12 yanvar 2021 12:39
1279

Nailə Mirməmmədlinin tələbəsi olmaq mənim yaradıcılıq fəaliyyətimin ən böyük uğurudur - FOTO

Yanvarın 4-ü heç zaman unutmayacağım bir tarixə çevrildi

“Azərbaycanın əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının üzvü, BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru, əziz müəlliməm Nailə xanım Mirməmmədli haqq dünyasına qovuşdu. Yalnız mənim üçün yox Azərbaycan musiqisi üçün də çox böyük itkidir. İlk görüşümüz dünənki kimi ağlımdadır. 2016-cı ildə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ilinə həsr edilmiş Ali təhsil müəssisələri arasında bədii yaradıcılıq festivalının seçim turu idi. Münsiflər heyətinin üzvlərindən biri də Nailə xanım Mirməmmədli idi. Hamı öz ifasını təqdim etdi. Növbə mənim idi. Çıxış etdim və Nailə xanım ifamı çox bəyəndi.  Nailə xanım festivaldan sonra məni evinə dəvət etdi. İlk dəfə Azərbaycanın mahnı janrına mükəmməl töhfələr vermiş Nailə xanım Mirməmmədlinin evinə gedirdim. Olduqca həyəcanlı idim. Nailə xanım məni gördü və royal arxasına keçdi. Üzeyir bəy Hacıbəylinin “Sənsiz” romansını oxudum, Nailə xanım da müşayiət etdi. Daha sonra mənə bir əsərini təqdim etdi. Sözləri Əhmədağa Şahinin, musiqisi Nailə xanım Mirməmmədlinin olan “Gəl ki” mahnısını. Mahnını dinlədim təbii ki, donub qaldım. Bu necə gözəl və ülvi musiqi idi. Mənəvi şok keçirmişdim. Mənə dedi ki, oğlum bu musiqini çoxdan yazmışam amma ifa edəcək bir ifaçı hələ yox idi. Sənin səsini eşidən kimi ağlıma ilk bu musiqi gəldi. Sevincimin həddi-hüdudu yox idi. Beləliklə, mənim Nailə xanım Mirməmmədli ilə ilk tanışlığım baş tutdu. Məşqlərimizi etdik, mahnının səsyazmasını bitirdik və tez bir zamanda üzə çıxardıq. Bu arada onu qeyd edim ki, səsyazma zamanı ifaçı mahnını ifa edən zaman istədiyi duyğuları almayana kimi səs yazmasını bitirməzdi bəzən olurdu ki, bir mahnının səs yazması həftələr çəkirdi.Lakin nəticədə ortaya mükəmməl bir iş çıxırdı. Əsərlərin ifasında bizə özünəməxsus melizmlər (melodiyanın ayrı-ayrı səsləri ətrafında gəzişmədən əmələ gələn melodik dönmələri)  etməyi öyrədirdi.

Bu fikirləri “İki sahil”ə açıqlamasında mərhum bəstəkar Nailə Mirməmmədlinin tələbəsi Aslan Əzimzadə söylədi.

Nailə müəllimə hər bir tələbəsinin həm də mənəvi anası idi...

Aslan Əzimzadənin sözlərinə görə, Nailə xanım əsərlərini özü oxuyaraq müğənnilərə təqdim edirdi və o qədər mükəmməl ifa ilə təqdim edirdi ki, insanın əli -ayağı donurdu: “Elə virtuoz kimi royalda ifa edirdi ki, elə bilirdin, canlı orkestr ifa edir. İndi də onun ifası yadıma düşür. Artıq başqa bir insanın fortepiano ifasına qulaq asa bilmirəm. Heç kəsdə o cür virtuoz formada piano ifasını görmürəm.O qədər böyük ürəyə sahib idi ki, gənclərə həmişə dəstək olurdu.  Hər bir tələbə onun övladı kimi idi. Bəzən hətta elə məsələlərim olub ki, evdəkilərə deməyə çəkinmişəm ürəyimdəki məsələləri Nailə xanım ilə paylaşmışam. Nailə müəllimə hər bir tələbəsinin həm də mənəvi anası idi.

Bu uğurumu da Nailə xanıma borcluyam

“Bir müddət sonra Nailə xanıma öz yazdığım əsərlərimi göstərməyə başladım. Heç cürət edə bilmirdim. İlk əsərimi göstərəndə çox həyəcanlı idim. Nailə xanım bəyənirdi. Bəyənməyən zaman onu o qədər incə ruhla insana deyirdi ki, insanın heç ruhu da incimirdi. Bəzən əsərdə müəyyən düzəlişlər etmək üçün iradları da olurdu. Nailə xanımı çox dinləməkdən yazdığım əsərlər də onun üslubunda idi. Deyirdi ki, oğlum qulaq as Tofiq Quliyevə gör bizim üslublarımız biri birimizə oxşayır? Mən öz üslubumu tapmışam sən də öz üslubunu tap. Nailə və Hikmət Mirməmmədli Tofiq Quliyevinin ilk və son tələbələri idilər. Onların əsərlərinin nə inki Tofiq Quliyevin əsərlərinə heç biri birilərinin əsərlərinə oxşamaması onların nə qədər böyük bəstəkar olduqlarını ifadə edir. Mən də əlimdən gələni edirdim ki, ona oxşamasın yazdığım əsərlərim. Nailə xanımdan aldığım bilgilərlə teatr tamaşaları üçün musiqilər bəstələməyə başladım. Bəstələrim bəyənildi və nəticə etibarilə mən Azərbaycan Teatr Xadimləri İttifaqının teatr bəstəkarı kimi üzvü oldum. Bu uğurumu da Nailə xanıma borcluyam.”- deyə Aslan Əzimzadə vurğulayıb.

