hədiyyələr göndəriblər. Əsgərlərimiz isə şagirdlərə və onların ailələrinə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən hazırlanan video vasitəsilə təşəkkür ediblər. Şagirdlərin bu zərif təşəbbüsündən əsgərlərin duyduğu məmnunluğu əks etdirən videoda məktubların oxunduğu və samsunlu məktəblilərə Azərbaycandan təşəkkür və salam göndərildiyi qeyd olunub.
Videonu şagirdlərlə yanaşı, onların ailələri ilə izləyən müəllimə Səadət Tığlı ortaq tarixə, dilə və dinə sahib azərbaycanlı qardaşlarının yanında olduqlarını göstərmək üçün onlara dəstək məktubları və müxtəlif hədiyyələr göndərdiklərini bildirib. Azərbaycan Ordusu əsgərlərinin onlar üçün çəkdikləri videonun məktəblilərin böyük sevincinə səbəb olduğunu vurğulayan Səadət Tığlı deyib: “Bu, bizi son dərəcə qürurlandırdı və sevindirdi. Şagirdlərimizlə birlikdə göndərdiyimiz məktublardan sonra Azərbaycan Müdafiə Nazirliyindən aldığımız videokliplə son dərəcə qürur duyduq. Bir millət, iki dövlət olduğumuzu məktublarımız vasitəsilə Azərbaycan əsgərlərinə hiss etdirməkdən qürur duyuram. Hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq”.
Səkkiz yaşlı məktəbli Zeynəb Kaya Azərbaycan əsgərlərinə daim dua etdiklərini bildirərək hisslərini belə ifadə edib: “Məktubları yazarkən çox həyəcanlandıq. Onların göndərdiyi videonu izləyərkən ağladıq. Onları çox sevirik. Allah onları qorusun”.
Zeynəbin anası Nazan Kaya isə bu təşəbbüslə azərbaycanlı qardaşlarının yanında olduqlarını ifadə etmək istədiklərini diqqətə çatdıraraq deyib: “Bizim bir millət, iki dövlət olmağımız əbədiyyətə qədər davam edəcək. Millətimizin və əsgərlərimizin əzmi sayəsində daim qalib gələcəyik. Allah onları daim müzəffər etsin. Qardaşlarımızın göndərdiyi video bizi çox təsirləndirdi. Onların üzlərindəki sevinc hisslərini görmək bizi çox həyəcanlandırdı”.
Şagirdlərdən Berk Artul da məktubunda Azərbaycan əsgərlərini çox sevdiyini ifadə edərək yazıb: “Azərbaycan əsgərlərinin qalib gəlməsi və Zəfər qazanması üçün dua etdim. Allah onları qorusun. Bizə göndərdikləri videoya baxdıqca çox həyəcanlandım”.
Berkin anası Keziban Artul isə əsgərlərimizin məktublarını oxuduqları zaman üzlərindəki ifadədən çox təsirləndiklərini bildirib.
Şagirdlərdən Miraç Tilkici hisslərini belə ifadə edib: “Azərbaycanlı əsgərlərimizin Zəfər qazanması üçün Allaha dua etdim. Onları çox sevirəm. Bir əsgər qardaşımızın mənim məktubumu oxuyub sinəsinə taxdığını gördükdə çox fərqli hisslər yaşamışdım. Bu videoda da adımı eşitdikdə çox həyəcanlandım”.