27 dekabr 2020 19:37
984

Moskvada “İRS-Naslediye” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Moskvada “İRS-Naslediye” jurnalının növbəti nömrəsi çapdan çıxıb.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, jurnalın 2020-ci ildə sonuncu nömrəsi Azərbaycanın İkinci Qarabağ müharibəsində şanlı qələbəsinə həsr olunub.

Nəşrin baş redaktoru Musa Mərcanlı “Otuz illik yolun qələbə ilə başa çatan sonu” adlı məqaləsində yazır ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ermənistan qoşunlarını tamamilə darmadağın edərək 44 günlük müharibədə Qələbə qazandı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Dağlıq Qarabağ münaqişəsinin tarixi, ikinci Qarabağ müharibəsinin gedişatı barədə oxuculara ətraflı məlumat verən M.Mərcanlı qeyd edib ki, Azərbaycanın qələbəsi, sözsüz ki, regionda yeni reallığın yaranmasına səbəb olub. Eyni zamanda, baş redaktorun fikrincə, münaqişənin səbəb və məqsədləri, erməni təcavüzünün nəticələri hələ uzun müddət ciddi araşdırmaların mövzusuna çevriləcək.

Jurnalın yeni nömrəsində Azərbaycan Prezidenti İlham Əliyevin müharibənin gedişi dövründə Rusiyanın iki nüfuzlu informasiya agentlikləri olan TASS və “İnterfaks”a müsahibələri oxucuların diqqətinə təqdim edilib. Bundan əlavə, jurnalda Rusiya Prezidentinin son bir neçə ayda Qarabağ zonasında vəziyyətlə əlaqədar verdiyi müsahibələrdən sitatlar da yer alıb.

Jurnal Ermənistan hakimiyyətinin Azərbaycana qarşı törətdiyi terror aktları barədə “Gəncə-2020. Ermənistanın dövlət terroru” başlığı altında silsilə fotomateriallar dərc etməyə başlayıb. İlk olaraq oktyabrın 17-də Gəncəyə raket hücumu zamanı baş vermiş hadisələrin fotoreportajı təqdim edilib.

Sergey Krılovun “2020-ci ilin çiskinli payızı” məqaləsi Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları üçtərəfli bəyanat əsasında Azərbaycan torpaqlarını tərk edən ermənilərin qeyri-insani davranışlarına həsr olunub. Müəllif yazır ki, bu insanlar müvəqqəti yaşadıqları torpaqlarla doğmalıq hiss etmədikləri üçün özlərindən sonra həyat deyil, kül qoyub gediblər. “İşğal olunmuş torpaqlara köçürülmüş və başqalarının evlərində yaşayan insanlar əvvəl-axır bu torpaqları tərk edəcəklərini anlamalı idilər”, - deyə müəllif yazır.

Nəşrdə, həmçinin Nikolay Qoroxovun tərcüməsində Nəsib Nəbioğlunun “Xarı bülbül” şeiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun “Xudavəng alban monastırı saxtakarlıq kontekstində” məqaləsi və digər maraqlı tarixi materiallar yer alıb.