 Bizim problemlərimizi öz problemləri kimi görürdü

Həmsöhbətimizin sözlərinə görə, Nailə xanım çox qonaqpərvər insan idi. Evlərinə gələn tələbələrini heç zaman çay içməmiş çörək yeməmiş buraxmazdı. Hamımızı məcbur edərdi. Hər bir tələbəsinin qayğısına qalırdı. Bizim problemlərimizi öz problemləri kimi görürdü. Əlindən gələn köməkliyi edirdi. O qədər gözəl insan idi ki, hər davranışı hər hərəkəti biz gənclərə örnək idi.

Tələbələrin ən sevimli müəllimi

Aslan Əzimzadə vurğulayır ki,  Nailə xanım, həmçinin gözəl pedaqoq idi. Nə qədər tələbə onun “əlindən su içib”. ADPU-da müəllim kimi çalışırdı. Tələbələrin ən sevimli müəllimi idi. O qədər həvəs yaradırdı ki, insanda insan yazmaq yaratmaq istəyirdi. Bir dəfə Nailə xanımın dərsində oturdun. Nailə xanım mahnıları xor üçün necə işləməli olduğunu öyrədirdi. O qədər həvəslə dərs keçirdi ki, evə gedən kimi Beatles qrupunun “Yesterday” mahnısını 4 səsli xor üçün işlədim və  Nailə xanıma dərhal təqdim etdim. Nailə xanım 2020-ci ildə Bakı Dövlət Universitetinin Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru vəzifəsinə təyin olundu. Məni də orada solist kimi çalışmağa dəvət etdi. Sevə-sevə qəbul etdim. Ustadım ilə bir müəssisə də işləməkdən qürurverici heç nə ola bilməzdi. Çox keçmədi artıq onlayn layihələrin icrasına başladıq. Nailə xanım yeni, biri birindən gözəl və möhtəşəm əsərlər yazdı mən də onları sevə sevə ifa etdim. BDU kollektivini çox sevirdi. Hər zaman yeni ideyalarla işə gələrdi. Düşünürdüm ki, bu qədər ideyanı insan necə düşünə bilər axı?

Mayın 23-ündə 60 illik yubileyi olacaqdı...

A.Əzimzadə qeyd etdi ki, onun yubileyinə ithaf etmək məqsədilə bir əsərin yazmağı düşünüb: “Əsərin giriş hissəsini cızmaqara etdim və Nailə xanıma göstərdim. Lakin, Nailə xanım özü bilmirdi ki, bu əsər onun yubileyi üçün yazılıb. Müəyyən düzəlişlərini verdi və düzəliş olunmuş versiyasını royal arxasında ifa etdi. İlk dəfə idi ki, Nailə xanım mənim əsərimdən bir parça ifa edirdi. Sevincimin həddi-hüdudu yox idi. Elə istərdim ki, bu əsərin hazır versiyasını eşitsin...”

Ən çox vətənpərvərlik mahnısı yazan bəstəkar idi

Həmsöhbətimiz  bildirdi ki, Vətən müharibəsi çərçivəsində Nailə xanım ən çox vətənpərvərlik mahnısı yazan bəstəkar idi. Dayanmadan çalışırdı. Şəhid xəbərlərini eşidəndə isə çox pis olurdu. Onların hər biri mənim balamdır deyirdi. Elə sonuncu klipində də deyildiyi kimi “Hər şəhid mənim balam, qəlbimdə sızlar yaram”. Sonuncu görüşümüz elə Nailə xanımgildə oldu. Milli Qəhrəman General-mayor Polad Həşimovun əziz xatirəsinə ithafən Baba Vəziroğlunun sözlərinə “General Polad” mahnısını yazmışdı. Mən də ifa etmişdim. Klipinin çəkilişi üçün müəyyən fikir mübadiləsi aparırdıq. Mütəmadi olaraq da telefonda müəyyən layihələrin icrasını da müzakirə edirdik.

Çox darıxıram səsi, ifası üçün, tövsiyələri üçün... 

Aslan bildirir ki, son danışıqları yanvarın 3-də oldu: “Yanvarın 5-i Nailə xanım ilə birlikdə efirlərin birində olacaqdıq. Bununla bağlı müəyyən məsələləri müzakirə etdik və bir daha nə nur üzlü müəlliməmin səsini eşitdim nə də ki onu görə bildim. Yanvarın 4-ü o acı xəbəri eşitdim. Dərhal özümü Nailə xanımgilə çatdırdım. O qədər ağır idi ki, mənə... Hər kəs üçün bütün Azərbaycan xalqı üçün böyük və ağır itki idi...  Amma mənim üçün başqa cür idi. İnanın bu sözləri demək indi mənə necə çətindi... Həyatımda ilk dəfə çox ağır bir hadisə ilə qarşı-qarşıya idim. Bilmirdim nə edim. Heç indi də özümə gələ bilmirəm. Çox darıxıram səsi üçün, gülüşü üçün, ifası üçün, tövsiyələri üçün...  Onun yaradıcılığını ən gözəl bilən şəxslərdən idim. Onun yalnız mahnı janrında yox simfonik janrda da necə görkəmli bəstəkar olduğunu yaxından bilən şəxslərdən idim. Sözün əsl mənasında itirdik. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsini itirdik... Nailə Mirməmmədlinin tələbəsi olmaq mənim yaradıcılıq fəaliyyətimin ən böyük uğurudur. Heç zaman qəlbimdən çıxmayacaq olan ustadım, Allah sizə rəhmət eləsin. Məkanınız cənnət olsun... Ailəsinə səbr diləyirəm...”

Yaqut Ağaşahqızı, “İki sahil”