12 yanvar 2021 13:53
771

Müvafiq illərin görkəmli şairlərimizin adına bağlanması təqdirəlayiq bir ənənədir

“Ölkə Prezidenti İlham Əliyevin periodik olaraq müvafiq illəri görkəmli  şairlərimizin adına bağlaması təqdirəlayiq bir ənənədir. 2019-cu ilin İmadəddin Nəsimi, 2021-ci ilin isə Nizami Gəncəvinin adı ilə bağlanması uzun illərdən bəri klassik irsin araşdırılması ilə məşğul olan bir tədqiqatçı kimi məni də çox sevindirir. Bu, həmin şairlərimizin ümumiyyətlə, bütün  bəşər övladına miras qoyub getdiyi fikri xəzinəyə sədaqət və hörmətimizi ifadə edir”.

Bu sözləri “İki sahil”ə açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva deyib.

S. Şıxıyeva bildirib ki, bu addımlar həmin görkəmli şəxsiyyətlərin mənəvi-əxlaqi dəyərlər daşıyıcısı olan ədəbi mirasının necə bir sərvət olduğunu aşkara çıxarmaq və digərlərinə də nümayiş etdirmək imkanı verir: “Mən öncələr də müsahibə və məqalələrimdə yeri gəldikcə klassik ədəbiyyatın strateji əhəmiyyətli sahələrdən olduğunu qeyd etmişəm. Bu, bizim tarixi keçmişimiz və gələcəyimiz arasında fikri körpü qurmağa imkan verən, ümumbəşəri bədii düşüncəyə istiqamətverici gücümüz və öncüllüyümüzü göstərməyə şərait yaradan bir sahədir. Buna görə də hər zaman diqqət mərkəzində olması mühümdür”.