05 yanvar 2021 19:05
1383

Azərbaycan Ordusu bəşəri qələbəsini tarixləşdirdi

Ordu quruculuğu

 

Dövlətin müstəqilliyini ordusu qoruyur. Müharibədə, müharibə şəraitində ordu həm döyüşür, həm də dövlətin müstəqilliyini, ərazi bütövlüyünü qoruyur. Azərbaycan Ordusu bu funksiyaları-dövlətə, dövlətçiliyə sədaqətlə yerinə yetirir.

Azərbaycanda nizami ordu quruculuğu böyük tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider respublikada siyasi sabitliyi bərqərar etdi. Vətəndaş müharibəsinin qarşısını aldı. Bu, ordu quruculuğunun elmi əsaslarla inkişaf etdirilməsinə əlverişli şərait yaratdı. Bu inkişaf 1993-cü ilin dekabrında başlayan, 1994-cü ilin yanvarın 6-da başa çatan Horadiz əməliyyatında qazanılan qələbə ilə tamamlandı. Bu qələbə ictimaiyyətin orduya, ordunun özünə inamını artırdı. Bu inam sonrakı illərdə ordunun Ali Baş Komandanın sərkərdəliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyinə inamı səviyyəsində formalaşdı...

Son illərdə müxtəlif təyinatlı, müxtəlif xarakterli təlimlər, silahlanmaya ən müasir müxtəlif hərbi texnikaların, uçuş aparatlarının, qurğularının daxil edilməsi ordunun şəxsi heyətinin döyüş hazırlığını, Ali Baş Komandanın varisliyə sədaqət kimi ön xətdə, səngərlərdə əsgər və zabitləri dinləməsi, onlara tövsiyələr verməsi Ordunun mənəvi-psixoloji hazırlığını yüksəltdi. Bu yüksəliş döyüş əzminin, qələbə ruhunun artmasında da vasitə oldu.

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin münaqişənin həllində məsuliyyətsizliyi işğalçı dövlətin status-kvonu saxlamağa ciddi cəhd göstərməsinə səbəb oldu. Prezident İlham Əliyev qətiyyətlə bildirdi ki, Azərbaycan xalqı və Azərbaycan dövləti ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəkdir. Bu bəyanat dövlətin Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasətinin başlıca istiqaməti idi.

Azərbaycan Ordusu 2016-cı ilin aprelində Ermənistan silahlı birləşmələrinin irimiqyaslı təxribatının qarşısını qətiyyətlə alaraq, döyüşlərlə Lələtəpə, Bayraqtəpə kimi mühüm strateji yüksəkliklər də daxil olmaqla min hektarlarla ərazini ermənisizləşdirdi. Başlanğıcı 1994-cü ildə Horadiz əməliyyatı olan qələbə inamı 2016-cı ilin aprelində daha da artdı. İctimaiyyət əmin oldu ki. ordumuz Ali Baş Komandanın sərkərdəliyi ilə torpaqlarımızı işğaldan azad edəcək, işğalı sonlandıracaq. 2020-ci ilin iyul döyüşləri bu inamın davamı oldu...

Azərbaycan Respublikasının Prezidenti sentyabr ayının 27-də xalqa müraciətində bildirdi: Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var...”. Bu bəyanat Azərbaycan Ordusunun ədalətli müharibə apardığının təsdiqi oldu...

         Azərbaycan Ordusu düşmənin hücumunun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam etdirildi. Ali Baş Komandan bu döyüşlərin mahiyyətini dünyanın aparıcı dövlətlərinə, işğalçı dövlətin havadarlarına “Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz...” kimi məntiqli, məfkurəvi bəyanat ünvanladı. Bu bəyanat Azərbaycan Ordusunun Vətən uğrunda döyüşdüyünü açıqlayırdı. Azərbaycan Ordusu Vətən naminə döyüşürdü. Azərbaycan Ordusu azərbaycançılığın yaşarılığı üçün döyüşürdü. Azərbaycan ordusu torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşürdü. Azərbaycan Ordusu qaçqınların el-obasına dönüşü üçün döyüşürdü. Azərbaycan Ordusu şəhidlərin ruhuna gözaydınlığı üçün döyüşürdü...

       Vətən müharibəsində xalqın orduya inamı da döyüşçüydü...

