12 yanvar 2021 17:56
1142

Nizami, Nəsimi, Füzuli kimi şəxsiyyətlər sistemli şəkildə öyrənilməlidir

“Nizami Gəncəvi ilə bağlı görüləsi işlər çoxdur: onun yeni əlyazma nüsxələri əsasında elmi-tənqidi mətni hazırlanmalı, ədəbi nüfuz dairəsinin yeni hüdudları müəyyənləşməli, Nizaminin Qərb dünyası ədəbiyyatına təsiri təfərrüatı araşdırılmalı, Nizaminin türk və fars dillərindəki divan ədəbiyyatında yeri dəyərləndirilməlidir. Amma artıq qeyd etdiyimiz kimi, bütün bunların bir il ərzində gerçəkləşdirilməsi mümkün deyildir. Bu il daha çox Nizaminin dünyada Azərbaycan şairi kimi öyrənilməsi və tanıdılması, Azərbaycanda isə mərkəzləşdirilmiş elmi dairələrdə fundamental araşdırmalar üçün bünövrələrin qoyulması, prioritet mövzuların müəyyənləşməsi, boşluq və uğurların dəyərləndirilməsi istiqamətində müzakirələrin təşkilini düşünmək olar”.

Bu sözləri “İki sahil”ə  açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva deyib.

S.Şıxıyevanın qənaətincə, “Nizami İli”ndə təşkilati işlər  problemləri bütün həqiqəti ilə görənlər tərəfindən idarə olunarsa,  dəyərli nəticələr əldə oluna bilər: “Yoxsa ki, bolşevizm düşüncəsi ilə çoxluq və kəmiyyət dalınca qaçmaq “Nəsimi İli”ndə olduğu kimi, həvəskar, diletant, qərəzli, iddialı, populist şəxslərin meydan suladığı bir illə bizi qarşı-qarşıya qoyar. “Nəsimi İli” boyunca qarşılaşdığım və müşahidə etdiyim problemlər belə bir qənaətə gəlməyə əsas verdi ki, Nizami, Nəsimi, Füzuli kimi şəxsiyyətlərin xüsusi mərkəzlərdə sistemli və ardıcıl şəkildə öyrənilməsinə böyük ehtiyac var. Ümid edirəm ki, nəhayət, bu kimi məsələlər də nəzərə alınacaq,  Azərbaycan elminin mühüm sahələrindən olan nəsimişünaslıq, füzulişünaslıq, nizamişünaslıq kimi mühüm sahələrə aid araşdırmaların beynəlxalq standartlara cavab verən səviyyəyə çatdırılmasına münbit şərait yaradılacaq, bu işlər yeri gəldikcə xarici mütəxəssislərlə birgə əməkdaşlıqla gerçəkləşdiriləcəkdir”.