26 dekabr 2020 00:54
1241

Marneulidə aşıq Kamandar Əfəndiyevin ev-muzeyi əsaslı təmir olunur

Azərbaycan dövləti mədəniyyətimizin, xüsusən ozan-aşıq sənətinin inkişafına, bu sahədə çalışanlara, inkişaf etdirənlərə diqqət və qayğı göstərib. Xüsusilə də korifey sənətkarlar harada yaşamasından asılı olmayaraq, hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstanın Borçalı bölgəsindən olan ozan-aşıq sənət fədailəri də diqqətdən kənarda qalmayıblar.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu məqsədlə Marneuli rayonunun Kəpənəkçi kəndində, ozan-aşıq sənəti ustalarından biri olan, korifey sənətkar aşıq Kamandar Əfəndiyevin ev-muzeyində olub.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqanın da iştirakı ilə keçirilən görüşdə bildirilib ki, ustad bu əbədiyaşar sənətin zənginləşməsi və inkişafında misilsiz xidmətlər göstərib. Borçalı aşıq məktəbinin yetirməsi olan Aşıq Kamandar 1984-cü ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” adına, 1999-cu ildə isə Gürcüstanın yüksək mükafatı olan “Şərəf” ordeninə layiq görülüb. 2012-ci ildə sənətkarın 80 illik yubileyi həm Tbilisi, həm də Bakı şəhərlərində dövlət səviyyəsində qeyd edilib. Elə həmin ildə Aşıq Kamandarın ev-muzeyi yaradılıb və 2013-cü ildə orada büstü qoyulub.

Qeyd olunub ki, Aşıq Kamandarın ev-muzeyi bu yaxınlarda Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstan nümayəndəliyi tərəfindən dünya muzeyləri standartlarına uyğun olaraq təmir edilir. Təmir işlərini TİKA-nın Gürcüstan üzrə əlaqələndiricisi Necla Demirdağın rəhbərliyi ilə Gürcüstanda muzeylərin bərpası və qurulması üzrə təcrübəli mütəxəssislər aparır. Təmir işlərinin məsləhətçisi folklorşünas, professor Mahmud Kamaloğludur.

Faiq Quliyev və Fatma Ceren Yazqan muzeydə görülən işlərlə yaxından tanış olub, türk xalqlarına məxsus olan ozan-aşıq sənətinin tarixi, bu sənətin bölgədəki digər xalqlara təsiri barədə fikir mübadiləsi aparıblar.

Diplomatlar muzeylə bağlı tövsiyələrini verib, gələcəkdə də bölgədə olan belə mədəniyyət ocaqlarının fəaliyyətinə hər cür dəstəklərini verəcəklərini vurğulayıblar.

Ev-muzeyinin gələn ilin əvvəllərində yenidən sənətsevərlərin ixtiyarına veriləcəyi gözlənilir.