Döyüşçülərimiz hər döyüşü son döyüş bilib döyüşürdü. Bu döyüşlər vətənpərvərliyin işğalçılığa qarşı döyüşüydü. Mayor Ruslan Novruzovun bir xatırlamasını dinlədim: Yaralanmış əsgər yaralandığına deyil, döyüşlərdən uzaqlaşdırıldığına təəssüflənirdi. Yaralandığını gizlətmək istəyənlər də olurdu. Əsgər Qasımov ayağından yaralanıbmş. Yarasını özü sarıyır döyüşü davam etdirir və yenidən o yaralı ayağından qəlpə yarası alır. Bu döyüş əzmiydi, qələbə ruhuydu. Vətən müharibəsi belə döyüşənlərin, belə döyüşlərin müharibəsiydi. Ona görə qüdrətli tarix yazdı...

Oktyabrın 3-də Suqovuşan işğaldan azad edildi...

Qələbə ruhu döyüş əzmindən boy göstərənlər boyu cəsarətsizliyi, qorxaqlığı boyda olanların müdafiə dedikləri səddi darmadağın edə-edə döyüşürdü...

Ayaqları altından qaçan torpaq erməniliyə yoluxmuşların, ermənilik daşıyıcılarının çoxunun son nəfəsindən çimçəşirdi...

Oktyabrın 4-də Cəbrayıl işğaldan azad edildi...

Vətən müharibəsi bəşəri niyyətlə yaşayanlarla terrora yoluxanların döyüşüydü. “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!” bəyanatının döyüşüydü,...

Oktyabrın 17-də Füzuli işğaldan azad edildi...

Gücü, qüdrəti, qətiyyəti, dövlətə, dövlətçiliyə sədaqəti vətənpərvərliyindən güc alan Azərbaycan əsgəri Vətən müharibəsinə dünyanın ən güclü ordularından biri kimi başladı...

Oktyabrın 21-də Zəngilan işğaldan azad edildi...

Vətən müharibəsində döyüşə-döyüşə qələbələr qazanan, qələbələr qazana-qazana döyüşən  Azərbaycan ordusu tarixin sinəsinə tarix yazırdı...

Oktyabrın 25-də Qubadlı işğaldan azad edildi...

 

Ömrüm, yaşım Şuşadı,

Can sirdaşım Şuşadı.

Qarabağ – canamazım,

Möhür daşım Şuşadı, –

 

deyib döyüşənləri Tanrı uğurlamışdı: noyabrın 8-də Şuşa işğaldan azad edildi...

Şuşanın işğaldan azad edilməsi müharibələr tarixində fenomen döyüş kimi tarixləşdi. Rusiya mətbuatının, tarixi ədalət əsasında təqdim etdiyi informasiya hamının diqqətini çəkir: “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar”. Və Azərbaycan bayrağı Cıdır düzünün göylərinə yayıldı. Bayrağımızın şəhanəliklə dalğalanması sanki dünyaya deyirdi: “Biz varıq! Biz var olacağıq!”... 

Azərbaycan Ordusu qələbə qazandı. Torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”. Bu kəlmələr qələbəni ümumiləşdirdi. Bu müraciət xalqa gözaydınlığı oldu...

Dekabrın 10-da Azadlıq meydanında Zəfər paradı keçirildi. Bu parad Azərbaycan Ordusunun qalibiyyətinin tarixləşməsiydi. Bu paradda 150-yə qədər hərbi texnika, o cümlədən silahlanmaya yeni daxil edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlər nümayiş etdirildi. Bunlar Azərbaycan Ordusunun qüdrətinin nəyə istinad etdiyinin göstəricisi kimi izlənildi...

Vətən müharibəsində Qələbə tarixi qələbədir.

Vətən müharibəsində qazandığı Möhtəşəm Qələbə Azərbaycan ordusunun Vətənə hesabatıdır.

Prezident İlham Əliyevin  “Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir” fikirlərini Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın duyğusal çıxışı tamamladı. Həm də türklüyün bu müharibədə qazanılan qələbəyə münasibətinin ifadəsi kimi səsləndi: Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır. Nə gözəl niyyətdir, nə gözəl qətiyyətdir, nə gözəl məhəbbətdir!..

 

Rəşid Faxralı