Ulu öndər Heydər Əliyev ədəbiyyat sahəsini də hər zaman diqqət mərkəzində saxlayıb, ədəbiyyatımızın bütün dünyada təbliğ olunmasına önəm verib. Təsadüfi deyil ki, 1970-ci illərdən etibarən ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başlayıb. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Nizami Gəncəvinin həyatı və yaradıcılığının mükəmməl şəkildə öyrənilməsində də ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətləri var. Ulu Öndərin siyasi hakimiyyətinin ilk illərində onun təşəbbüsü ilə qəbul edilən "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında”kı qərarından sonra dahi söz ustadının yubileyləri davamlı olaraq qeyd edilib, adı əbədiləşdirilib. 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami Gəncəvi irsinin və ümumən orta əsrlər Azərbaycan ədəbiyyatı və mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır.
Ulu öndər Heydər Əliyevlə başlanan ənənələr Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.
Dövlətimizin başçısının son dövrlərdə bu istiqamətdə imzaladığı müvafiq qərar və sərəncamlar klassik ədəbiyyat nümayəndələrinin daha yaxından tanıdılmasına xidmət edir. Belə ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib. Bu, dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsinin, Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir. 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi həm də, ölkəmizdə klassik ədəbi irsimizin, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılması, təbliğ edilməsi sahəsində atılan növbəti addım kimi dəyərləndirilir. Ümumilikdə isə Prezident İlham Əliyevin ədəbiyyatımızın görkəmli nümayəndəsi Nizami Gəncəvi irsinə göstərdiyi böyük diqqət və qayğı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisə hesab olunur.
Görünən odur ki, böyük Nizami Gəncəvinin irsini təbliğ edən layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə davamlı olacaq. Bu il dahi şairin nəinki Azərbaycan xalqına, eyni zamanda, bütün bəşəriyyətə verdiyi misilsiz töhfələrə, zəngin yaradıcılığına yenidən baxış ili kimi tarixə yazılacaq. Sərəncama əsasən, il ərzində Azərbaycan Respublikasının Nazirlər Kabineti “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Qeyd edək ki, artıq “Nizami Gəncəvi İli” çərçivəsində ilk tədbir keçirilib. Belə ki, yanvarın 6-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli şairin yaşayıb yaratdığı doğma şəhəri Gəncədə bir qrup hərbi qulluqçu Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar keçirilən bütün tədbirlərdə böyük ustadın sənət xəzinəsinə yenidən nəzər salınacaq, yetişən nəsilə təqdim olunacaq. Nizami yaradıcılığı dərindən tədqiq olunduqca, bütün dolğunluğu ilə öyrənildikcə, daha böyük tərbiyəvi əhəmiyyət kəsb edir. Əsərlərində ümumbəşəri fikirləri yüksək poetik məharətlə ifadə edən mütəfəkkir şair Azərbaycan ədəbiyyatının nadir simalarından biridir. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətə malikdir.
Politoloq Elçin Mirzəbəylinin qənaətinə görə, Nizami Gəncəvi təkcə Azərbaycanın deyil, bütövlükdə dünya ədəbiyyatının böyük simalarından biri və ilkin humanizm prinsiplərinin təşəkkül tapmasında böyük xidmətləri olan ədibimizdir: “Bu baxımdan tarixdə Nizami ilə eyni sırada dayanacaq ikinci, şair və fikir adamı yoxdur. Bu, bütün dünya tərəfindən etiraf olunub. Nizami Gəncəvinin poeziyası Azərbaycan xalqının 880 il bundan öncə də humanizm ideyalarının daşıyıcısı olduğunun göstəricisidir. Bu amilin qabardılması həm də, böyük ədibə nə qədər dəyər verilməsi baxımından Azərbaycanda bu il 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması mühüm əhəmiyyət kəsb edir. Bu, eyni zamanda, Azərbaycan Prezidentinin ədəbiyyatımıza verdiyi yüksək qiymətin göstəricisidir”.
Nigar Orucova, “İki sahil”
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?