12 yanvar 2021 16:07
487

2021-ci ilin “Nizami İli” elan olunması şairin şəxsiyyətinə diqqəti artıracaq

“Bu il Nizami Gəncəvinin adına görüləcək işlər sırasında şairin əsərlərini tərcümə deyil, orijinal əsasında araşdıran tədqiqatçıların elmi məhsulunu görmək istərdim. Çünki poetik və sətri tərcümə hər zaman şairin söz və düşüncə səviyyəsini açıqlamaq üçün yetərli olmur. Nizaminin farsca böyükhəcmli irsinin yeni elmi-tənqidi mətninə, həmin mətnlərin çoxcildli sözlüyünün hazırlanmasına, onun fikir dünyasının təftiş, “redaktə” və təhrif olunmadan öyrənilməsinə böyük ehtiyac vardır”.

Bu sözləri “İki sahil”ə açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva deyib.

O qeyd edib ki, bu saydığımız problemlərin həlli, məlum olduğu kimi, bir ildə mümkün deyildir: “Amma bu ilin “Nizami İli” elan olunması ölkəmizdə  onun şəxsiyyətinə diqqəti artıracaq, Azərbaycan xalqının nəzərləri sahib olduğu söz-fikir nəhənginin şəxsiyyətinə yönələcək, bu əsasda öz milli kimliyinə  hörməti artıracaqdır. Onunla eyni bir millətə mənsub olma, həqiqətən, izahı sözlərə sığmayacaq qədər qürurvericidir və il ərzində aparılacaq təbliğatlarda bu məqam da vurğulanmalıdır. Xaricilər üçün təbliğatda Nizami və Azərbaycan bağlılığı vurğulandığı kimi, Azərbaycanda da Nizami və milli kimlik məsələsi önə çəkilməlidir”.