12 yanvar 2021 15:53
1258

Nizami Gəncəvi yeni-yeni əsərlərin yaranmasında ideya sələfi olmuşdur

“Nizami Gəncəvinin sovet dövründə Renessans dövrünün şairi kimi öyrənilməsi, şairin əsərlərinin sosioloji təhlilinin aparıcı mövqedə olması, onun müxtəlif ideoloji sistemlərlə bağlanılması ənənələrinə son verilməli, şair öz dövrünün dili və düşüncəsi ilə danışdırılmalı və qəbul edilməlidir. Dahi şairin müxtəlif dini, ədəbi və mədəni düşüncə qatlarını ehtiva edən əsərləri tarixi zəmininə uyğun biçimdə öyrənilməli və tanıdılmalıdır. Onu hər dəfə bir ideoloji sistemin təbliğatçısına çevirmək kimi populist cəhdlər ciddi elmi düşüncənin məhsulu sayıla bilməz və sovet ideologiyasının şəkli dəyişmiş təzahüründən başqa bir şey deyil”.

Bu sözləri “İki sahil”ə açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva deyib.

S.Şıxıyeva bildirib ki, şairin nisbəsi, milli kimliyi, ailə üzvləri, dini və məzhəbi mənsubiyyəti, əsərlərinin həqiqi və hər zaman eyni təravətdə olan bədii dəyəri yenidən, lakin emosiyaya qapılmadan, obyektiv dəyərləndirilməlidir: “Bu gün Nizamidən bəhs edilərkən daha çox emosional yanaşma və subyektiv dəyərləndirmələr müşahidə olunur. Bu kimi baxış bucaqları ilə Nizamini dünya elmi fikrinə Azərbaycan şairi kimi təqdim etmək mümkünsüzdür. Elmi düşüncəmizi dünyaya inteqrasiya etmək istəyiriksə, hər şeydən öncə obyektiv olmalı, farsdilli ədəbi miras tarixindəki aparıcı mövqeyimizi də əsaslandırmalıyıq. Nizami Gəncəvi fars dilində yaratdığı poetik irs ilə təkcə şərqlinin deyil, qərblinin də bədii düşüncəsini istiqamətləndirmiş, yeni-yeni əsərlərin yaranmasında ideya sələfi olmuşdur. Bu mənada onun ədəbi şəxsiyyətinə sahib çıxmaqla Azərbaycanın siyasi, dini, fəlsəfi düşüncə tarixi və təbii ki, ədəbiyyat tarixindəki yerini də təbliğ və təlqin etmək mümkündür”.